Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:49

Ünvanlı sosial yardımdan uzaq düşənlər, əlilliyini təsdiq etdirə bilməyənlər...


Arxiv fotosu
Arxiv fotosu

-

Azadlıq Radiosunun "Qaynar xətt"inə Ağsu sakinləri tərəfindən şikayət daxil olub. Rayon sakinləri sosial yardım və müavinət ala bilməmələrindən şikayət edir. Onlar şikayətlərində aidiyyatı qurumların problemlərinin həllində maraqlı olmadığı vurğulayıblar, həmçinin dövlət başçısından kömək istəyiblər.

32 yaşlı Ramal Əliağa oğlu Rəsulov Ağsu rayonunun Qaraqaşlı kənd sakinidir. Anası Vahidə Rəsulovanın sözlərinə görə, fiziki qüsurlu oğlunun iş qabiliyyəti yoxdur. R.Rəsulovun anadangəlmə əlilliyi var. Ancaq indiyə qədər əlil kimi qeydiyyata alınmayıb və müavinət ala bilmir.​

Vahidə Rəsulova deyir, dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də, oğluna əlilliyi qeydə alınmayıb:

“Tibbi komissiya oğlumu əlil kimi tanımır. Halbuki müalicə həkimləri bildirirlər ki, o, 3 yaşında pensiyaya çıxmalı idi. Sənədlərə qol çəkilmir, hər dəfə bir bəhanə gətirirlər. İndi də deyirlər gedib Bakıda bir neçə ay xəstəxanada yatmalıdır ki, əlillik dərəcəsi verək. Mən sabah ölsəm, kim baxacaq ona? Yardım alsa, çörəyi olar heç olmasa. Pul verənlərə əlillik dərəcəsi verirlər, oğluma isə yox...”

"3 YAŞINDAN PENSİYA ALMALI İDİ"

Şikayətçinin sözlərinə görə, Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) rəhbəri isə YAP-ın rayon təşkilatının sədri Əli Hüseynovdur.

Şikayətçi:

"Problemimizi dövlət başçısı İlham Əliyevə də yazmışıq, iki dəfə sayta məktub yazmışıq, cavab gözləyirik”.

Rayonun Meliorator qəsəbəsində yaşayan Sveta Hacalıyeva öhdəsində olan üç azyaşlı nəvəsi üçün sosial yardım ala bilmədiyini deyir. Onun sözlərinə görə, oğlu və qızı gənc yaşında dünyasını dəyişdikdən sonra yaşlı valideynlərin öhdəsində oğlunun həyat yoldaşı və üç azyaşlı uşağı qalıb:

“Üç uşağın öhdəliyi var üstümüzdə. Rayon Sosial Müdafiə Mərkəzi sosial yardım verməkdən imtina edir. bir cür bəhanə gətirirlər. nazir Səlim Müslümov rayona gələndə iki dəfə onunla görüşüb dərdimi demişəm, məktubumu vermişəm. Nazir də zəng edib tapşırıb ki, sosial müdafiə çərkəzinə və icra hakimiyyətinə mənim məsələm həll olunsun. Hətta deyib ki, sosial yardım mümkün olmazsa, rayonda yaradılan hansısa fonddan ailəyə yardım ayrılsın. Problemimi icra başçısına da demişəm, nəticəsiz olub. Heç nazirin sözünü rayon şöbəsində saymadılar. Sosial Müdafiə Mərkəzindən deyirlər ki, nazirdir də, bir sözdür, deyib, bizim sizə veriləcək yardımımız yoxdur. Rayon Sosial Müdafiə Mərkəzinin direktoru Əliyunus Mütəllimov heç kəsi saymır, mərkəzdə özbaşınalıqdır. Onu bir müddət əvvəl işdən çıxartmışdılar, ancaq qısa müddət sonra yenidən işinə bərpa etdilər. mənim kimi haqqını ala bilməyən yüzlərlə ailə var Ağsuda...”

"ÖZÜMÜZÜ DOLANDIRA BİLMİRİK, ÜSTƏLİK DƏ HİMAYƏMİZDƏKİLƏR..."

Sveta xanımın həyat yoldaşı Akif Hacalıyevsə vəfat etmiş oğlunun ailəsinin yanında üzüqara qaldığını bildirir:

"Gəlinim və üç azyaşlı uşağı mənim himayəmdədir. Artıq onlara baxa bilmirəm. Şəkər xəstəsiyəm, gözlərimdə problem var. Ancaq sürücülük edirəm ki, axşam evə onlar üçün bir parça çörək apara bilim. Elə olur ki, 25 manatlıq yolu cəmi 10 manata sürürəm ki, evə əliboş getməyim. Həyat yoldaşım da, özüm də xəstəyəm. Ancaq müalicə bir yana, heç uşaqların ehtiyaclarını qarşılaya bilmirik. Sosial yardımı da qəsdən vermirlər. hərdən elə həddə çatıram ki, istəyirəm nəvələrimi aparıb uşaq evinə qoyum. Amma qorxuram ki, Allah və oğlumun ruhu bunu mənə bağışlamaz”.

Qəsəbə sakini Əzizə Cəfərova da qeyd edir ki, on nəfərlik ailənin iş tapması, həmçinin, sosial yardım alması müşkülə çevrilib:

“İki dəfə prezidentə, iki dəfə də nazir Səlim Müslümova müraciət etmişəm. Ailədə cəmi iki nəfər pensiya alırıq. İki banka kreditimiz var, borc içində batırıq. Rayonda iş tapmaq mümkün deyil. Bir oğlumun gözündə problem var, iki dəfə əməliyyat olunub. Bankdan pul götürüb əməliyyat etdirmişik, indi müalicəyə imkanımız yoxdur. Bizə nə sosial yardım, nə də həmin uşağa əlillik müavinəti verilmir. Bütün müraciətlərimiz cavabsızdır”.

Ağsu rayon Sosial Müdafiə Mərkəzindən şikayətlərə aydınlıq gətiriblər:

"Əlillik ala bilməyən vətəndaş sənədləri ilə yaxınlaşsın, araşdıraq. Ünvanlı sosial yardımla bağlı şikayətlərə gəlincə, hamı yardım almaq istəyir, ancaq bu, heç də hamıya şamil olunan imtiyaz deyil axı. Çoxu müvafiq sənədləri təqdim edə bilmir. Çoxunun yaşadığı ünvanda gəliri olanların yaşadığı üzə çıxır. Araşdırmalar aparıldıqca məlum olur ki, ünvanlı sosial yardım üçün müraciət edənə qanunla bu yardım düşmür. Vətəndaş "yox" cavabı alanda isə gedib şikayət edir. Vətəndaşların istəyinə qalsa, gərək ucdantutma bütün rayona ünvanlı sosial yardım təyin edək".

XS
SM
MD
LG