Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:33

Xədicə İsmayıla daha bir beynəlxalq mükafat verilir


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

İsveç Milli Mətbuat Klubu 2015-ci il Anna Politkovskaya Söz Azadlığı mükafatını azərbaycanlı jurnalist Xədicə İsmayıla təqdim edir.

Qurumun yaydığı pres-relizdə qeyd olunur ki, mükafat araşdırıcı jurnalistika və qeyri-adi cəsarətə görə təqdim olunur.

«Xədicə İsmayıl Azərbaycanda ən yüksək səviyyədə korrupsiyanı ifşa etmək üçün böyük cəsarət göstərib. O, həqiqətin üzə çıxmasında üzərinə böyük risklər götürüb. Bu risklərə «Telia Sonera» şirkətinin Azərbaycanda hakim elitayla biznes əlaqələri də daxildir. İsmayılovanın həbsi mətbuat azadlığının pozulması və digər jurnalistləri rejimin hakimiyyətdən sui-istifadəsini üzə çıxarmaqdan çəkindirməyə yönəlik utancverici səydir», - İsveç Milli Mətbuat Klubunun prezidenti Björn Häger deyir.

XƏDİCƏ İSMAYILIN ARAŞDIRMALARI

Xədicə İsmayıl 2014-cü ilin dekabrında həbs olunub. Ölkənin tanınmış araşdırmaçı jurnalistlərindəndir. O, Azad Avropa/AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Layihəsi (OCCRP) ilə əməkdaşlıq edib.

Pres-relizdə vurğulanır ki, Xədicə İsmayıl İsveç Televiziyasının «Uppdrag Granskning» araşdırmaçı proqramının hazırlanmasında da əsas rol oynayıb. Həmin proqram «Telia Sonera»nın Azərbaycan rejimi ilə biznesinə həsr olunub.

Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib. Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb. AzadlıqRadiosu və beynəlxalq təşkilatlar Xədicənin məhz jurnalist fəaliyyətinə, araşdırmalarına və AzadlıqRadiosunda gördüyü işə görə həbs olunduğunu düşünür.

«Amnesty International» jurnalistin həbsini pisləyib, ona qarşı ittihamların siyasi motivli olduğunu bəyan edib.

İsveç Milli Mətbuat Klubunun Anna Politkovskaya Söz Azadlığı mükafatı «ifadə və mətbuat azadlığını müdafiə edən jurnalistə» təqdim olunur. Bu mükafat 2007-ci ildən, jurnalist Anna Politkovskaya qətlə yetiriləndən təqdim edilir.

Mərasim aprelin 27-də Stokholmda keçirilir.

XS
SM
MD
LG