Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 10:30

Günel Mövlud. Gənclərin ən bədbəxti


Günel Mövlud
Günel Mövlud

-

Xərcliyini atasından, anasından alan gənc min dənə mənasız sual eşitməyə, min dənə yersiz suala cavab verməyə, hər addımı barədə hesabat verməyə borcludur...

Günel Mövlud

VALİDEYN PULU

Universitetə qəbul olunan ildən maddi cəhətdən müstəqil yaşayıram.

Elə birinci kursdaca bir qəzet tapmışdım, xırda-xırda müsahibələr, yazılar verir, az da olsa, qonorar ala bilirdim.

Az idi, qəpik-quruş idi, amma uşaqlıqdan öyrəşdiyim qənaət, sadə yaşaya bilmək hesabına bu pulla keçinə bilirdim.

Onsuz da kasıb ailəmizi daha da xərcə salmaq istəmirdim. Hətta arada az da olsa, bir qədər artırıb, evə verirdim ki, nəsə bir çatışmayanı alsınlar.

Sonra tərcümələrə başladım, uzun müddət pulsuz-qonorarsız tərcümələr edirdim ki, heç olmasa iş sifariş verənlərin belə bir tərcüməçinin varlığından xəbərləri olsun. Yazı, tərcümə, redaktə - nə iş olsa, götürürdüm...

Elə o vaxtdan alışdım maddi müstəqilliyə. Bütün üstünlüklərini gördüm bunun. O vaxtdan anladım ki, istər qız, istər oğlan, fərqi yoxdur, əsl gəncliyi ancaq maddi cəhətdən müstəqil olan adam yaşaya bilər.

Əgər gəncin maddi müstəqilliyi yoxdusa, valideyn lap milyonçu olsun, lap dünyanın ən demokrat valideyni olsun, xeyri yoxdur, necəsə, nə cürsə mane olacaq gəncin həyatına.

Xərcliyini atasından, anasından alan gənc min dənə mənasız sual eşitməyə, min dənə yersiz suala cavab verməyə, hər addımı barədə hesabat verməyə borcludur.

Peşə seçəndə, işə girəndə, ailə quranda, həyat yoldaşı seçəndə ata-ana ilə seçimini razılaşdırmalıdır. Min dənə tənə, töhmət eşitməlidir.

Bəzən gənclər ata-analarından şikayət edir. Filan vaxt evə tez çağırdı, filan şeyi eləməyı qoymur, xərcləməyə pul vermir, filan... baxırsan ki, gəncin əsas problemi odur ki, öz cibxərcliyini qazana bilmir.

Cibxərcliyini qazana bilsə, ailədəki problemlərin doxsan faizi həll olunacaq.

Maddi cəhətdən müstəqil olan gəncin isə, əksinə, valideyni nə qədər konservativ olsa da, gənc özünün qazandığı pulla yaşadığı üçün, müstəqil ola biləcək, gəncliyini istıdiyi kimi yaşayacaq.

Pulunu, xərcliyini özü qazanan gənc öz gəncliyinin sahibidir. Istəyər, restoranda-kafedə oturar, istəyər, dostları ilə uzaq səfərlərə çıxar, istəyər, xarici ölkələrə səyahətə gedər.

Hələ mentaliteti nəzərə alsaq, qızlara belə şeylər çətin olsa da, oğlanlar lap sərbəst yaşaya bilər. İstəyər başqa evdə yaşayar, istəyər evə gecə yarısı gələr, istəyər, heç gəlməz.

Daha hara getdin, kimlə idin, niyə o qədər pul xərclədin, bu vaxta qədər harada idin kimi sualları eşitməyə və bu suallara cavab verməyə borclu qalmaz.

Rahat universitetini seçər, işini seçər, evlənəndə həyat yoldaşını seçər. Ayrı evdə yaşayan, öz xərcliyini qazanan, öz həyatının ağası olan adama nə etmək olar? Onu danlamaq, töhmət, tənə eşitdirmək mümkündürmü? Yox.

Yanlış anlamayın. Istər evə gələr, istər gəlməz demək, sərbəst həyat o demək deyil ki, gənc özünü avaralığa qoymalıdır. Bizim gənclər çox vaxt azadlığı əxlaqsızlıqla qarışdırırlar.

Amma gənclikdə belə hər şeyin öz yeri var. Gənc dostları ilə əylənə bilər, səhvlər edə bilər, amma gənc bilməlidir ki, bütün bunlar öz yerində, təhsil, karyera qurmaq, öz üzərində çalışmaq da öz yerində.

Daha hardansa əlinə bir az pul keçib deyə, valideynlərindən ayrılıb, avaralıq etmək, təhsili, işi atmaq azadlıq deyil, avaralıqdır.

Bəzən gənc cütlüklər hələ bir iş, qazanc sahibi olmadan evlənirlər. Dünənə qədər oğullarına baxan ata-ana indi üstəlik, gəlini də yedizdirməli, paltar almalı olurlar.

Buna görə də, valideynlər bu cütlüyün həyatı, gündəlik işləri, planları, hərəkətləri, kimlə oturub-durmalı olduqlarıbarədə qərar verirlər. Məişət, mətbəx bir yerdə olduğundan narazılıqlar, tənələr, töhmətlər baş alıb gedir.

Gənc cütlük hara gedəcəkləri, nə edəcəkləri barədə qərar verə bilmirlər. Adı da olur qaynana-gəlin, qaynata-gəlin davası. Halbuki baxırsan, bu adamlar ayrı evlərdə yaşasalar, cütlük öz dolanışıq pulunu özü qazana bilsə, valideynlərlə heç bir problem olmaz.

Əlbəttə, maddi cəhətdən müstəqil oldu-olmadı, övladı da, gəlini də divara qısnayan, sıxan valideynlər də çoxdur.

Amma bəzi ailələrin problemi, məsələnin kökü gənclərin məhz maddi cəhətdən müstəqil olmamasına dirənir.

Işləmək zülüm deyil. Sadəcə bir az artıq əziyyət çəkirsən.

Amma bu bir az artıq əziyyət adama nə qədər sərbəstlik, üstünlük qazandırır. Üzün hamının yanında ağ olur.

Öz həyatının sahibi olursan. Danlaqlardan, töhmətlərdən qurtarırsan.

Əlbəttə, iş tapmaq, iş tapandan sonra maaşı vaxtında ala bilmək, ümumiyyətlə ala bilmək də çətindir.

Amma həvəsi, istəyi olan adam, işləmək, müstəqil olmaq istəyən adam hardansa, necəsə yolunu tapacaq. Qalanları bəhanədir...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG