Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 01:54

Əvəz Zeynallı: «İndi mətbuat hətta Əli Həsənovu da tənqid edə bilmir»


Əvəz Zeynallı
Əvəz Zeynallı

-

2011-ci ildə beynəlxalq və yerli hüquq müdafiəçilərinin azadlığını tələb etdiyi siyasi məhbuslardan biri də Əvəz Zeynallı idi. İri məbləğdə rüşvət almaq ittihamı ilə həbs edilən jurnalist iki ildən sonra 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Özü və hüquq müdafiəçiləri həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edirdi.

9 il olmasa da, 3 il həbsxana həyatından sonra – ötən ilin sonunda azadlığa çıxan jurnalistlə söhbəti təqdim edirik.

- Əvəz bəy, həbsxana həyatınız neçə keçdi, qısaca təsvir edərdiniz?

- Arif Hacılı o vaxt mənim məhkəməmə gələndə anama demişdi ki, «ay ana, darıxmayın, nə vaxtsa Əvəz çıxacaq və o çıxandan sonra elə biləcəksiniz ki, heç ümumiyyətlə, həbsxana olmayıb». O söz həmişə mənim yadımdadır, elə təxminən elədir. Həbsxana yaşandığı illərdə çətinliyini, ağrı-acısını hiss etdirir adama. Həbsxana həyatı bitdimi, sanki heç elə bir şeylər yaşamamısan. Mənim həbsxana illərim normal keçib deyə bilərəm. Xüsusi əzab əziyyət, işgəncə olmayıb.

Əvəz Zeynallı kimdir

Əvəz Zeynallı kimdir

Əvəz Zeynallı 1970-ci ildə Ermənistanın Göyçə mahalının Ağbulaq kəndində anadan olub. Ankara Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2002-ci ildən həbsinədək «Xural» qəzetinin baş redaktoru olub.

Əvəz Zeynallı Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. O, hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub.

2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.

- Bəs psixoloji durum?

- Təbii ki, psixoloji baxımdan dəhşətli bir şeydir. İnsanın azadlığının məhdudlaşdırılması anlayışının nə demək olduğunu əslində həbsdə başa düşürsən. Yaşamasan, görməzsən. Azadlığın bir gün belə məhdudlaşdırılması dəhşətlidir. Ona görə də, düşünürəm ki, insanlara, xüsusilə də siyasi məhbuslara çox uzun müddətə həbs cəzası verməyə dəyməz. Buna ehtiyac yoxdur. Düşünən adamın əllərinə qandal taxıldısa, insan təkadamlıq otaqlarda qaldısa, təcridxanalara düşdüsə, o sistem və proseduru gördüsə, onun bir günü bir əsrə bərabərdir. Mən ilk həbs olunduğum dəqiqələrdə dərhal anladım ki, bura uzun müddətə gəlmişəm və özümü ona hazırladım.

- Bildiyimə görə, həbsxanada gündəlik də yazmısınız.

- Həbs olunduğum gündən hər gün gündəlik yazmışam. 1158 günün gündəliyi, 3603 səhifədir. Çox nəhəng bir materialdır ki, indi onu gündəlik halına salıb çap etmək bir problemdir. Orda nələr yoxdur ki?! O, artıq əsl həbsxana yazıları olacaq. Çünki həbsxanadan çıxandan sonra o barədə yazmaq mümkün deyil, o, effekti vermir. Azadlıq ümidi yox, telefon, görüş yox, ancaq bir vəkilin ümidinə qalmısan, o da kefi istəsə, heç gəlməz. Sən bütün bu hisləri yaşadığın anda yazırsan.

- Oxuculara nə vaxt təqdim edəcəksiniz gündəliyinizi?

- Bütün gücümlə üzərində işləyirəm. Həddən artıq çoxdur material və hamısı da əlyazmadadır. Birinci mərhələ olaraq onları elektron varianta salmalıyam. Hesab edirəm ki, bu, Azərbaycan siyasi məhbuslarının tarixinin ən təsirli kitabı olacaq.

- Onları həbsxanada ikən qələmə almaqda bir maneçilik yaradılmadı ki sizə?

- Yox, ümumiyyətlə, mənə qarşı bir qaba davranış olmayıb. İşgəncə onu hesab edirəm ki, dəfələrlə müraciətlərimə baxmayaraq, mənə noutbuk verilmədi. Qələmlə yazdım və bu mənə çox əziyyət verdi, bəzən barmaqlarım qanadı da, suluqladı da. İndi qələmi görəndə sanki qorxuram ondan. Mən həbsxanada olanda həm də hər günün qəzetlərini almışam və onları bir növ monitorinq etmək imkanım olub. Bütün bunları da gündəliyə salmışam. Niyə, nədən yazmadıqlarını, bizi necə öldürdüklərini, mövzunu necə gömdüklərini, kimlər həbs olunacaqla bağlı təxminlərimi – bütün bunların hər birini qeyd etmişəm. Və deyim ki, kimlərin həbs olunacağını təxmin etmişdimsə, hamısı da baş verdi, bircə İntiqam müəllimin həbsini gözləmirdim.

- Azadlıqda yazan jurnalistlə həbsdə yazan jurnalistin fərqi nədədir?

Əvəz Zeynallı məhkəmədə
Əvəz Zeynallı məhkəmədə

- Çox fərqlidir. Həbsxana həm də məsuliyyətdir. Azadlıqsa bir az məsuliyyətsizlikdir. Azadlıqda insan bəzən elə hərəkətlər edir ki, onun fərqinə varmır. Həbsxana isə sənin üçün tamam başqa bir dünya açır, orada yalana yer yoxdur. Çünki orada sərt reallıq var. Həm də insanın azadlığa ümidi olmayınca, azadlıq onun üçün son dərəcə mücərrəd, əlçatmaz olunca, nəyi gizlədə bilərsən ki? Hər şeyi olduğu kimi, çılpaqlığı ilə yazırsan. Azadlıqda nəyisə yazanda düşünürsən ki, kimləsə sabah üz-üzə gələ bilərsən, kimisə müəyyən qədər qorumağa çalışırsan və s. Həbsxanada isə bütün bunlar yoxdur. Həbsxana adama məsuliyyət verir. Məsələn, yazdığımız elə şeylər olub ki, indi onu yazmaq olmaz. Bir az adamı ağıllandırır həbsxana.

- Bəs yazdığın bir də səni həbsə apara bilər deyə bir qorxu hissi də yaradırmı?

- Həqiqət varsa, qoy adamı ora yüz dəfə aparsın. Yetər ki, həqiqət olsun. İnsan niyə rahatdır, niyə bizə «siyasi məhbus», «vicdan məhbusu» dedilər, çünki ortada cinayət yoxdur. Onun verdiyi rahatlıqdır ki, məsələn, mənə 9 il verəndə, ağlayan anama, yaxınlarıma dedim ki, «niyə ağlayırsınız, ittihamın həqiqət olmadığını, həbsin uzun olmayacağını bilirik». Düzü, ilk vaxtlar 3 ildən sonra çıxacağıma inanmırdım. Ora dirilərin ölüxanası kimi bir yerdir. Sanki o biri dünyadan baxırsan ki, dostların, həmkarların səni necə satır, kimlər qorxur, hətta salam belə vermir. Bunlar hamısı insan üçün çox böyük bir dərsdir. Mən bir şeyi daha dərindən anladım: yazdığın həqiqətdirsə, yüz dəfə də həbs olunmaq olar.

- Gülər Əhmədovanın həbsi xəbərini necə qarşıladınız?

- Təxminən bilirdim həbs olunacağını. 2012-ci il iyulun 2-də Gülər Əhmədova ilk və son olaraq mənim məhkəməmə gəldi, çox qalmaqallı bir məhkəmə prosesi oldu, məni çox hədələdi. Onda ona dedim ki, «sən də burda olacaqsan». Onda prokuror, hakim və Gülərin özü mənə güldü. Bu, Elşad Abdullayevin yaydığı videolardan 4 ay əvvəl baş verdi. Mən bu insanların nə boyda cinayətin içində olduğunu bilirdim. Amma həbsinə sevinmədim. Sadəcə, ilahi təcəlli kimi oldu mənim üçün. Mən dinə bir qədər fərqli yanaşıram. Bu proseslərin içində sanki tanrını gördüm. Yəni, mənə göstərdi ki, «bax, mən varam». Çünki həddən artıq köməksiz, imkansız, azad və müstəqil bir adamı bir dövləti idarə edən iri məmurlar və onların əlində alət olan deputatlar şərləyir. Yəni, burda heç bir çarə yoxdur, pulla, imkanla həll olunacaq bir şey deyil. Sanki bütün bu şeylərin içində tanrı əsəbiləşdi. Tanrı adətən çox uzun müddətdən sonra haqqı yerinə qoyur, amma məndə tanrı sanki o qədər əsəbiləşdi ki, öz nizamını da pozdu və tez bir zamanda hər şeyi yerbəyer etdi. Sadəcə sakitcə gözlədim ki, görüm o, (Tanrı – red.) nə edəcək. Gülər xanım mənə nə yaşatdısa, hamısı öz başına da gəldi. Ona görə mən bu məsələyə sevinmədim, ancaq tanrının işi kimi baxdım, hətta artıq-əskik fikirləşməyə də qorxdum ki, birdən tanrını əsəbiləşdirərəm.

- Bundan sonrakı fəaliyyətiniz barədə nə deyə bilərsiniz, planlarınız nədir?

- Mən həbsxanadan çıxandan sonra gördüm ki, Azərbaycanda nəyisə planlaşdırmaq belə çətindir. Bu ölkədə kartofu, soğanı monopoliyaya alanlar sözü də monopoliyaya alıblar. Ciddi senzura yaranıb, müstəqil media yoxdur. Bir-iki dövlət qurumu var, hansı xətti cızırlarsa, odur. Mən tamam başqa bir mətbuat düşünürəm, monopoliyanın olmadığı, müstəqil yazarların, qəzetlərin olduğu bir mətbuat. Çalışacağam ki, alternativ media qurumları yaradaq. Dövlətdən yox, alternativ maliyyələşən bir media.

- İşlər gedirmi bu istiqamətdə?

- Çox az. Həm resurs azdır, həm də adamlar. Amma təbii ki, gedir.

Əvəz Zeynallı
Əvəz Zeynallı

- 2014-cü il sizcə, mətbuat üçün necə bir il oldu?

- Ümumiyyətlə, 2011-ci ildən sonra tamam başqa bir mərhələ başladı. Hesab edirəm ki, həbsimdən sonra əvvəlcə mətbuat, sonra da vətəndaş cəmiyyətində çox kardinal mərhələ başladı. Təkcə 2014 yox, 2013 və 2012 də mətbuat üçün o qədər ağır, qara olub ki, belə deyərdim, biz son nümunələr olduq. Bizim dövrümüzdə dövlət məmurları, dövlətin başında duranlar çox rahat tənqid oluna bilirdi. İndi mətbuat hətta Əli Həsənovu da tənqid edə bilmir. Getdikcə vəziyyət daha da ağırlaşır. Dövlət ABŞ Konqresinin radiosunu bağlaya bilirsə, azad «Xural»ın açılmasına imkan verərmi? Əlbəttə verməz. Amma istənilən halda mübarizə davam etməlidir. Ona görə media ilə bağlı, həbsdə olan siyasi məhbuslarla bağlı planlarım var. Bu ölkədə 100-dək siyasi məhbus var, amma neçəsini tanıyırsınız? İnsan siyasi məhbusdursa, onu hamı tanımalıdır.

- Sizcə, onların tanıdılması istiqamətində işlər yetərli deyil?

- Çox yetərsizdir. 3-5 adamı müdafiə etmək, 3-5 adamı gündəmə çıxarmaq qəhrəmanlıq deyil. Leyla Yunusu, Rəsulu hamı tanıyır. Onların hamısı haqqında tanıtım işləri aparılmalıdır. Onların hüquqları müdafiə olunmalıdır. Bunların hər biri ilə ayrı-ayrılıqda məşğul olan bir qurum yoxdur. Mən bu barədə çox düşünürəm, çalışıram tanınmayan siyasi məhbusları gündəmə gətirim. Əslində, siyasi məhbusların sayı yüz yox, minlərlədir. Prokuror və ya hakimi qane etmirlər, istənilən gəncə 8-9 il verilir və onun həyatı məhv edilir. Yəni, təkcə siyasi kriteriyalarla tutulanlar siyasi məhbuslar deyil. Mühakiməsində qüsura yol verilən istənilən adam siyasi məhbusdur.

- Bu günün siyasi məhbuslarına bir deyəcəyiniz varmı?

- Möhkəm olsunlar. Heç nədən çəkinmək olmaz. Ora düşdünsə, mübarizə aparmaq lazımdır. Bugünkü siyasi məhbusların hamısı da mübarizdir. Hər kəsin öz vaxtı var. Belə başa düşürəm ki, bu hakimiyyət müddətinin üçdə biri tamam olmadan heç kimi buraxmaq niyyətində deyil. Sadəcə, hər kəs o vaxtını gözləməlidir. Əsas azadlıqda nə etməkdir. Belə baxıram ki, həbsxana siyasi məhbus üçün çox rahatdır, əsas problem həbsdən çıxandan sonra başlayır. Mən şəxsən istəmirəm onlar həbsdən çıxandan sonra xaricə mühacir kimi getsinlər. Düzdür, gedənləri də qınamıram, amma istəmirəm də. Çünki bu ölkədə tanınıb, həbsə girib, vicdan məhbusu olub, sonra ölkədən getmək düzgün deyil. Mübarizə aparmaq lazımdır. Düzdür, çox çətindir, çox ağırdır, amma hər halda Nelson Mandela-nın (Cənubi Afrikanın sabiq prezidenti – red.) şərtlərindən də ağır deyil ki. O, 27 il həbsdə qalıb və ona heç qəzet oxumağa da imkan verilməyib, çox yorucu işlərdə işlədilib. Başqa məhbuslara gələn payların büküldüyü qəzetləri zibillikdən yığıb, bir-birinə calamaqla məlumat əldə etməyə çalışıb. Bizim vəziyyətimiz bundan da pis deyil ki.

XS
SM
MD
LG