Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:50

Köçkündən sual: Necə yaşayaq ki, məhv olmayaq?..


Arxiv fotosu
Arxiv fotosu

-

Xocalı köçkünü Qərənfil Sadıqova "Qaynar xətt"ə üzləşdiyi problemdən bəhs edir. Bərdə rayonu, 105 saylı texniki peşə liseyində məskunlaşan köçkünnün həyat yoldaşı Xocalıda həlak olub. Səkkiz övladını təkbaşına böyüdüb. İki övladı ötən il vəfat edib. Həmin övladlarından olan nəvələrini də indi o saxlayır.

"Nəvələrim də daxil olmaqla 25 nəfərlik ailəm var. Dolanışığımız dözülməzdir. 10 ildir hər yerə yazıram. Görünür, şəhid ailəsi, məcburi köçkün, pulsuz və kasıb olduğum üçün məmurlar ərizəmə baxmır. Bəs onlar mənim yerimdə olsaydı, nə edərdilər? 220 manat təqaüdlə 25 nəfər ailə üzvümü bu illərdə dolandırmaq asanmı olub? Prezidentin vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılıb cavab verilməsi barədə məlum sərəncamı var. Bəs nə üçün məmurlar bu sərəncama əməl etmir?"

"AĞIR HƏYAT ŞƏRAİTİ ÖVLADIMI CİNAYƏTƏ SÜRÜKLƏDİ"

Köçkün deyir, həyat yoldaşı Vaqif Sadıqov 1991-ci ildə Xocalıda qətlə yetirilib. Köçkün düşəndən Bərdə rayonunda texniki peşə liseyində məskunlaşıblar. Ağır həyat şəraiti övladlarının bir neçəsini cinayətədək sürükləyib:

"Övladlarım də bizimlə eyni peşə liseyində yaşayırlar. Yaşayışımız ağır idi. Böyük oğlum Ilyas Sadıqov işsizlikdən ailəsini saxlamaq üçün cinayətə qurşandı, narkotik maddə satdı. Ötən il həbsxanada dünyasını dəyişdi. İndi onun azyaşlı balalarına da mən baxıram. Kiçik oğlum Tapdıq Sadıqov çörəkpulu ucbatından harda gəldi, ağır şəraitdə, dözülməz şəraitdə işlədi. O da vərəm xəstəliyinə tutulub ötən il vəfat etdi. Onun da azyaşlı övladları mənim üstümdə qaldı".

Deyir, nə övladları, nə də gəlinləri iş tapa bilmirlər. Ailəyə ünvanlı sosial yardım və icarəyə torpaq sahəsi də verilmir ki, başını saxlasın.

"25 nəfər ailə üzvümü aldığım 220 manat təqaüdlə saxlayıram. Bu təqaüdlə bu boyda ailəni saxlamaq olarmı? Bu, heç onların çörəyinin pulusunu ödəmir. Rayonda sosial yardımı, icarə torpaqlarını, dükan yerini vəzifəli, pullu adamlara verirlər. Bizi icra başçısı da yaxına buraxmır. Qəbula gedəndə qapıda duran polis əməkdaşı içəri keçməyə qoyçur. Deyir, başçı yerində yoxdur. Dərdimizi kimə deməliyik?"

"NECƏ YAŞAYAQ Kİ, MƏHV OLMAYAQ?"

İndi ananı narahat edən odur ki, birdən digər övladları da imkansızlıqdan cinayət aləminə baş vurar.

"Onların da digər iki övladım kimi məhv olmalarını istəmirəm. Necə yaşamalıyıq ki, məhv olmayaq? Bölgələrdə məmurlar yalnız öz güzəranlarını düşünürlər, bizi adam yerinə qoymurlar. Həyat yoldaşı şəhid olmuş, iki oğlu həyatdan vaxtsız və faciəli köçmüş, 24 il köhnə lisey binasında məskunlaşıb 25 nəfəri təqaüdüylə yalnız çörəklə təmin edə bilən qadını bir dinləyən tapılmayacaqmı?"

Bərdə rayon İcra Hakimiyyətindən məsləhət görürlər ki, ailə üzvləri işlə təmin olunmaq üçün rayondakı məşğulluq mərkəzinə müraciət etsinlər.

XS
SM
MD
LG