Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:58

Qaranlıq Şəhərlərin İşıqlı Adamları...


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Gülşad Quliyeva

Qaranlıq Şəhərlərin İşıqlı Adamları...

Dünənlərin sevgidən ayaqları,

Bu günlərin ümiddən gözləri,

Sabahların təsəllidən əlləri olsa...

Rəngsizliyində unudulduğumuz qışlarin ağları,

Və illərin cirmaqladiğı üzlərimizin xatırlatdıqları...

Dodaqlarımızdan köçüb gedən sözlərin yuvasızlığına sığındı bəlkələrimiz

Qapıların yaddaşından silmək istədikərimizdən öyrəndik heç olmamış kimi yaşamağı...

Düymələri çürük sapla bərkidilmiş köynəyini

Asmış səhərin gözündən gecə

Lampaların ömrünə bir addım qalmış,

Divarların günəşsizliyindən soyuyur zaman...

Qayıtmıram

Mən qaranlıq .şəhərləri işiqlı adamlarına görə sevdim...

Nələrisə Dəyişməkçün...

Nə vaxtsa

Adsız və vaxtsız ağrılara çevriləcəksən kiminsə bədənində.

Sol qolunda dayanmış vaxt

Səni, divarlarına söyüşlər yazılmış,

Köhnə binalarının yuxarı mərtəbələrində,

İplərdə sıralanmış gecə libaslarini

Utanaraq sığallayan,Bakı küləyinin

Yorulduğu küçələrə tələsdirəcək.

Sona kimi boşaldılmamış siqaret qutuları,

Yarım qalmış təkliklərin ömrüdür bəlkə, də.

Hər səhər içki şüşələrini arabasına yığan Bomj

Öz halına ağlamır, əslində.

Bütün xəyanətlərin əvvəli sədaqət olub,

Bütün bərabərliklərin dəyişilmiş adıdır ayrılıq.

"Uşaq anadan yetim qalır" məsəli,

Atasız xatirələrimizin təsəllisidir hələ də.

Ögey atalar ögey,

Ögey analar ögey qalacaqlar həmişə.

Günəşin batmadığı, gecənin düşmədiyi,

Hər yeni günə, əvvəlki günəşlə oyandıgın

Bir uzaqlıq düşün.

İndi həmin payız səsimdə üşüyür,

Təkcə barmaqlarım darıxıb, nələrisə dəyişməkçün...

XS
SM
MD
LG