Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 06:51

FHN əsgəri ölüb, ya öldürülüb?


Tapdıq Babaşov
Tapdıq Babaşov

Hərbi hissədən Tapdıq Babaşovun öz əcəli ilə öldüyünü bildirsələr də, ailə üzvləri iddia edirlər ki, onu hərbi hissədə döyərək ağır xəsarət yetiriblər və daha sonra izi itirmək üçün 4-cü mərtəbədən aşağı atıblar.

Mayın 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridə yerləşən hərbi hissəsində xidmət keçən Tapdıq Babaşov həlak olub. Bu haqda AzadlıqRadiosuna mərhumun yaxın qohumu Cavid Hacıbəyli məlumat verib. Onu sözlərinə görə, hərbi hissədən Tapdıq Babaşovun öz əcəli ilə öldüyünü bildirsələr də, ailə üzvləri buna şübhə ilə yanaşırlar. Qohumları iddia edirlər ki, mayın 22-də onu hərbi hissədə döyərək ağır xəsarət yetiriblər və daha sonra izi itirmək üçün 4-cü mərtəbədən aşağı atıblar.

FHN əsgəri ölüb, ya öldürülüb?
Gözlə

No media source currently available

0:00 0:05:27 0:00
Direct-ə keçid

Yaxınları deyirlər ki, xəsarət alan əsgər Musa Nağıyev adına Təxirə Salınmaz və Təcili Tibb Klinikasına yerləşdirilib və əməliyyat edilib. Bir gün komada qalan Tapdıq Babaşovun həyatını xilas etmək mümkün olmayıb. Klinikadan hərbi hospitalın morquna gətirilən əsgərin cəsədini mayın 23-də ailəsinə təhvil veriblər.

QIRMIZI DİPLOMLU ƏSGƏR

Tapdıq Babaşov 1992-ci ildə Qobustan rayon Təkəli kəndində anadan olub. Qohumlarının bildirdiyinə görə, BDU-nin tarix fakültəsini Qırmızı diplomla bitirib. Ölümündən bir ay öncə, bu il aprelin 22-də Qobustan rayon hərbi komissarlığı tərəfindən xidmətə çağırılıb. Qohumlarının bildirdiyinə görə, bu yaxınlarda o, xidmət etdiyi hərbi hissədə andiçmə mərasimindən keçib.

Cavid Hacıbəyli də qohumunun öz əcəli ilə ölməsinə inanmır və onun bədənində zorakılıq izlərinin olduğunu bildirir:

“ Sağlamlıq vəziyyəti ilə bağlı heç bir problemi yox idi. Özü vətəni o qədər sevirdi ki, cəbhə bölgəsində xidmət etməkdə həvəsli idi. Lakin, FHN-in hərbi hissəsinə düşdü. Xəbər gəldi ki, mayın 22-də günorta saatlarında Tapdığı Klinikaya gətiriblər. Səbəbi isə guya binadan yıxılmasıdır. Bəlkə də xəstəxanaya gətiriləndə artıq ölübmüş, bizdən gizlədiblərmiş. İstintaq yəqin ki, müəyyən edəcək bunu.

Qollarında gözlərimlə gördüyüm gömgöy ip izləri var idi. Balamı 4-cü mərtəbədən atdılar, qanına qəltan edib üstümə göndərdilər. Vətəni sevmək günahdırmı, vətənə qulluq etməyin mükafatı budurmu?

Baş nahiyəsi zərbədən darmadağın idi. Onun alın nahiyəsi batıq idi. Bunu ekspertiza da müəyyənləşdirdi. Ailəsində məlumat var ki, Tapdığı öncə möhkəm döyüblər, sonra başını dəmirə çırpıblar. Çəkməsinin bir tayının ipi yox idi. Həmin iplə onun qollarını bağlayıb, sonra boğazına keçiriblər. Bunu izlərdən də görmək olar. Başı darmağın idi. Rəsmilər araşdırdıqlarını desələr də, hələlik heç bir məlumat verilmir".

“MƏNDƏN SONRA HEÇ BİR ANA YANMASIN...”

Bu günlərdə sosial şəbəkələrdə “Əsgər Babaşov Tapdığın anasının fəryadı” adlı video yerləşdirilib. Həmin videoda Tapdıq Babaşovun anası oğlunun hərbi hissədə qəsdən öldürüldüyünü bildirir:

“ Mənim oğlum 2015-ci il aprelin 22-də vətənə xidmətə getdi. Mayın 22-də balamı faciəli şəkildə öldürüb üstümə göndərdilər. Qollarında gözlərimlə gördüyüm gömgöy ip izləri var idi. Balamı 4-cü mərtəbədən atdılar, qanına qəltan edib üstümə göndərdilər. Vətəni sevmək günahdırmı, vətənə qulluq etməyin mükafatı budurmu? Bəsdir artıq əsgər ölümü. Qoy axırıncı əsgər olümü bu olsun! Məndən sonra heç bir ana ağlamasın, heç bir ana yanmasın. Əsgər ölümünə son qoyulsun!”

Yuxarıda qeyd olunanlar mərhum əsgər Tapdıq Babaşovun yaxınlarının iddiasıdır.

Məsələ ilə bağlı FHN-in münasibətini öyrənmək mümkün olmayıb. Qarşı tərəf münasibət bildirdikdən sonra AzadlıqRadiosu bu məlumatı diqqətə çatdıracaq.

7 AYDA 37 ÖLÜM

Cavid Hacıbəyli isə deyir ki, mayın 25-də nazir müavinləri başda olmaqla FHN-dən bir qrup heyət mərhumun yas mərasimində iştirak ediblər. Onun sözlərinə görə, mərhumun ailə üzvləri ilə görüşən nazirlik yetkililəri günahkarların tapıldığını və tezliklə cəzalandırılacaqlarını bildiriblər.

2013-cü ildə əsgər ölümlərinə etiraz aksiyası
2013-cü ildə əsgər ölümlərinə etiraz aksiyası

Bu, qeyri-döyüş şəraitində vəfat edən əsgərlərlə bağlı ilk məlumat deyil. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı məlumata görə, təkcə ötən ilin ilk 7 ayında 37 belə ölüm hadisəsi baş verib. Məlumata görə, bu ölümlərin çoxu ya qəsdən tördədilib, yaxud da qeyri-insani rəftarla üzləşən əsgər intihar edib.

Rəsmilər isə adətən bu cür məlumatları təkzib edir, həmin əsgərlərin əksəriyyətinin öz əcəli ilə öldüyünü bildirirlər.

MƏRHUM ƏVVƏLLƏR “ƏSGƏR ÖLÜMLƏRİNƏ SON!” AKSİYASINDA İŞTİRAK EDİBMİŞ

Məlumata görə, 2012-2013-cü illərdə isə bu cür əsgər ölümlərinin sayı daha artıq olub. Həmin vaxt bu ölümlərə etiraz olaraq aksiyalar da keçirilib. 2013-cü il yanvarın 12-də “Əsgər ölümlərinə son!” şüarı ilə keçirilən etiraz aksiyasında mərhum Tapdıq Babaşov da iştirak edib.

XS
SM
MD
LG