Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:59

Sahibkarlar vergilərin 50 dəfə artdığını iddia edirlər


Arxiv fotosu. Bakı yaxınlığında daş karxanalarından biri.
Arxiv fotosu. Bakı yaxınlığında daş karxanalarından biri.

.

Gözlə

No media source currently available

0:00 0:03:09 0:00
Direct-ə keçid

“Vegi haqqını 50 dəfədən artıq qaldırıblar. Əvvəl illik 3 min manat alırdılar, indi ayda 12 min istəyirlər. Bu da illik 140 min edir. “Şapka” kimi alırlar. Bilmirik necə ödəyək bu qədər vergini. Olimpiya oyunlarına görə ticarət də zəifləyib”.

Bunu AzadlıqRadiosuna işadamı, Qaradağ rayonundakı daş karxanalarından birinin sahibi Əhliman Quliyev bildirib. Onun sözlərinə görə, yeni vergi ödəmə qaydası artıq 2 aydır tətbiq olunur:

“Mənim obyektimdə 3 daşkəsən kombayn işləyir. Əvvəllər ildə bir dəfə gəlib, hər kombayna görə min manat alıb gedirdilər. Təxminən 2 ay bundan əvvəl vergi işçiləri gəlib dedilər ki, hər kombayn üçün ayda 4 min manat ödəməlisən. Yəni, ümumi 12 min. Bu da ildə 140 min manatdan çox edir.

Ötən ay dedilər ki, verməsən, obyekt bağlanacaq. Oradan-buradan tapdım yarıdan çoxunu ödədim ki, bağlamasınlar. İndi yenə gəliblər ki, həm köhnə borcunu ver, həm də yeni ayın vergisini.

Qalmışam belə. Axı, mənim qazancım bu qədər etmir. Haradan alım verim bu pulu? Demək istəyirlər ki, get nənədən, babadan qalanı da sat, gətir ver bizə. Deyirlər, guya Olimpiya Oyunları bitəndən sonra biraz aşağı salacaqlar.”

“BU OYUNLARIN ƏZİYYƏTİNİ NİYƏ BİZ ÇƏKMƏLİYİK?

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən digər karxana sahibi deyir ki, onun kombaylarının sayı çox olduğundan daha artıq vergi istəyirlər:

“Məndən aylıq 20 min istəyirlər. Satış yoxdur deyə, ötən ay heç nə ödəyə bilməmişəm. İndi 1 həftə vaxt qoyublar. Deyirlər ki, ödəməsəm texnikaları siyahıya alıb satışa çıxaracaqlar. Ötən illərdəki borclara görə də məhkəməyə veriblər. 30 min manat borcum var idi, indi cərimə ilə birlikdə 84 min istəyirlər. Lap başımı itirmişəm.

İndi, ordan-burdan borc axtarıram ki, obyektim bağlanmasın. Yaxud da texnikalardan bəzilərin satmalıyam ki, borcu ödəyəm.

Onsuz da bu borclar mənim belimdədir, əvvəl-axır ödətdirəcəklər. Əvvəl-axır siyahıya alıb texnikanı satışa çıxaracaqlar. Heç olmazsa, obyektim bağlanmasın. Avropa Oyunlarına görə yük maşınlarını yollara buraxmırlar. Buna görə satış da zəifləyib. Heç xərci borcunu ödəmir. Bu oyunların əziyyətini biz çəkməliyik”.

4 MİLYON BORCU OLAN SAHİBKARIN ƏMLAKI SİYAHIYA ALINIB

Vergilər Nazirliyindən AzadlıqRadiosuna verilən qısa cavabda sahibkarların iddialarını rədd etdilər. Nazirlikdən bildirdilər ki, vergi toplanması qanunvericiliyə əsasən aparılır və son vaxtlar bu qanunvericiliyə dəyişiklik edilməyib. AzadlıqRadiosu daha geniş açıqlama üçün Nazirliyə yazılı sorğu göndərib. Hələlik bu sorğuya cavab almamışıq.

Vergilər Nazirliyinin saytında vergi borcu olan sahibkarlara qarşı tədbirlərin davam etdiyi haqda məlumatlar var.

Mayın 13-də Nazirliyin yaydığı məlumata görə, 4 milyon manata yaxın vergi borcu olan sahibkar Ağa Ağayevin Dərnəgül şossesindəki obyektindəki 233 min manatlıq divar kağızı siyahıya alınıb.

Məlumatda bildirilir ki, ötən ilin oktyabrında ödəyicinin fəaliyyəti araşdırılıb və onun 3 milyon 871 min manat vergi borcunun yarandığı müəyyən edilib. Vergi borcunun ödənilməsini təmin etmək üçün onun əmlakının siayahıya alınması ilə bağlı qərar mayın 4-də çıxarılıb.

Müstəqil iqtisadçılar vergi toplanması qaydalarının son dövrlər sərtləşdirilməsini neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqələndirirlər. Onlar hesab edir ki, neft gəlirləri azaldığından hökumət büdcəni vergi ödəyicilərinin hesabına doldurmağa çalışır.

(Keçən il əməkdaşlarımızın Bakı yaxınlığındakı daş karxanalarından birindən hazırladıqları fotoqalereya:)

XS
SM
MD
LG