Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 05:49

Azərbaycana dərmanı kimlər gətirir?


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Təəssüflə qeyd etmək istəyirəm ki, dərman bazarı müəyyən dərəcədə nəzarətdən kənar qalıb. Bu, dözülməz haldır. Bizə məlum oldu ki, bu sahədə çox ciddi pozuntular, uyğunsuzluqlar var».

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübü ilə bağlı keçirdiyi toplantısında deyib. O, dərman bazarında qiymətlərin baha olmasından narazı olduğunu bildirib:

«Mənin narazılığım dərman preparatlarının baha olması ilə bağlı idi. Bəzi hallarda dərmanlar apteklərdə 10 dəfə artıq qiymətə satılır. Bu sahədə özbaşınalıq və anarxiya hökm sürür. Mən Səhiyyə, İqtisadiyyat və Sənaye nazirliklərinə göstəriş vermişəm. Yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə ay sonra insanlar bunu öz həyatlarında hiss edəcək».

«AVROMED»... «RİAD-FARM»... «ZƏFƏRAN»...

Azərbaycanda dərmana olan tələbatın böyük hissəsi idxalatın hesabına ödənir. Prezident öz çıxışında dərman bazarı haqda narazılığını bildirsə də, konkret adlar çəkməyib. Bəs ölkəyə dərmanları kimlər gətirir və bahalaşmaya görə kim məsuliyyət daşıyır?

Respublikaya xarici ölkələrdən dərman idxal edib, onun satışı ilə məşğul olmaqla bağlı lisenziyası olan 10-larla distribütor var. Lakin dərman idxalının həcminə görə öndə gedən şirkətlər kimi «Avromed», «Riad-Farm» MMC-lərin adları çəkilir.

«Riad-Farm» topdansatış əczaçılıq fəaliyyətini həyata keçirmək üçün Amerika, Avropa və MDB ölkələrinin aparıcı əczaçı şirkətləri ilə 300-dən artıq kontrakt imzalayıb. Şirkətin bölgələrdə 20-dən çox filialı, 40 apteklər şəbəkəsi var. Şirkətdə 2 min 400-dən çox işçi çalışır.

«Avromed» şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq tanınmış əczaçılıq şirkətləri ilə işbirliyi qurub. Şirkətin bölgələrdə 10 regional ofisi var. «Avromed» şirkətinin infrastrukturunda çalışan əməkdaşların sayı 1150 nəfərdən çoxdur. Şirkətin təsisçisi deputat Cavanşir Feyziyevdir.

Ölkədə dərman satışı ilə məşğul olan böyük şirkətlərdən biri də «Zəfəran» apteklər şəbəkəsidir. Şəbəkənin bölgələrdə 30-dan artıq filialları fəaliyyət göstərir.

«MONOPOLİST ŞİRKƏTLƏRİN ADINI AÇIQLAYACAĞIQ»

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirir ki, qiymətlərin baha olmasına ən böyük təsir bu sahədəki monopoliyadır:

Eyyub Hüseynov
Eyyub Hüseynov

«Əlimizdə faktlar var. Araşdırmalar başa çatandan sonra qiymətlərin bahalanmasına səbəb olan 3-4 monopolist şirkətlərin adlarını açıqlayacağıq. Bir ildən çoxdur ki, bazarda anormallıqlar yaşanır. Eyni dərman müxtəlif apteklərdə müxtəlif qiymətlərə satılır. Manatın devalvasiyasından sonra isə bəzi apteklər istehlakçılara dərman olmadığını bildirirlər. Bu sahədə böyük qeyri-şəffaflıq var. Dərman satışı ilə məşğul olan distribütorların apteklərə çıxışına maneələr var. Monopolist şirkətlər öz tabeliyində olan apteklərə dərmanları ucuz, digərlərinə isə xeyli baha satır. Bu yolla həmin aptekləri sıradan çıxarmaq istəyirlər. Həmin şirkətlər karter razılaşması edərək, hamısı eyni addımı atırlar. Hökumət istəyirsə ki, qiymət ucuz olsun, ilk növbədə monopoliyanın qarşısını almalıdır. İndiyə kimi bir dənə də olsun inhisarçı qrup ifşa olunmayıb. Bu göstərişdən sonra ucuz olsun deyə, ölkəyə keyfiyyətsiz dərmanların gətirilmə qorxusu da var».

«AVROMED»İN DEPUTAT TƏSİSÇİSİ MONOPOLİYANI TƏKZİB EDİR...

Bir neçə ay öncə Milli Məclisdə «Dərman vasitələri haqqında» qanun müzakirə olunmuşdu. «Azadlıq» qəzetinin yazdığına görə, həmin müzakirədə deputat Vahid Əhmədov da bu sahədə monopoliya olduğunu bildirib:

«Azərbaycanda dərman monopoliyadadır. Dərmanları gətirən xüsusi qruplar qəsdən baha qiymətə satırlar. Qanuna düzgün dəyişiklik olmalı və qiymətlər aşağı düşməlidir».

«Avromed» MMC-nin təsisçisi deputat Cavanşir Feyziyev isə öz çıxışında dərman sahəsində monopoliyanın olmadığını bildirmişdi:

«Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə nisbətdə bahadır. Bunu inhisarçılıqla əlaqələndirirlər. Amma belə deyil».

24 FAİZ BAHALAŞMA

Aprelin 4-də İlham Əliyev «Dərman vasitələri haqqında» qanunun tətbiqi barədə fərmana dəyişiklik edib. Yeni fərmana əsasən, dərmanlar vahid qiymətə olacaq.

Fərmanda qiymətlərin tənzimlənməsinin üç ay müddətində təmin edilməsi tapşırılır.

Manatın devalvasiyasından sonra apteklərdə dərman satışında 24 faiz bahalaşmanın olduğu bildirilirdi.

XS
SM
MD
LG