Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:34

Rəsul Cəfərov hakimiyyətə dialoq təklif etdi


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov istintaqın ona aid etdiyi vergi borcunu ödəyib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Fariz Namazlı məlumat verib.

Vəkilin dediyinə görə, vergi ödənişi haqqında müvafiq sənəd iyulun 31-də Cəfərovun şikayətinə baxılması zamanı Bakı Apellyasiya Məhkəməsinə təqdim ediləcək.

Vergi Məcəlləsində vergi borcu ödəndiyi zaman cinayət məsuliyyətindən azad edilmə nəzərdə tutulur.

Fariz Namazlı məhkəmənin Rəsul Cəfərovun həbs cəzasını 1 il azaltmalı olduğunu deyir:

«Məhkəmə Cəfərovun 213.1-ci maddə ilə ittiham edilməsinə xitam verməli və onun barəsində 1 illik azadlıqdan məhrumetmə cəzasını ləğv etməlidir. Cinayət Məcəlləsinin tələbidir ki, vergi ödənişindən yayındığına görə ilk dəfə mühakimə olunmuş şəxs borcunu ödədiyi halda məsuliyyətdən azad edilir».

Fariz Namazlı deyir ki, qanuna görə, məhkəmə hətta azadlıqdan məhrumetmə müddətinin qalan hissəsinin şərti cəza ilə əvəzlənməsi barədə də hökm çıxara bilər.

Onu da bildirir ki, vergi borcunun ödənməsi hüquq müdafiəçisinin özünü verilən ittihamla təqsirli bilməsi demək deyil. Rəsul Cəfərov özü bu addımını hakimiyyətlə dialoqa hazır olduğunu nümayiş etdirmək məqsədilə atdığını deyib.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Sonradan onun işinə mənimsəmə və israf etmə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Bu il aprelin 16-da Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Özü ittihamları qəbul etmir və həbsini siyasi sifariş sayır. Rəsul Cəfərov «Amnesty International» tərəfindən «vicdan məhbusu» elan edilib.

Apellyasiya Məhkəməsində Rəsul Cəfərovun növbəti prosesi iyulun 31-dədir.

XS
SM
MD
LG