Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:30

"Təhsil Nazirliyinin bu qərarının fəsadı sonra çıxacaq"


Xudat məktəbində kompüter laboratoriyası.
Xudat məktəbində kompüter laboratoriyası.

-

Növbəti tədris ilində 50 məktəbin 10 və 11-ci sinif şagirdləri istəsələr, informatika fənni keçməyəcəklər.

İyunun 8-də Təhsil Nazirliyi 50 orta məktəbin təmayülləşməsi ilə bağlı yeni əmr imzalayıb. Həmin əmrdə sözügedən məktəblərdə texniki təmayül nəzərdə tutulsa da, informatika fənni tədris olunmayacaq.

«İNFORMATİKA TƏKCƏ «WORD», «EXCEL» DEYİL»

«Təsəvvür edin ki, 10-11-ci siniflər arasında dünya olimpiadasında 5 fənn varsa, onun biri informatikadır».

Gülnarə Səlimova Bakı Modern Məktəbində informatika fənnini tədris edir. Onun çalışdığı məktəb nazirliyin seçdiyi 50 məktəbin siyahısında yoxdur. Amma bununla belə, bu addım onu narahat edir. Deyir ki, bu fənnin tədrisi nəinki ləğv olunmalı, əksinə, daha da gücləndirilməlidir.

«Çoxu elə bilir ki, informatika fənni yalnız «Word», «Excel» və internetdir. Bu, çox səhv yanaşmadır. Biz, məsələn, bu il informatika fənninə yeni bir qol əlavə etdik – robotlaşma, robotexnika. Ümumiyyətlə, informatika bir elmdir. Bu gün uşaqlarda bu fənnə o qədər çox maraq yaranıb ki. Ona görə də bu fənni təkmilləşdirmək, daha da maraqlı etmək, praktikasına nail olmaq, dərs saatlarını artırmaq lazımdır. Biz bunu gözləyirdik. Uşaqların informatikaya indi marağı daha çoxdur, çünki burada düşünmə, mənimsəmə, alqoritm, beyin işlətmə var».

«FƏSADLARI SONRA ÜZƏ ÇIXACAQ»

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də nazirliyin bu addımını düzgün hesab etmir. Deyir ki, söhbət təkcə məktəblilərin İKT bacarığından getmir, mənfi fəsadlar daha genişdir:

Osman Gündüz
Osman Gündüz

«Düşünürəm ki, Azərbaycanda informatika fənninin ləğvi təkcə məktəblilərdə İKT bacarıqlarının daha da pisləşməsinə səbəb olmayacaq. Bu, həm də ölkədə informasiya cəmiyyətinin, elektron hökumət quruculuğunun formalaşmasına, İKT mütəxəssislərinin yetişməsinə həddən artıq ziyan vuran bir addımdır. Bunun fəsadları sonradan üzə çıxacaq».

Nazirliyin əmrində informatika fənninin tədrisdən çıxarılma səbəbi göstərilmir. Amma Osman Gündüz belə bir addımı TQDK-nın bu fənn üzrə imtahan götürməməsi ilə bağlayır. Deyir ki, bir müddət öncə onlar TQDK qarşısında da bu məsələni qaldırıblar, informatika fənninin imtahana salınmaması səbəbini araşdırıblar:

«Onlar bildirdilər ki, orta məktəblərdə informatika yetərincə tədris olunmadığına görə daha çox adamın zəif nəticə göstərəcəyini nəzərə alaraq, hələ ki bu fəndən imtahan götürməyi düzgün hesab etmirlər. Bu cavab daha məntiqlidir və göstərir ki, informatikanın tədrisini gücləndirmək lazımdır. İnformatikanın tədris proqramını daha da gücləndirmək, dünya standartlarına uyğunlaşdırmaq əvəzinə, belə bir addım atmaq qətiyyən düzgün deyil».

Təhsil Nazirliyi
Təhsil Nazirliyi

«İKT-NİN TƏDRİSİNİ HEÇ KİM QADAĞAN ETMİR»

Sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyi AzadlıqRadiosuna açıqlama verib. Yazılı bildirişdə göstərilir ki, söhbət informatika fənninin ləğvindən getmir. Bildirilir ki, təmayül məktəblərdə İKT-nin seçmə fənn kimi tədrisi qadağan olunmur:

«Təmayülləşmənin əsas məqsədi odur ki, şagird seçdiyi ixtisas üzrə meyl və marağına uyğun daha dərin hazırlığa malik olsun. İnformatika fənni üzrə məktəblilər I-IX siniflərdə biliklər qazanırlar. Müasir biliklərin tədrisini İKT bacarıqları olmadan təsəvvür etmək mümkün deyil. Təmayül məktəblərdə İKT-nin seçmə fənn kimi tədrisini heç kim qadağan etmir. Bundan başqa, dərsdənkənar məşğələlərin məzmunu müəyyən olunarkən İKT bacarıqlarının inkişafı ilə bağlı məsələlərə diqqət yetirilməsi də tövsiyə edilir» – nazirliyin açıqlamasında deyilir.

Anlaşılan odur ki, informatika fənnini öyrənmək bir növ könüllü qaydada şagirdlərin ixtiyarına verilir. O da deyilir ki, söhbət pilot layihədən gedir və gələcəkdə bu sistemin təkmilləşdirilməsi mümkündür.

XS
SM
MD
LG