Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 23:26

«Onlara idarə edilə bilən prezident lazımdır»


Rafael Hüseynov
Rafael Hüseynov

-

«Azərbaycan kimi mühüm geostrateji məkanda yerləşən, zəngin enerji ehtiyatlarına malik, bir sıra ölkələrin daimi maraq dairəsinə daxil olan ölkələr üçün müstəqil qalmaq nə qədər müşküldürsə, müstəqil siyasət apara bilmək bundan dəfələrlə qəlizdir».

Bunu iyunun 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov «Azərbaycanda demokratik təsisatların fəaliyyəti» adlı məruzə ilə çıxışında deyib.

Xəbəri AzərTac yayıb.

DEMOKRATİYA, SÖZ AZADLIĞI, İNSAN HAQLARI KİMİ CİDDİ DƏYƏRLƏR

Rafael Hüseynov deyib ki, Azərbaycana qarşı iri xarici dövlətlərin bilavasitə və ya da bir sıra beynəlxalq təşkilatlar vasitəsilə apardığı gizli mübarizə çox zaman insan hüquqları, demokratiya pərdəsi altında həyata keçirilir:

«Gizlətməyə ehtiyac yoxdur. Azərbaycanı təsir dairəsinə daxil etmək niyyətində olan böyük güclər Azərbaycanda indiki kimi güclü deyil, onlar öz qətiyyəti, dövlətçi iradəsi olmayan, kənardan asanca idarə edilə, yönəldilə bilən bir dövlət başçısı və hakimiyyətin varlığında maraqlıdırlar. Demokratiya, söz azadlığı, insan haqları kimi ciddi dəyərlər nə acı ki, bu zaman həmin xəbis niyyətləri gerçəkləşdirmək üçün bir möhtəkirlik vasitəsinə çevrilir».

«ONLARIN XEYLİ HİSSƏSİ SAVADLI, AVROPA DİLLƏRİNƏ BƏLƏD İNSANLARDIR»

Rafael Hüseynov deyib ki, Azərbaycanda həbsdə «vicdan məhbusu», «siyasi məhbus» kimi qələmə verilən bir sıra şəxslər var.

«Onların xeyli hissəsi savadlı, qabiliyyətli, Avropa dillərinə bələd olan insanlardır. Mən qətiyyən istəməzdim ki, onlar məhbus həyatı yaşasınlar. Lakin istintaq materialları onların xarici xüsusi xidmət orqanları tərəfindən ələ alındığını danılmaz faktlarla sübut edir. Bu, Azərbaycana qarşı işləyən iri xarici güclərin son illərdə yürütdüyü siyasətin başlıca elementidir. Çünki casusluğa cəlb edilmiş tanınan bir hüquq müdafiəçisinin, bloqqerin, jurnalistin ifşa edilərək həbs olunmasından sonra bu adlarla spekulyasiya və manipulyasiyalar etmək asandır. Onların casusluğa görə yox, guya məhz siyasi baxışlarına görə həbs edildiyini aləmə car çəkməklə Azərbaycana qarşı işləyən məkrli qüvvələr əlavə əks-təbliğat imkanı qazanmış olurlar» - Rafael Hüseynov bildirib.

XS
SM
MD
LG