Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:43

Avropa Oyunları bitdi, limonsatanlar qayıtdı...


-

Enerji yığan cihazın “axırına çıxıblar”

Avropa Oyunları Bakıya bir sıra yeniliklər, dəyişikliklər və qadağalar gətirsə də, indi artıq onların çoxu yoxa çıxıb.

İyulun 1-də sürücüləri, özləri demiş, “var-yoxdan çıxaran” sarı zolaq qadağası ləğv olunub. Ancaq yük maşınları üçün bu qadağa hələ də qalır.

Rayon qeydiyyatlı maşınların da Bakıya giriş yasağı iyulun 10-a qədər uzadılıb.

Avropa Oyunları ərəfəsində Bakı metrosuna gətirilən kondisionerli, az səsli qatarlar köhnə qatarlarla yanaşı işləyir. Ara-sıra bəxti gətirən sərnişinlərin qarşısına təzə qatarlardan da çıxır.

Bakı metrosu Oyunlardan sonra
Bakı metrosu Oyunlardan sonra

Bəxti gətirməyənlər isə kondisioner bir yana, bəzən pəncərələri belə pərçimlənib açılmayan qatarlarda yol getməli olur.

Ancaq həm yeni, həm də köhnə qatarlarda elanlar Avropa Oyunları ərəfəsində olduğu kimi Azərbaycan və ingilis dillərində səsləndirilir.

“ASK ME”, KOSTYUMLU POLİSLƏR YOXDUR

Oyunlar vaxtı metroda, küçədə qarşılaşdığımız, əyninə “Ask me” T-Shirtləri geyib yolu tanımayanlara yol göstərən gənclər də yoxdur.

Baxmayaraq ki, həmişə olduğu kimi indi də hara necə gedəcəyini soruşan sərnişinlər var.

Ancaq bir neçə gün əvvələ qədər bu işin könüllüsü olmuş Ayşən deyir ki, oyunlar qurtarsa da, yolu tanımayan turistlərə, yerlilərə indi də kömək edir.

Rəsmən könüllü olmasa da, indinin özündə də ona yaxınlaşanlar çoxdur:

“Turistlər restoran, məscid, hamam soruşur. Bayaq elə biri Bəy Hamamını axtarırdı.

Yəqin Avropa Oyunları vaxtı öyrəşdiyimdəndir, görəndə ki, kimsə nəsə axtarır, tez kömək edirəm”.

Avropa Oyunları vaxtı şəhərin mərkəzi hissələrində və yarışların keçirildiyi idman obyektlərinin qarşısında xeyli sayda boz kostyum, ağ köynək geymiş, tünd qırmızı qalstuk taxmış polislər də vardı.

Pencəklərinin yaxasına vurulan polis sancağını görməyən onları mülki şəxs sayardı.

İndi onlar da yoxa çıxıb. Ancaq insafən elə oyunlar vaxtı Çevik Polis Alayının əməkdaşları olduqlarını söyləyən polislər deyirdilər ki, müvəqqəti işləyirlər, iyulun 1-dən əvvəlki polis paltarlarını geyinəcəklər.

Həmin polislərin danışığından belə məlum olurdu ki, klassik polis geyimində avropalılara sərt təsir bağışlamaq istəmirlərmiş.

ENERJİ YIĞAN CİHAZIN AXIRINA ÇIXILIB

İndi isə Bakı bulvarında velosipedçiləri ərazidən qovan klassik formalı polis görmək olur.

Bakı Bulvarında və Fəvvarələr Bağında ətrafı başına götürmüş musiqi səsi də eşidilmir, əyləncəli oyunlar da keçirilmir. Ancaq Avropa Oyunlarına aid, üstünə “Baku 2015” yazılmış işarələr, rəmzlər qalır.

Bunlardan ən gözəgəlimlisi, Azneft meydanında gecələr də işıq saçan iri nar rəmzidir.

Avropa Oyunları vaxtı bulvarda telefon və başqa texniki cihazlar üçün quraşdırılmış, günəş enerjisi ilə işləyən, pulsuz enerji yığan cihaz da qalır.

Ancaq cihazın 6 xəttindən ancaq biri işləyir, qalanları sıradan çıxarılıb.

LİMON, PALTAR SATAN TİCARƏTÇİLƏR QAYIDIB

Avropa Oyunlarının mərkəzi sayılan Bakı Olimpiya Stadionunun yerləşdiyi metronun "Koroğlu" stansiyasının ətrafı isə əvvəlki həyatına qayıdıb.

Bir aya yaxın idi stadionun, metronun yan-yörəsində bir dənə də olsun taksinin, avtobusun dayanmasına icazə verilmirdi.

İndi ətraf kəndlərə müştəri çağıran sürücülərin, limon, paltar-başmaq satanların səsi ətrafı başına götürüb.

Taksi sürücüsü Fərman Abbasov deyir ki, oyunlar vaxtı taksi sürücülərinə burda dayanmaq qadağan olunduğundan planı doldurmaq üçün xeyli əziyyət çəkirlərmiş:

“Bizi burdan qovlamışdılar. Başqa yerlərdən müştəri yığırdıq, planı zor-bəla ödəyirdik. İndi yenə qayıtmışıq, şükür Allaha”.

“AVROPALILAR ŞORTİK GEYMİRDİLƏR?”

Ucuz pal-paltar satan Bilqeyis isə oyunlar vaxtı xırda ticarətçilərə alverin qadağan olunmasından şikayətlənir:

“Başa düşmürdüm niyə qoymurdular. Mən şortik satırdım, bəyəm avropalılar şortik geymirdilər?”

İndi isə Bilqeyis səsinin gəldiyi qədər gur səslə müştəri çağırır:

“Şortik, şortik, şortik”...

SƏYYAR TUALET GÖZƏ DƏYMİR

Atletlər Kəndinin yerləşdiyi binalar da kimsəsizdir.

Binalardan birinin pəncərəsinə vurulmuş Azərbaycan bayrağının yaşıl hissəsinin yarısı qopub.

Özü də bu, ən yüksək nöqtədən görünür. Bir də Avropa Oyunları vaxtı şəhərin bəzi hissələrinə səyyar tualetlər də qoyulmuşdu.

Həmin tualetlərdən biri də İçərişəhərdə Şirvanşahlar Sarayına gedən yoldaydı.

Düzdür, onda da, nə vaxt görsən, üstündə qıfıl olurdu. İndi həmin səyyar tualeti yerli-dibli yığışdırıblar.

XS
SM
MD
LG