Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 21:56

«Yumurtamız, quş ətimiz özümüzə bəsdir»


Yumurta
Yumurta

-

Türkiyədən Azərbaycana gətirilən quş və quş əti məhsullarına qadağa qoyulub. Azərbaycan Baş Dövlət Baytarlıq müfəttişi Türkiyə ərazisində toyuqlar arasında «quş qripi»nin yayılması ilə əlaqədar imzaladığı sərəncamla bu ölkədən diri quş, quş məhsulları və damazlıq yumurta idxalını müvəqqəti dayandırıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü ilin yanvar-dekabr aylarında Türkiyədən Azərbaycana 864 min diri ev toyuğu və 1333 ton toyuq əti məhsulları idxal olunub.

Azərbaycanın quş və quş əti məhsullarının idxalında əsas tərəfdaşlarından biri olan Türkiyəyə qoyulan qadağa daxili bazarda kasadlıq yarada və yerli quş ətinin qiymətini qaldıra bilərmi?

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev hesab edir ki, son illərdə ölkə özünü quş və quş əti məhsulları ilə, o cümlədən, yumurta ilə təmin edir, buna görə də o, hər hansı kasadlıq və bahalanma gözləmir: «Azərbaycanda ekoloji durum çox təmizdir, bizim məhsullar da təmizdir. Öz istehsalımız özümüzə bəsdir. Heç quş əti idxalına ehtiyac da yoxdur, amma ticarətdir, nə demək olar».

İDXALDAN ASILILIQ AZALIB

Azərbaycanın quş əti və ət məhsulları idxalından asılılığı 2009-cu ildə 33.8 faizdən 2013-cü ildə 3.8 faizə düşüb. Yumurta istehsalına görə də idxaldan asılılıq 2011-ci ildə 22 faizdən 3 faizə qədər azalıb.

Azərbaycan artıq öz tələbatını ödəyə bilirsə, Türkiyədə yaranmış problemdən istifadə edib bu bazara öz istehsalını çıxara bilərmi?

YUMURTA SATMAĞA ÖLKƏ YOX

Aydın Vəliyev yumurtanı xarici bazara çıxarmaq istədiklərini, amma uyğun bazar tapa bilmədiklərini deyir:

«İxracatçı tapa bilmirik. Bizim ölkədə quş əti, yumurtanın maya dəyəri digər ölkələrə nisbətən bahadır. Yemi xaricdən gətiririk, bu da yerli istehsalda maya dəyərinə təsir edir».

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Kənd təsərrüfatı məhsulları üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycan quş əti idxalında Türkiyədən asılı deyil, buna görə də narahatçılığa əsas yoxdur, üstəlik, Azərbaycan özü də istehsalını artıra bilər: «Qoyun, mal əti ilə müqayisədə quş əti istehsalı daha az dövrü əhatə edir. Maliyyə də az tələb olunur. Düşünmürəm ki, quş əti ilə bağlı ciddi problem yaşayaq və ya bu, qiymətə təsir etsin».

«İXRAC ÜÇÜN ƏVVƏLCƏ KEYFİYYƏT VƏ RƏQABƏTƏDAVAMLILIQ LAZIMDIR»

Vahid Məhərrəmovun fikrincə, Türkiyə bazarında «quş qripi»ndən dolayı yaranacaq boşluğu tutmaq üçün keyfiyyətli məhsul istehsal etmək lazımdır: «Hər hansı bir məhsul, mal ixrac məqsədinə yönəldilirsə, onun keyfiyyətinə diqqət yetirilməlidir, həm də rəqabətədavamlı olsun. Yəni o ölkənin istehlakçısı üçün qiymət uyğun olsun. Burda problemlər var, yemi başqa ölkədən gətiririk, bu da maya dəyərinə təsir edirik. Hər hansı ölkənin bazarında boşluq yaranarsa, boşluğu doldurmaq üçün məhsulun keyfiyyəti və qiymətinə əvvəlcədən xüsusi fikir vermək lazımdır. Daxili yem bazarı yaratmaq lazım idi ki, maya dəyəri azalsın. Düşünmürəm ki, Türkiyə istehlakçısı Azərbaycan məhsuluna maraq göstərsin, çünki onlar ucuz qiymətə mal almağa öyrəşiblər».

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, Türkiyədən quş və quş əti məhsullarının idxalına yenicə qadağa qoyulub. Bu sahədə ixracı stimullaşdırmaq üçün hər hansı tədbirlər həyata keçirilsə, bununla bağlı ictimaiyyətə məlumat verəcəklər.

XS
SM
MD
LG