Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:27

Leyla Yunus: «Yenə məhkəməni KQB əməkdaşları ilə doldurmusunuz»


L. Yunus: «Yenə məhkəməni KQB əməkdaşları ilə doldurmusunuz»
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

L. Yunus: «Yenə məhkəməni KQB əməkdaşları ilə doldurmusunuz»

-

Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun bugünkü məhkəməsi də zala daxil olmaq gərginliyi ilə başlayıb.

Proses iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Hələ proses başlamazdan öncə zal xidməti qapıdan içəriyə buraxılmış şəxslərlə, məhkəmə işçiləri ilə, demək olar ki, doldurulub.

Zala daxil ola bilməyən vətəndaş cəmiyyəti nümayəndələri məhkəmə qapısını bərk-bərk döyərək «Azad olmayan məhkəmə», «37-ci il» şüarları səsləndirərək etiraz ediblər. Bundan sonra polis əməkdaşları toplaşanları məhkəmə binasından uzaqlaşdırıb.

Məhkəmə iclası başlayan kimi Leyla Yunus özü də zalın məqsədli şəkildə naməlum şəxslərlə doldurulub, prosesi izləmək istəyənlərin içəri buraxılmamasına etirazını bildirərək, baş verənləri faşizm dövrünün məhkəmələri ilə müqayisə edib:

«Yenə də buranı KQB əməkdaşları, məhkəmə işçiləri ilə doldurub, adamları içəri buraxmırsınız. Bu zaldakıların yarıdan çoxunun bu işdən ümumiyyətlə, xəbəri yoxdur. Faşizm siyasətinə son qoyun».

«LEYLA XANIM DAĞLIQ QARABAĞLA BAĞLI BÖYÜK İŞLƏR GÖRÜB»

Prosesdə şahidlərin dindirilməsi davam edib. Daha dörd şahid dindirilib, onların arasında hazırda həbsdə olan jurnalist, «Zerkalo» qəzetinin əməkdaşı Rauf Mirqədirovun keçmiş həyat yoldaşı da olub.

Yunusların şahid kimi dindirilən sürücüsü İlqar Ağayev bildirib ki, fərdi qaydada xidmət göstərib: «Lazım olanda çağırırdılar, aparıb-gətirirdim. Elə olurdu ki, heç çağırmırdılar, məsələn, yayda. Bir aya bəzən 300-350 manat alırdım...».

Digər şahid Adilə Manafova «Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda» adlı təşkilatın təsisçilərindən olub. O bildirib ki, təşkilatın son beş ildə heç bir iş görmədiyini nəzərə alaraq, ötən il təsisçilərin iştirakı ilə iclas keçirib, bu qurumu bağlamaq qərarına gəliblər.

Adilə Manafova vəkillərin suallarını cavablandırarkən təşkilatın fəaliyyət göstərdiyi dövrdə görülən işlər barədə də danışıb:

«Bizim təşkilatda dəqiq vəzifə bölgüsü vardı. Mən ekoloji məsələlərlə məşğul idim. Rəna Səfərəliyeva təhsil məsələlərinə cavabdeh idi. Leyla xanım Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olurdu. Bu problemin həlli istiqamətində böyük işlər görmüşdü. O, arqumentləşdirilmiş tarixi faktları təhlil edirdi. Dağlıq Qarabağ, oradan didərgin düşən məcburi köçkünlər barədə dəqiq arqumentlər gətirirdi. Erməni nümayəndə heyəti həmişə onun fəaliyyətindən çəkinirdi, göstərdiyi faktlar qarşısında heç bir arqument gətirə bilmirdilər...».

Bu yerdə dövlət ittihamçısı Fərid Nağıyev vəkillərin suallarının və verilən cavabların ittihamın mahiyyətinə aidiyyəti olmadığını bildirərək etiraz edib. Leyla Yunusun vəkili prokurorun iradına belə cavab verib:

«Necə olur, siz Təhmasib Novruzov kimi şahidi gətirib danışdırırsınız... Dövlətə xəyanət ittihamının şahidlərini də bu işə daxil etmisiniz. Mahiyyəti üzrə deyil, bəs niyə etmisiniz?».

Dindirmənin davamında prokuror Adilə Manafovadan Leyla Yunusun «Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda» təşkilatı vasitəsilə 2006-cı ildən sonra 23 qrant müqaviləsi qeydiyyatdan keçirdiyi, təşkilatın hesabına 800 min dollar köçürülməsi haqda məlumatı olub-olmadığını soruşub. Adilə Manafova «xəbərim yoxdur» cavabını verib.

«MÖVCUD OLMAYAN TƏŞKİLATDAN İSTİFADƏ EDƏRƏK...»

«Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda» təşkilatı iş üzrə zərərçəkmiş qismində tanınıb. Məhkəmədə iştirak edən Şöhrət Allahmanov da «zərərçəkmişin maraqlarının təmsilçisi» kimi prosesə qatılır. Təşkilatın rəhbəri Rəna Səfərəliyeva ötən məhkəmə iclasında dindirilərkən özünü zərərçəkmiş hesab etdiyini demişdi. Bu məqamla əlaqədar Leyla Yunusun şahid Adilə Səfərəliyevaya sualları olub:

- Bildirdiniz ki, ötən ilin iyununda təşkilatın buraxılmasını müzakirə etmək üçün iclas keçirmisiniz. Həmin iclasda Leyla Yunusun təşkilata ziyan vurması müzakirə olunubmu?

- Xeyr.

- Təsisçilərdən kimsə deyibmi ki, Leyla Yunus təşkilata və ya bizə ziyan vurub?

- Xeyr.

- Bunu (Şöhrət Allahmanovu göstərir-red.) tanıyırsan?

- Xeyr.

- Bu «dejurnıy» burada o təşkilatın maraqlarını təmsil edir. Təsisçilərdən biri kimi sən bunu bilirsənmi?

- Xeyr.

Şahidin bu cavablarından sonra Leyla Yunus bildirib ki, ona qarşı CM-nin 178-ci maddəsi ilə ittiham düzüb-qoşmaq üçün bu cür saxtakarlıqdan istifadə olunub:

- Artıq bir ildən çoxdur ki, mövcud olmayan təşkilatdan istifadə edib 178-ci maddəni zorla quraşdırmısınız. Bu klounu da...

Hakim:

- Təhqir eləməyin...

Leyla Yunus:

- O, kloundan da betərdir...

Leyla Yunus daha sonra şahidlə sual-cavabı davam etdirib:

- Siz razısınızmı ki, bu kloun təsisçi kimi sizi təmsil etsin burada?

- Xeyr. Bunun bir mənası da yoxdur axı...

Adilə Manafova Şöhrət Allahmanova müraciət edərək onun «Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda» cəmiyyəti adından təmsilçilik üçün kim tərəfindən dəvət olunduğunu soruşub. Hakim onun sözünü kəsərək, şahidin sual vermək hüququ olmadığını bildirib.

Adilə Manafova dindirmə zamanı onu da qeyd edib ki, ötən il yığıncaq keçirib, cəmiyyətin fəaliyyətinin dayandırılması haqda protokol tərtib edərək, bu işin rəsmiləşdirilməsini Rəna Səfərəliyevaya tapşırıblar.

Vəkil Elçin Qəmbərov Səfərəliyevanın bu işi başa çatdırmamasını səhlənkarlıq kimi qiymətləndirib:

«Faktiki bu adam ya bilərəkdən, ya da bilməyərəkdən səhlənkarlıq edib, kollektiv tapşırığa əməl etməyib».

«ONLAR BÜTÜN AZƏRBAYCANIN DÜŞMƏNİDİR»

Növbəti şahid Zemfira İsmayılova da adıçəkilən təşkilatın təsisçiləri sırasındadır. Lakin o, bu təşkilatın yaranması, fəaliyyəti haqda xəbərsiz olduğunu bildirib. Dediyinə görə, yalnız keçən il Rəna Səfərəliyeva ona zəng edərək, cəmiyyətin buraxılması barədə sənədə imza atılmasını istəyib. O da həmin sənədi imzalayıb. Şahid 20 ildir ki, Leyla Yunusla görüşmədiyini də söyləyib.

Elə Leyla Yunus da Zemfira İsmayılovanı xatırlamadığını deyib.

İsmayılova prokurorun suallarını cavablandırarkən bildirib ki, adı cəmiyyətin təsisçiləri sırasına daxil edilsə də, özü bundan xəbərsiz olub. Zemfira İsmayılova 1994-cü ilə aid təsis sənədindəki imzaya baxaraq, ona məxsus olmadığını deyib.

«Rəna Səfərəliyevanı tanıyıram. Keçən il məni çağırdı, dedi ki, belə bir cəmiyyət var, onu bağlayırıq, təsisçilər arasında sən də varsan. Dedim ki, sizə lazımdırsa, kömək üçün qol çəkərəm. Çəkdim də...», - deyə İsmayılova bildirib.

Leyla Yunus əvvəlki şahidə verdiyi sualı Zemfira İsmayılovaya da ünvanlayıb. O da cavabında bildirib ki, ötən ilki toplantıda Leyla Yunusun təşkilata və ya təsisçilərdən hər hansı birinə ziyan vurması haqda heç bir söhbət olmayıb.

Prosesdə dindirilən növbəti şahid hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva olub. O, heç ifadə verməyə başlamamış Leyla və Arif Yunuslara qarşı aqressiv münasibətini nümayiş etdirib. Hakimin «Leyla və Arif Yunusovları tanıyırsınızmı? Onlarla hər hansı qohumluq münasibətiniz və ya ədavətiniz, düşmənçiliyiniz varmı?» sualına Hacıyeva belə cavab verib: «Onlar bütün Azərbaycanın düşmənidir».

Zərifə Hacıyeva ifadəsində göstərib ki, Rauf Mirqədirovla 2011-ci ildə boşanıblar:

«Rauf onlarla görüşürdü, Yerevana gedirdilər. Narazılıq edirdim, deyirdi ki, sülhməramlı səfərlərdi. Buna görə o qədər söz-söhbətimiz olub ki... Həyat yoldaşım idi də, qorxurdum ki, ölər-eləyər. Raufa zəng eləyirdilər, necə, hara gedəcəklərini müzakirə eləyirdilər».

Hakim Leyla və Arif Yunuslardan şahidə sualları olub-olmadığını soruşub.

«Mənim sualım vardı, amma vermirəm. Başa düşürəm, ailə boşanıb, bunun problemləri var...», - deyə Arif Yunus bildirib.

Bu iş üzrə məhkəmə prosesi avqustun 3-də davam edəcək.

Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.

«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Hazırlıq iclasında Leyla Yunus təcridxanada məruz qaldığı işgəncələrdən danışıb, əri Arif Yunusun başında şiş yarandığını, tibbi müalicəyə ehtiyacı olduğunu söyləyib.

Penitensiar Xidmət daha öncə işgəncəylə bağlı yayılan xəbərləri təkzib edib.

XS
SM
MD
LG