Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:38

Elman Rüstəmovun yenidən Mərkəzi Banka rəhbər təyin edilməsi gözlənir


Elman Rüstəmov
Elman Rüstəmov

.

Prezident İlham Əliyevin təqdimatına əsasən, aprelin 3-də Milli Məclisin İqtisadiyyat Komitəsi Mərkəzi Bankın sədrliyinə Elman Rüstəmovun namizədliyini müzakirə edəcək. Bu haqda AzadlıqRadiosuna Komitənin üzvü, bitərəf deputat Vahid Əhmədov bildirib.

63 yaşlı Elman Rüstəmov bu quruma 1995-ci ildən rəhbərlik edir. Onun daha bir 5 illik dövr üçün Banka rəhbər təyin ediləcəyi gözlənir.

Elman Rüstəmov bir çoxlarının nəzərində “yaxşı mütəxəssis” olsa da, Mərkəzi Bankdakı idarəetmə sistemini başqa dövlət idarələrinə nisbətən daha mütərəqqi və səmərəli qursa da, eyni zamanda onun adı Avstriyanın Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH ( OeBS) qalmaqalında hallanıb.

2014-cü ilin oktyabrında Bloomberg-də dərc olunmuş məqalədə deyilir ki, həmin ilin sonlarında Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə valyutasının dizaynını dəyişmək qərarına gəlir. OeBS şirkətinın satış üzrə direktoru Raluca Tanasescu sövdələşməni əldə etmək məqsədilə Bakıya uçur. Azərbaycanın bank rəsmiləri isə avstriyalılara təklif edirlər ki, pul çapının xərclərinə 20% əlavə olunsun ki, sonradan Azərbaycan tərəfi bu fərqi geri ala bilsin. Məhkəmə dinləməsində 55 yaşlı Tanasescu etiraf edir ki, rəhbərliyindən icazə aldıqdan sonra bu sövdələşməyə razılıq verib.

«Bu pulu Azərbaycan xalqı ödəməli olacaq» – 2014-cü ilin fevralında keçirilən məhkəmə dinləməsində prokuror Volkert Sackmann deyib.

Məqalədə deyilir ki, Milli Bank informasiya sorğularına cavab verməyib və Elman Rüstəmov məhkəməyə gəlməyib.

Milli Bankın təmsilçiləri ümumiyyətlə bu mövzuda sualları şərh etməkdən imtina ediblər.

Fevralın 21-də manatın dollara qarşı 33% ucuzlaşması ilə bağlı sərəncam verəndən sonra Elman Rüstəmov sosial mediada tənqid hədəfinə çevrildi, ictimaiyyət qonşu ölkələrdə, məsələn, Gürcüstanda devalvasiya tədriclə aparıldığı halda, Azərbaycanda bir gecədə manatın kıskin ucuzlaşdırılmasını pislədilər.

Devalvasiyadan bir gün əvvəl isə Elman Rüstəmov dövlət televiziyasının efirində elan etmişdi ki, manat möhkəmliyini qoruyub saxlayacaq və ucuzlaşma olmayacaq.

“Devalvasiyaya görə ictimaiyyətdə bu qədər tənqid olunan, adı beynəlxalq rüşvət qalmaqallarında hallanan Elman Rüstəmovun növbəti dəfə təyin edilməsinə münasibətiniz necədir?” sualına cavabında deputat Vahid Əhmədov deyir: “Bu təqdimat dövlət başçısından gəlib. Mən nə deyə bilərəm?!. Mən özüm Elman Rüstəmovu 1991-ci ildən tanıyıram.

Makroiqtisadiyyat üzrə çox yaxşı mütəxəssis hesab edirəm. Devalvasiya mübahisələndirilə bilər-onu daha yumşaq aparmaq olardı”.

Müxalif ReAL Hərəkatını icra katibi Natiq Cəfərli AzadlıqRadiosuna müsahibəsində deyir ki, Elman Rüstəmovun təyinatı göstərdi ki, devalvasiya onun qərarı deyildi:

“Bir çoxları istədi ki, bu qərara görə Elman Rüstəmovu günahlandırsın. Sübut olundu ki, Elman Rüstəmov ancaq icraçı imiş. Üstəlik, Elman Rüstəmovun adı beynəlxalq korrupsiya qalmaqalında hallanır. Normal ölkələrdə bu cür hadisədən sonra məmur özü bu vəzifədə qalmağa mənəvi haqqının olmadığını düşünüb, istefa verərdi. Amma Azərbaycanda ənənəyə sadiq olaraq eyni adamı eyni vəzifəyə təyin edirlər”.

Natiq Cəfərli hesab edir ki, hər bir müəssisədə dəyişiklik prosesi ağrılı keçir, odur ki, hökumət buna getmir:

“Sistemin oyun qaydaları bir nəfərin üzərində inşa olunub və yeni adam hətta öz adamları olsa belə, dəyişiklik etməmək, köhnə oyun qaydalarını yenidən dizayn etməmək daha məqsədəuyğun sayılır”.

Manatın kəskin ucuzlaşdırılması qərarından az sonra prezident İlham Əliyev bildirdi ki, bəzi möhtəkirlərin manatın tədrici devalyasiyasından sui-istifadə etməsinin qarşısını almaq üçün onun hökuməti milli valyutanı kəskin ucuzlaşdırmaq qərarına gəlib.

XS
SM
MD
LG