Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:45

Elvin Abdullazadə: «Diktaturanın heç bir zülmü məni qorxutmur»


Elvin Abdullazadə
Elvin Abdullazadə

-

«Mən təhsil aldığım Azərbaycan Dövlət Pedaqoji Universitetində siyasi partiyamın təbliğatını aparmışam. Hakimiyyətin bütün maxinasiyalarını göstərən foto, video materialları yaymışam. Çünki diktaturanın heç bir zülmü məni qorxutmur».

Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Elvin Abdullazadə deyib. Ona qarşı qaldırılmış ittiham üzrə proses mayın 19-da keçirilib.

Prosesdə əvvəlcə müdafiə vəkili Əli Mehtiyev vəsatət qaldırıb. Bildirib ki, Elvin Abdullazadə saxlanarkən hüquqları, əməliyyat axtarış tədbirləri keçirilərkən Cinayət Məcəlləsinin müddəaları kobud şəkildə pozulub:

«Elvin Abdullazadə saxlanarkən üzərinə baxış keçirilməyib. 8 saat Bakı Şəhər Baş Polis İdarəsində saxlandıqdan sonra üzərinə baxış keçirilib. Bu müddət ərzində hətta üstündə narkotik maddə olsaydı belə, onu kənarlaşdıra bilərdi. Bundan başqa da hüquqları kobud şəkildə pozulub. Yanvarın 8-i tutulsa da, bir gün sonra dindirilib. Hüquq pozuntusu ilə tərtib olunmuş protokol sübut kimi yolverilməz olduğundan məhkəmə baxışından xaric edilməlidir».

Məhkəmə bu vəsatətə baxılmasını təxirə salıb. Sənədlərin tədqiqi zaman bu məsələyə bir daha qayıdılmasının mümkünlüyünü qeyd edib.

«HƏYATIMDA NARKOTİK MADDƏ GÖRMƏMİŞƏM»

Daha sonra Elvin Abdullazadə ifadə verib, özünü ittiham üzrə təqsirli bilməyib, saxlanarkən ona edilən mənəvi və fiziki təzyiqlərdən danışıb:

«Universitetdən çıxanda iki nəfər mülkigeyimli məni saxladı, mülki maşına mindirib Bakı şəhər Baş Polis İdarəsinə gətirdilər. Elə maşındaca mənə fiziki və mənəzi təzyiqlər edildi. Əlimə qandal vurub onu möhkəm sıxdılar. İdarədə məni narkotik maddələrlə mübarizə bölməsinə apardılar. Mən həyatımda narkotik maddə görməmişəm. Orada məni döydülər, təhqiramiz sözlər dedilər. 8 saat qandalda saxladılar, qandalı sıxırdılar. Bircə yemək yeyəndə qandalı açdılar. O müddətdə telefonumu çıxarıb «facebook» səhifəmə saxlandığımı yazdım, qandallı şəklimi qoydum. Bunu görüb telefonu əlimdən aldılar, yazdıqlarımı pozdular. Axşam saatlarına kimi orada saxladılar. Sonra 4-cü mərtəbədən 3-cü mərtəbəyə endirdilər. Pilləkənləri düşəndə hiss etdim ki, şalvarımın arxa sağ cibinə nəsə qoydular. Gətirdilər axtarış aparılan yerə. Gördüm ki, arxa sağ cibimdən mənə aid olmayan, siqaret kağızına bükülü nəsə çıxdı. Dedim bu nədir, palçığa oxşayır. Sonra şoka düşdüm, nə etdiyimi bilmədim, həmin bükülünü ayaqlamağa başladım, özümü idarə edə bilmirdim. Daha sonra təzyiqlər göstərilsə də çətinliklə öz izahatımı yazmağa nail oldum. Bundan sonra müvəqqəti saxlanma təcridxanasına aparıldım».

Vəkilin təzyiqlərlə bağlı sualına cavabında Elvin Abdullazadə siyasi fəaliyyətinə görə təhdid olunduğunu dedi:

«Məni siyasi fəaliyyətimə görə təhdid edirdirlər, deyirdilər ki, səni öldürərik, təhqiredici söyüşlər söyürdülər. Üç nəfər isə məni döyürdü».

«YAĞIŞ YAĞIRDI, ONA GÖRƏ...»

Daha sonra prosesdə şahidlər dindirildi. Polis işçisi Fikrət Nəsibov Elvin Abdullazadənin narkotik maddə alveri ilə məşğul olması barədə məlumat aldıqlarını və bu səbəbdən əməliyyat keçirdiklərini və Elvin Abdullazadəni saxladıqlarını dedi. O, ifadəsində Elvinin əllərinə qandal vurmadıqlarını, ona hər hansı təzyiq göstərmədiklərini bildirdi. Vəkilin «niyə saxladığınız zaman baxış keçirmədiniz» sualına polis işçisinin cavabı zalda gülüşə səbəb oldu:

«Qış ayı idi, yağış yağırdı, soyuq idi, ona görə gətirdik ki, idarədə baxaq».

Elvin Abdullazadə isə ona təzyiq göstərənlərdən birinin, onu öldürəcəyi ilə hədələyənin məhz Fikrət Nəsibov olduğunu bildirdi.

Şahid kimi dindirilən digər polis əməkdaşı Emil İsmayılov da bildirdi ki, baxış zamanı Elvin Abdullazadənin üzərindən narkotik maddə olması şübhəli bilinən əşya tapılıb.

Elvin Abdullazadə dedi ki, Emil İsmayılov o saxlanan zaman özünü Şiraslan kimi təqdim edib, deyib ki, işverəndir, «KQB»çidir, ona təzyiq göstərib. Bu deyilənləri Emil İsmayılov inkar edib.

«GÜL KİMİ UŞAQDIR....»

Daha bir şahid kimi dindirilən polis əməkdaşı Vüqar Nəcəfovun vəkilin suallarına cavabı zaldakıların gülüşünə səbəb olub:

«Əlavə suallar verməyin də. Gül kimi uşaqdır, bir balaca səhvi var, ona görə buradadır. Kim boynuna alar ki, bu cür əməlini».

Elvin Abdullazadə özünü ona Elşən kimi təqdim edən bu şəxsin onu döydüyünü, qandalları sıxdığını bildirib.

Vəkilin Elvin Abdullazadənin saxlanması ilə üzərinə baxış keçirilməsi arasındakı zaman fərqi ilə bağlı sualına şahidlərin cavabları ziddiyyət yaradıb. Protokolda axtarışın 20-05-də keçirildiyi qeyd olunsa da, şahidlər gəncin gündüz saatlarında saxlandığını deyib. Amma arada 8 saat vaxtın keçməsi ilə bağlı deyilənlərlə də razılaşmayıblar.

«POLİS İDARƏSİNİN QEYRİ-RƏSMİ İŞÇİLƏRİ»

Daha sonra hal şahidləri dindirilib. Hafiz Əliyev sözügedən əşyanın Elvin Abdullazadənin cibindən çıxdığını bildirdi. Elvinə hər hansı təzyiqin şahidi olmadığını vurğuladı. Digər hal şahidi Dərgah Quliyev də eyni fikirləri təkrarladı.

Hər iki hal şahidi ilə bağlı Elvin Abdullazadənin fikri soruşuldu:

«Hər iki şahidi orada olduğum müddətdə həm 3-cü, həm də 4-cü mərtəbədə dəfələrlə görmüşəm. Bunlar hal şahidi deyirlər, polis idarəsinin qeyri-rəsmi işçiləridirlər».

Şahidlərin dindirilməsindən sonra prosesdə axtarış əməliyyatının videogörüntüsü nümayiş olundu. Görüntüdən göründü ki, şahidlərin dediyindən fərqli olaraq, cibindən siqaret kağızına bükülü əşya çıxan zaman Elvin Abdullazadə bunun ona aid olmadığını deyir.

Bundan sonra hakim həmin əşyanın heroin olması ilə bağlı ekspertiza rəyini və müayinə zamanı Elvin Abdullazadənin narkotik maddə istifadəçisi olmadığının bəlli olduğunu elan edib.

Bununla da məhkəmənin istintaqı başa çatıb.

Vəkil Əli Mehtiyev əlavə şahidlərin dəvət olunması ilə bağlı Elvin Abdullazadə ilə məsləhətləşməyə ehtiyac duyduğunu bildirdi.

Növbəti proses mayın 25-ə təyin olundu.

Elvin Abdullazadə narkotik maddə saxlamaqda ittiham olunur. Ailəsi və üzvü olduğu partiya onun həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG