Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:24

«Azərnəşr»in baş redaktoru: «Mətbuatda bir xəbərlə kitab bayramı keçirilməz…»


Əlövsət Ağalarov
Əlövsət Ağalarov

-

İz - Azərbaycan oxucusu kitaba üz tutsa…
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

«Kitabla bağlı böyük ümidlərlə yaşayırıq». Bu sözləri AzadlıqRadiosuna Filarmoniya Bağında keçirilən VII Kitab Bayramında «Azərnəşr»in baş redaktoru Əlövsət Ağalarov söylədi.

QOCALAR ARABALARLA KİTAB ALIRDILAR…

Onun dediyinə görə, indi kitab inkişaf mərhələsindədir: «Kitabın 20 il, 15 il, 10 il, 5 il əvvəlki vaxtı deyil. Amma vəziyyət hələ arzuladığımız, xarici ölkələrdə gördüyümüz kimi də deyil. Bu yaxınlarda Kiyevdə kitab sərgisində oldum. Qoca qadınlar kitabı arabalarla gəlib alırdılar. O kasıbçılıqda… Düzdür, orada kitab ucuzdur, poliqrafiya məhsullarını özləri istehsal edirlər, axı. Martın 7-də Ankarada kitab yarmarkasındaoldum. Müəlliflər gəlib imza günü keçirirdilər. Kitab mağazasından daha çox orda kitab satılırdı».

«KİTABLAR ƏLAVƏ DƏYƏR VERGİSİNDƏN AZAD OLUNSUN!»

Müsahibim ölkədə kitabların baha olmasının səbəblərini də sadaladı: «Qiymətlər bahadır. Bahalığın səbəbi - poliqrafiya məhsullarının xaricdən gətirilməsidir. Gələndə də, gömrük rüsumu qoyulur. Odur ki, çəkilən xərc də, kitabın maya dəyəri də artır… Əlbəttə, çap məhsulları -kağız, korton, yapışqan və s. ölkədə istehsal olunsaydı, kitab daha ucuz satılardı. Dönə-dönə təklif etmişik ki, kitablar əlavə dəyər vergisindən azad edilsin. Heç olmasa, müəyyən müddətə - nəşriyyatlar özünü dirçəldənə, kitab oxucusunu tapanadək. İndi dərsliklər və bəzi uşaq kitabları bu vergidən azaddır. Bu qayda kütləvi kitaba da aid edilsəydi, daha effektiv olar, Azərbaycan kitabı daha yaxşı inkişaf edərdi».

«MDB ÖLKƏLƏRİNİN ÇOXUNDA ƏDV YOXDUR»

Əlövsət Ağalarov bəzi ölkələrdə kitabların bu vergidən azad olunduğunu bildirdi: «Məsələn, MDB ölkələrinin çoxunda yoxdur. Bizdə var. Təklif etmişik, inşallah, ölkənin vəziyyəti düzəldikcə, iqtisadiyyat gücləndikcə, bu da həllini tapar. Sentyabrda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığıyla III Kitab Sərgi-Yarmarkası keçiriləcək. Ora həm MDB-dən, həm də başqa ölkələrdən gələnlər olacaq. Azərbaycan nəşriyyatları da məhsullarını nümayiş etdirəcək. Bu sərgini təbliğ etmək lazımdır».

Bakıda Kitab Bayramı - 2015
Bakıda Kitab Bayramı - 2015

«ƏHALİ KİTABA DÖNSƏ…»

Baş redaktor kitab təbliğinin yollarından da söz açdı: «Mən dəfələrlə təklif etmişəm. Məsələn, şəhərdə mikroavtobuslar gəzsin, üstündə səsucaldanlarla. Məktəblərin qarşısında, başqa yerlərdə elan versin, hamını sərgiyə səsləsin. Camaat da hiss etsin, bilsin ki, Bakıda kitab bayramıdır. Mətbuatda bir xəbərlə bu işi təşkil etmək olmaz. Məktəblilərin və tələbələrin başı dərsinə qarışır, digərləri də gündəlik ruzisini çıxarmaq üçün əlləşir… O üzdən təbliğatı gücləndirmək lazımdır. Metrolarda, avtobuslarda deyilməlidir. Hər saatdan bir bu xəbər təkrar səslənsə, sərgiyə gələnlərin də sayı çoxalar. Adam çoxalsa, nəşriyyatlar da ruhlanar ki, əhali kitaba dönüb, oxucunu itirməmək üçün daha keyfiyyətli kitab çap etmək lazımdır».

«YENİ TİKİLƏN BİNALARIN ALTINDA KİTAB DÜKANLARI AÇAQ!»

Əlövsət Ağalarov kitabla bağlı daha bir ağrılı məqama diqqət çəkdi: «Bakıda kitab mağazaları yox dərəcəsindədir. Sovetlər dönəmində təkcə Bakıda 105 kitab mağazası vardı. Özü də haradaydı? Şəhərin ən görməli, ən gözəl yerlərində. Mikrorayonların ən yaxşı binalarının altında. Bu ənənəyə qayıtmaq lazımdır. Mən dəfələrlə təklif etmişəm ki, gəlin, yeni tikilən binaların sahiblərinə üz tutaq. Onsuz da onlar bu binalardan qat-qat artıq pul qazanırlar. Kitaba 1 manat qoyanda, 1 manat 20, ya da 1 manat 30 qəpiyə satırsan. Amma o binalarda kvadratına 100 manat qoyulursa, mənzili min-iki min manata satırlar. Fikrimcə, hər sahibkar, hər binatikən yeni binanın altında 15-20-50 kvadratlıq kitab mağazası açsa, elə o binanın sakinlərinə xidmət eləsə də, qazanc götürə bilər. Paltar-palaz, araq satınca, qoy kitab satsın. Bu, millətin maariflənməsinə kömək edər».

Bakıda Kitab Bayramı - 2015
Bakıda Kitab Bayramı - 2015

«ÜMİDLƏR PUÇA ÇIXMASIN!»

Müsahibim kitab təbliğinin müxtəlif yolları olduğunu təkrarladı: «Deyirik və ümidlə gözləyirik ki, yavaş-yavaş kitaba sevgi oyansın… Təkrar edirəm, sovet dövründə ən gözəl binaların altı kitab mağazaları idi. Girirdin, adam əlindən tərpənmək olmurdu. İndi aparıb salıblar zirzəmilərə… Ona görə, kitabın satış problemləri ciddi şəkil alır. Məncə, bu cür getsə - kitab mağazalarını sayı artmasa, ümidlərimiz puça çıxacaq».

«24 SAAT İŞLƏYƏN KİTAB MAĞAZALARI BAKIDA NİYƏ YOXDUR»

Əlövsət Ağalarov xarici ölkələrdə bütün günüfəaliyyətdə olan kitab mağazalarından söz açdı: «Türkiyədə 24 saat işləyən kitab mağazaları var. Moskvada da həmçinin. Özüm görmüşəm, əhali ora gecələr də gedir. Vacib deyil ki, o mağaza gecə vaxtı pul qazansın. Əsas odur ki, o mağaza daşlaşmış şəkildə, formalaşmış halda əhaliyə xidmət etsin».

«NƏŞRİYYATLAR MAĞAZA AÇA BİLMİR»

Əlövsət müəllim nəşriyyatların mağaza aça bilmədiklərini təəssüflə bildirdi: «Arenda pulu çox böyükdür. Amma ölkədə imkanlı adamlar var, axı. Onlar bunu edə bilərlər. Hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi növbəti sərgiyə hazırlaşanda, bunları nəzərə alacaq və təbliğat vasitələrini gücləndirəcək».

Bakıda Kitab Bayramı - 2015
Bakıda Kitab Bayramı - 2015

«KOMPÜTERÇİLƏR KİTAB OXUMUR»

«Son dövrlər nəşr olunan kitabların dizaynında fərqlər varmı» sualını təcrübəli naşir belə cavabladı: «Əvvəllər kitabları rəssamlar işləyirdi. Hər nəşriyyatın rəssamlar şöbəsi vardı. Kitab qrafikası kitabçılığın bel sütunlarındandır. Üzqabığı cəlb edirsə, kitab alınacaq. İndi kitablarda kompüter dizaynıdır, rəssam işləmir. Mən sərgini gəzib-dolaşdım-fərqli və cəlbedici dizaynlar var, amma kütləvi deyil… Bu da təbiidir. Bir var rəssam işləyə, bir də var kompüterçi. Rəssamlar kitabı oxuyub çəkirdilər, indi heç bir kompüterçi kitab oxumur. O üzdən, kitabların dizaynı standart olur. Dağdan yazan dağ şəkli qoyur, sevgidən yazan qız-oğlan şəkli. Təklif edirəm ki, universitetlərdə qrafika fakültələri açılsın. Ya fakültə olsun, ya bölmə. Və bu, kitabın inkişafında böyük rol oynayar».

«HƏM «MCDONALD'S»A, HƏM DƏ KİTAB DÜKANINA!»

Əlövsət Ağalarov kitaba sevginin ailədən başladığına əmindir: «Kitaba sevgi ailədən başlamalıdır. Uşağın əlindən tutub «McDonald's»a aparırlar. Mən nəvələrimə də deyirəm. Ora da gedə bilərsən, amma həftədə bir dəfə kitab mağazasına getməlisən. Özüm aparıram mağazaya, nəşriyyatı, mətbəəni gəzdirirəm. Yəni onları kitaba alışdırmaq üçün ilkin rüşeymi yaradıram. Bizdə bu məsələ zəif gedir. Hesab edirəm ki, ailə kitabxanası - ata-ana və övladlar üçün, baba və nəvələr üçün kitabxanalar yaratmaq lazımdır. İdeyalar çoxdur, Allah eləsin, həyata keçirə bilək».

Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

«BİR GÜN ÇOX AZDIR»

«Qanun» Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun fikrincə, Kitab Bayramı Azərbaycanda vaxtaşırı keçirilən yeganə yarmarkadır: «Düzdür, hər il keçirilir, amma bircə gün. Adətən, yarmarkalar hər yerdə bir həftə davam edir. Fikrimcə, kitabla bağlı olan hər şey bayramdır. Çünki gələndə bir ovqatda olursan, kitabdan ayrılanda başqa... Bu mənada belə tədbirlərin müntəzəmkeçirilməsi çox yaxşıdır».

«ADAMLARDA KİTABLA ÜNSİYYƏTDƏ FƏRQ VAR»

Aparıcının: «İlk kitab bayramı ilə son kitab bayramı arasında hansı fərqlər var» sualına Şahbaz Xuduoğlu belə cavab verdi: «Bizim üçün fərqi var. Kitabların həcmi artıb, çeşidlər çoxalıb. Baxıram ki, keçən il gələn oxucular yeni kitablarla maraqlanırlar. Adamlarda da kitabla ünsiyyətdə fərq var. Əvvəl qorxa-qorxa yaxınlaşırdılarsa, indi sərbəstləşiblər. Əvvəl uşaq kitaba toxunanda, valideyn deyirdi ki, «Toxunma! Olmaz!». İndi uşaq kitabı vərəqləyir, valideyn buna dözümlə, səbirlə yanaşır. Yəni belə psixoloji fərqlər var. Amma aparıcılıqda, təşkilatçılıqda heç bir fərq yoxdur. Həmin teatr kollektividir, açılışa yenə həmin şəxslər qatılır, danışırlar və bəlkə də, keçən il dedikləri sözləri bu il də təkrar edirlər...».

Natiq Rəsulzadə
Natiq Rəsulzadə

«ÖLKƏDƏ KİTAB YAYIMI İLƏ MƏŞĞUL OLAN MÜTƏXƏSSİSLƏR YOXDUR!»

Yaziçi Natiq Rəsulzadənin fikrincə, ölkədə kitab yayımı ilə məşğul olan mütəxəssislər yoxdur: «Mən bunu həmişə deyirəm. Hətta İncəsənət Universitetində dərs deyəndə də belə bir bölmənin açılmasını təklif etdim. Mən tez-tez Rusiyada oluram. 20 il əvvəl onlar da bizim kimi idi. Amma indi vəziyyət dəyişib. Kitab yayımı ilə mütəxəssis məşğul olur. Şəhərin hansı hissəsində hansı yazıçı daha yaxşı satılır - onu bilirlər... Bizdə isə bu işə fikir verən yoxdur. Sərgilər, yarmarkalar yaxşı şeydir, amma bunlar kortəbii axara buraxılıb... Mütəxəssis yetişdirmək lazımdır. O səbəbdən kitab satışında problemlər yaranır. Bir baxın, 9 milyon yarımlıq bir xalqın ən populyar yazıçısının kitabı min tirajla çıxır. Bu ola bilməz! Ən azı, 10 minlə çıxmalıdır! Yayımı təşkil edə bilsək, bu tiraj satılar».

«BAYRAMI REKLAM ETMƏK GƏRƏKDİR»

Oxucu Rasim Nəsirov Kitab Bayramına ilk dəfə gəldiyini bildirdi: «Yer ayırıblar, bu, yaxşıdır. Heç bir ödəmə olmadan. Amma reklamım zəifliyindənmi, ya təşkilatçılıqdanmı, nədənsə gələnlər azdır. «İçərişəhər» metrosundan «Azneft»ə gedənlər təsadüfən kitab bayramını görürlər. Yarmarkanın olduğunu bilib gələnlər çox azdır. Burda olanlar daha çox kitabxana işçiləri, nəşriyyatçılar, satıcılardır. Alıcılar, oxucular çox azdır».

XS
SM
MD
LG