Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:44

Fitrə neçə manat olmalıdır?


-

“Minimal hesablayıb deyirlər ki, 5 manat olmalıdır.

Gəlin gedək bir yerdə oturaq, bu 5 manata bir öyün yemək yeyə bilərikmi?”

İyulun 17-18-də Ramazan Bayramıdır. Bayramdan qabaq imkanı çatan evindən fitrə çıxarmalıdır. Bəs bu fitrə nə qədər olmalıdır? Qafqaz Müsəlmanları İdarəsinin fətvasında deyilir ki, bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə verilməsi məsləhət görülür.

Ancaq dini ekspert Elşad Miri fərqli rəqəm deyir.

- Bununla bağlı müəyyən rəqəmlər söyləyirlər. Sadəcə, düşünmək lazımdır ki, bir insanın bir günlük yeməyi nə qədərdir? Adam var, bunun bir günlük yeməyi 5 manatdır, adam var 10-15 manatdır, adam da var 100 manat, 50 manatdır. Yəni hər kəs öz yediyinə, yaşayışına uyğun olaraq həmin fitrəni çıxarmalıdır. Çünki bu, kasıblara verilir. Demək bunu imkanı çatan insan verəcək. Həmin imkanlı da bir günü neçəyə başa gəlirsə, onu adambaşına hesablayıb fitrə çıxararsa, daha məqsədəuyğundur.

- Ortastatistik azərbaycanlı üçün bu rəqəm nə qədər ola bilər, təxmini?

- Statistika olmadığı üçün deməyə çətinlik çəkirəm. Minimal hesablayıb deyirlər ki, 5 manat olmalıdır. Gəlin gedək bir yerdə oturaq, bu 5 manata bir gün və ya bir öyün yemək yeyə bilərikmi? Bunu nəzərə almaq lazımdır. Beş manatla kimsə canını qurtarmağa çalışır. Oruc tutmaqda, fitrə verməkdə məqsəd nədir? İnsan bir ay oruc tutur və aclığı, ac qalanları başa düşür. Bunun əvəzində də həmin o insanları dərk edərək bayram payı verməli, kasıblara bayramlarını yaşayacaq şəkildə pay verməlidir. Yoxsa cibinin qırağında qalan beş manatı vermək nə qədər doğrudur?

- Amma bir ailədə adambaşına 5 manat və ya 10 manat fitrə verəndə elə də az rəqəm alınmır. Bu 20-30, bəlkə də çox edə bilər.

Cibinin qırağında qalan beş manatı vermək nə qədər doğrudur?

- Mən dediyim imkanlı şəxslərə vacibdir. Kasıbın özünə fitrə verilir. Kasıb kimə çıxarıb verəcək fitrəni? İmkanlı şəxslər bu məsələdə elə davranmalıdırlar ki... necə deyim, öz yaşayışlarını əks etdirməlidirlər bir növ. Kasıb da bayramını gözəl keçirə bilsin deyə lazım olan qədər fitrə verməlidir.

- Amma bu gün Azərbaycanda kasıb da evindən fitrə çıxarmağı vacib bilir.

- Təəssüf ki. Amma bu, kasıba aid deyil.

- Fitrənin önəmi nədir?

- Fitrə sədəqəsi deyilir buna. Müsəlmanların iki bayramı var: Ramazan və Qurban. Hər ikisi də birlik, bərabərlik aşılayır. İnsanlar birgə namaz qılır, qurban kəsib pay verirlər. Bir ay ac qalmaqla insan aclığı anlayır, “11 ayı da buna uyğunlaşdırıb yaşayacam, adi suyun əhəmiyyətini anladım, başqalarının susuzluqdan, aclıqdan nə çəkdiyini başa düşdüm” deyir. İslamda hər iki bayramda da ictimai, sosial yardımlaşma var. Fitrəni ona görə bayramdan qabaq çıxarırıq ki, kasıb da bayram ab-havasını duysun.

“Fitrə zəkatı ən azı 2,5 manat götürülə bilər”

Elşad Miridən fərqli olaraq Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu deyir ki, fitrə zəkatını ödəmək hər bir müsəlmana vacibdir. Amma o da bunu vurğulayır ki, fitrənin təyinatı imkansız insanlardır:

Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir

“Fitrə zəkatı barədə Fitr bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-buluğa çatmış, aqil (psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan şəxslərə fitrə zəkatı ayırmaq vacibdir. Fitrə zəkatı ayırmalı olan şəxs, özünün və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir”, - söyləyir İlqar Ibrahimoğlu.

O ki qaldı fitrə zəkatının nə qədər olmasına, DEVAMM sədri deyir: “Miqdarı 3 kiloqram olmalıdır, cinsi: – arpa, buğda, çörək, düyü və bu kimi ərzaq məhsulları və ya bunların müqabilində pul (bu il üçün adambaşı fitrə zəkatı ən azı 2,5 manat hüdudunda götürülə bilər).

Verilmə vaxtı: – bayram namazının qılınma vaxtınadək. Bayram namazı qılmayan şəxs, günortayədək verə bilər”.

XS
SM
MD
LG