Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:44

Eurasianet.org: «İqtisadiyyat düşür, Qarabağ müharibəsi riski artır»


Azərbaycan hərbçiləri Moskvada hərbi paradda - 2015
Azərbaycan hərbçiləri Moskvada hərbi paradda - 2015

-

«Böyük enerji ixracatçısı olan Azərbaycan eyni zamanda Avrasiyada iqtisadiyyatı neftdən ən çox asılı olan ölkələrdəndir və neftin qiymətinin düşməsi ona ağır təsirini göstərib. İndiki fiskal tendensiyalar qalsa, regional sabitliyə getdikcə daha çox təhlükə yaranar». Bunu qlobal riskləri dəyərləndirən «The Risk Advisory Group»un təmsilçisi Youri Smakouz eurasianet.org saytında yazır.

Müəllif Azərbaycan büdcəsində neftin qiymətinin 90 dollardan götürüldüyünü, indi isə neftin barelinin 60 dollar civarında var-gəl etdiyini, hökumətin qənaət tədbirləri ilə üz-üzə qaldığını qeyd edir. Artıq ilk addım atılıb və manat 33.5 faiz devalvasiya olunub. Artıq hökumət də dövlət büdcəsinin parametrlərinə yenidən baxmağa məcburdur. İnvestorlar layihələri dəstəkləməmişdən öncə maliyyə qazancları barədə ikiqat düşünməli olurlar.

«Bir itki «Khazar Islands» layihəsi ola bilər. 100 milyardlıq bu layihə Xəzərdə 41 süni ada salmağı hədəfləyir. Maliyyəsi özəl mənbədən gəlsə də, tamamlanmayıb və yeni maliyyə cəlb etmək də çətin olacaq», - müəllif yazır.

Bir sıra ekspertlərsə Ağ Şəhər layihəsinə hökumət maliyyəsinin ilk Avropa Oyunlarından sonra ərşə çəkiləcəyinə inanır. «Gələn aylar ərzində neftin qiyməti kəskin və davamlı qalxmasa, hökumət çətin ki, iqtisadi artımı yüksək həddə saxlaya bilsin. Həyat standartları da müvafiq olaraq düşəcək».

«Yaxın gələcəkdə böyük miqyaslı sosial etirazlar gözlənmir, ancaq qlobal neft bazarında son düşüşlər Azərbaycan iqtisadiyyatı üçün ciddi uzunmüddətli problemi üzə çıxarır – şaxələndirmənin yoxluğu və enerji gəlirlərindən ciddi asılılıq. Bir sıra ekspertlər razılaşırlar ki, Azərbaycan üçün ən yaxşı yol investisiya mühitini təkmilləşdirmək, neft və qazdan savayı digər sahələrə birbaşa xarici investisiya cəlb etməkdir».

«Bu hədəflərə nail olmaq ölkənin hakim elitası üçün böyük bir sınağa çevriləcək. Ölkəni ağuşuna almış korrupsiyaya sinə gərilməlidir, hüququn aliliyi gücləndirilməlidir. Fürsət pəncərəsi heç də həmişə açıq qalmayacaq: ölkənin neft ehtiyatları 15-20 ilə tükənəcək».

Müəllif daha sonra Vladimir Putin-in Krımı anneksiya etməsindən yazır, Krımın rusiyalılar üçün tarixi anlamda çox şey olduğunu vurğulayır. «Dağlıq Qarabağ isə azərbaycanlılar üçün daha çox şey deməkdir. Bu ərazinin Ermənistanın əlinə keçməsi Azərbaycan üçün ağrı yaddaşına çevrilib... Son aylar təmas xəttində itkilərin sayı artıb. Tərəfləri ayıracaq sülhməramlılar yoxdur. Başqa sözlə, yaxın zamanlarda «qaynar» mərhələnin başlana biləcəyi ehtimalı getdikcə artır», - müəllif yazır.

İlham Əliyev Avropa Oyunları məşəlinin yandırılması mərasimində
İlham Əliyev Avropa Oyunları məşəlinin yandırılması mərasimində

«Əlbəttə, Azərbaycan Rusiyadan kiçikdir, nüvə silahı da yoxdur. Ancaq ölkədə iqtisadi durum sosial və ictimai sabitliyə təhlükə yaradacaq həddə pisləşərsə, Əliyev hakimiyyətdə qalmaq üçün Dağlıq Qarabağı güc yoluyla geri almağa da cəhd göstərə bilər».

İLK AVROPA OYUNLARININ YARATDIĞI ZİDDİYYƏT

«Amerikanın səsi» radiostansiyasının ingilisdilli saytı ilk Avropa Oyunları ərəfəsində ölkədə insan haqları pozuntularına dair beynəlxalq tənqidlərə yer ayırıb.

«Bəzi təhlilçilər insan haqlarına görə tənqid olunan ölkələrin ev sahibliyi etdiyi oyunlarda iştirak edən Avropa ölkələrinin müdrik davranışına dair suallar verir. Ancaq digərləri belə düşünmür. Şimali Karolina Universitetinin professoru Klaus Larres müasir transatlantik münasibətlər və Avropaya inteqrasiya üzrə ekspertdir. O, ümid edir ki, insan haqları və mətbuat azadlığı yaxşı vəziyyətdə olan Avropa ölkələrinin iştirakı prezident Əliyevi düz yola yönləndirə bilər. «Bu oyunların ziyanı yoxdur. Onların müsbət təsiri də ola bilər. Hələ bilmirik. Azərbaycan xalqı bu oyunlarla Avropa dəyərlərinin bir olmadığını fərqləndirir», - Larres deyir.

Mayın 14-də «Human Rights Watch» və Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bəyanatla çıxış edib. «Avropa Olimpiya Komitələrinin (AOK) rəhbərliyi israr etməlidir ki, Azərbaycan hökuməti Avropa Oyunları qabağı jurnalistləri və fəalları azadlığa buraxsın», - bəyanatda belə deyilirdi.

İlk Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda 6 min atletin iştirakıyla keçiriləcək.

XS
SM
MD
LG