Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:34

Azərbaycan medalı hansı idman növündən gözləyir


Magomed Abdulhamidov London olimpiadasında yaponiyalı Satoshi Shimizu-yə qarşı vuruşur-2012
Magomed Abdulhamidov London olimpiadasında yaponiyalı Satoshi Shimizu-yə qarşı vuruşur-2012

-

Ev sahibi Azərbaycanın yığma komandası I Avropa Oyunlarına Rusiya və İtaliyadan sonra ən böyük heyətlə qatılan üçüncü ölkədir. Azərbaycan Avropa Oyunlarında 291 idmançı ilə təmsil olunacaq.

Milli Olimpiya Komitəsinin məlumatına görə, Azərbaycan millisi atletika yarışlarında 35, gimnastikada 28, cüdoda 18, boksda 15, qılıncoynatmada 16, su polosu yarışlarında 13, üzgüçülük yarışında 11, atıcılıqda 10, taekvandoda 8, samboda 8, kayak və kanoe yarışlarında7, velosiped yarışlarında 7, kamandan oxatma 6, stolüstü tennis yarışında 6 idmançı ilə gücünü sınayacaq. Ölkənin 24 nəfərlik güləş yığması yarışlarda tam heyətlə çıxış edəcək. Karate yarışlarına 12 idmançı qatılacaq. Komanda yarışlarında voleybol, basketbol, çimərlik voleybolu, çimərlik futbolunda mübarizə aparacaq.

Azərbaycan idmançıları ən az idmançı ilə triatlon yarışlarında (3), cüdo (paralimpiya) (3), badminton (2), suyatullanmada (2) təmsil olunacaq.

Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi medalların sayına və əyarına görə ölkə idmançılarını ilk beşlikdə gördüklərini bildiriblər.

MEDALLARI ƏNƏNƏVİ İDMAN NÖVLƏRİNDƏN GÖZLƏMƏK LAZIMDIR

İdman şərhçisi Sərxan Musayev deyir ki, Azərbaycan idmançıları ənənəvi idman növlərindən medal gözləyə bilər:

«Bu mənada güləş birincidir. Əsas medal ümidlərimiz bu növdədir. Bura boksu da aid edə bilərik. Boksdan bir neçə medal gözləmək olar. Qadın voleybolunda da medal əldə etmək olar. Atletikada da bəzi gənc perspektivli idmançılarımız var. Bundan başqa karate, sambo, cüdo, yəni əsasən fərdi növlərdə Azərbaycan idmançılarının uğur qazanacağı gözlənilir. Üzgüçülük, su polosu, triatlon, atıcılıq, badminton, stolüstü tennis, çimərlik futbolu bizdə o qədər də inkişaf etmədiyi üçün medal gözlənilmir. Belə düşünürəm ki, Azərbaycan yığması medalların sayına və əyarına görə ilk 10-luqda yer alacaq».

Maria Stadnyk amerikalı Clarissa Chun-a qarşı mübarizə aparır - 2014
Maria Stadnyk amerikalı Clarissa Chun-a qarşı mübarizə aparır - 2014

Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dördqat Avropa çempionu güləşçi Maria Stadnyk Avropa Oyunlarının medalını da qazanmaq əzmindədir:

«İlk Avropa Oyunlarında çempion olmaq mənim məqsədimdir. Buna ümidim böyükdür».

Oyunlara bir neçə gün qaldığından cüdoçular da son məşqlərini keçirirlər. Cüdoçu Rüstəm Orucovun da başı hazırlıqlara qarışıb:

«Hazırda son təlim-məşqlər keçirik. Ciddi hazırlıq gedir. Çox güclü mübarizə olacaq. Buna baxmayaraq yaxşı nəticəmiz olmalıdır. Medal qazanmağa çalışacağam. Deyim ki, çempion olacağam, bunu heç kim deyə bilməz. Ancaq istəyirəm. Özümə inanıram».

«TİKİLƏN İDMAN BAZALARI UŞAQLARIMIZA QALACAQ»

Afina Olimpiadasının bürünc mükafatçısı, atıcı İradə Aşumova isə deyir ki, oyunlarda iştirakını gözləmirmiş. 57 yaşlı idmançının sözlərinə görə, yaş da öz sözünü deyir:

İradə Aşumova
İradə Aşumova

«Çox şadam ki, bu oyunlar Bakıda keçirilir. Ona görə ki, tikilən idman bazaları, stadionlar bizim xalqımıza, dövlətə, uşaqlarımıza qalacaq. Buna görə çox şadam. Özümə gəldikdə, Avropa reytinqdə 11-ci yeri tutub bu yarışa düşəcəyimi gözləmirdim. Bu yaşda hazırlıq da çətindir. Həm göz, həm qol bir az zəifləyir. Çalışacağam ki, heç olmasa, orta yerləri tutum, axırıncı olmayım. Yaş deyir ki, «artıq bəsdir». Gənclərimiz də bir az zəifdir. Kim necə nəticə göstərəcək, dəqiq deyə bilmirəm».

Avropa Oyunları 12 idman növü üzrə Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanları verir. Bəzi növlər üzrə isə lisenziya xalları yığılır.

ÇEMPİON OL, 100 MİN MANAT QAZAN

İyunun 9-da prezident İlham Əliyev I Avropa Oyunlarında yüksək yer tutan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, birinci yeri tutan idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat; ikinci yeri tutanidmançıya 50 min manat, şəxsi məşqçisinə 25 min manat; üçüncü yeri tutan idmançıya 30 min manat, şəxsi məşqçisinə 15 min manat mükafat veriləcək.

XS
SM
MD
LG