Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 04:45

Ev aldılar, içində yaşaya bilmədilər...


Arxiv fotosu
Arxiv fotosu

-

10 il əvvəl Xətai rayonu, Şirvani küçəsi 2319-cu məhəllədə bir bina ucaldılır. Adamlar yeni mənzilə köçmək həvəsi ilə son qəpiklərini də qoyub bu binadan mənzil alırlar. 4 il əvvəl binanı tikmiş sahibkarı güllələyib qətlə yetirirlər. Ölümündən sonra onun vaxtilə borclu olduğu bir iş adamı ortaya çıxaraq mərhumun ailəsindən borcunu tələb edir. Ailə də bildirir ki, borcu ödəmək imkanında deyil. Gerisini hazırda çölə atılmaq təhlükəsi ilə üz-üzə qalmış səkkiz mənzil sahibindən biri Tafdıq Səfərovdan eşidək:

"Bizi məhkəməyə çağırdılar. Getdik. Dedilər, binanı tikən rəhmərlik sahibkar Rövşən Rüstəmovun Muğan Kərimov adlı sahibkara vaxtilə borcu olub. Sahibkar da həmin borcun əmlaka yönəldilməsi ilə bağlı iddia qaldırıb. Dedim, şəxsən mən 9 il əvvəl pulumu verib o binadan ev almışam. Mənə nə dəxli var ki, o binanı tikənin kiməsə borcu olub? Evi tikən öldürülüb, getsinlər borcu onun ailəsinin əmlakına yönəltsinlər. Mənim evimi niyə əlimdən alırlar?"

İKİ SAHİBKAR ARASINDAKI BORC

Sakinlər bir neçə il əvvəl sahibkar Rövşən Rüstəmov tərəfindən tikilmiş binadan mənzil alıblar. Müqaviləni də Rövşən Rüstəmovla imzalayıblar. 4 il əvvəl Rövşən Rüstəmov qətlə yetirilib və Muğan Kərimov adlı sahibkar binadakı 8 mənzil və 4 qeyri-yaşayış obyektinin boşaldılıb ona verilməsi ilə bağlı Xətai rayon Məhkəməsində iddia qaldırıb. Xətai rayon Məhkəməsi cavabdeh tərəf kimi tanınan sakinləri vicdanlı alıcı hesab edərək iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də qətnaməni qüvvədə saxlayıb. Sahibkar Ali Məhkəməyə kassasiya şikayəti verib və... Bununla da hər şey həll olunub.

Binadakı qeyri-yaşayş sahəsi əlindən çıxmaq üzrə olan Minayə Əsədova da Ali Məhkəmənin qərarıyla razılaşmır.

"Pul verib 92 kvadrat qeyri-yaşayış sahəsi almışam. Məhkəmə qərar çıxarıb ki, binanı tikənin başqa iş adamına borcu olduğuna görə, mənə vaxtilə satılmış yer əlimdən alınıb həmin adama verilməlidir. Belə şey harda görülüb?

Mirzə Aslanov:

“İki məhkəmə vicdanlı alıcı olduğumuzu əsas götürərək toxunulmazlığımızla bağlı qərarlar çıxartdı. Ancaq Ali Məhkəmə qərar çıxartdı ki, binadakı 10 mənzil Muğan Kərimova verilməlidir. Həmin mənzilləri pul verib almış sakinlərin taleyi necə olacaq, məhkəmə bunu nəzərə almadı”.

YATSAQ YUXUMUZA DA GİRMƏZDİ Kİ EVİMİZDƏN ÇÖLƏ ATILARIQ

Məhkəmə sənədində qeyd olunur ki, sahibkar Rövşən Rüstəmov vaxtilə Muğan Kərimovdan müqavilə əsasında torpaq alıb. Bunun müqabilində ona Xətai rayonu, Şirvani küçəsi 2319-cu məhəllədə tikdirdiyi binadan aralıda tikilməkdə olan üçmərtəbəli obyekti verəcəyini və 60 min manat pul ödəyəcəyini notarial qaydada öz üzərinə götürüb. Rövşən Rüstəmov obyekti tikib verib. Ancaq 2011-ci ilin iyun ayında qətlə yetirildiyinə görə 60 min manat ödənilməmiş qalıb. Ailəsi həmin pulu Muğan Kərimova ödəməkdən imtina edəndən sonra Muğan Kərimov məhkəmədə iddia qaldırıb ki, binadakı 4 mənzil və 2 qeyri-yaşayış sahəsi ona verilsin. Sakinlərsə deyirlər ki, 60 min manat binadakı bir mənzilin dəyərinin yarısıdır. Muğan Kərimova isə binadan 8 mənzil və iki qeyri-yaşayış sahəsi verilib. Bir az da dəqiq desək, sahiblərinin əlindən alınaraq verilib.

Sakinlər:

"Yatsaq, yuxumuza da girməzdi ki, bir gün bizə aidiyyəti olmayan borcdan ötrü bizi çölə atacaqlar. Evlərimizi təmir etmişik, əlimizdə hər sənədimiz, neçə ildir rahat yaşadığımız halda indi bizi çölə atırlar”.

Sakinlərin əllərindən aldıqları mənzillərə və qeyri-yaşayış sahələrinə dair alqı-satqı müqavilələri olsa da, Ali Məhkəmə bu müqavilələrə məhəl qoymayıb.

SAHİBKAR NƏ DEYİR...

Ancaq iş adamı Muğan Kərimov başqa söz deyir. O, bildirib ki, mübahisəli binadakı 8 mənzil və 2 qeyri-yaşayış sahəsini 2005-ci ilin iyul ayında müqavilə əsasında Rövşən Rüstəmovdan alıb. Həmin vaxt bina hələ tam hazır deyilmiş. Aldığı mənzillərin və qeyri-yaşayış sahələrinin əvəzinə Xətai rayonu, Şirvani küçəsi 2319-cu məhəllədəki torpaq sahəsini və 60 min manatı müqavilə ilə Rövşən Rüstəmova verib. Rövşən Rüstəmov 1 ay ərzində mənzilləri ona təhvil verməli olsa da, maliyyə çətinliyinə görə tikintini başa çatdıra bilmədiyini bildirib.

"2010-cu ildə ona məlum olub ki, Rövşən Rüstəmovun mənə satdığı mənzillərdə başqa adamlar təmir işləri aparır. Məlum oldu ki, bina sahibi 5 il əvvəl müqavilə ilə mənə satdığı mənzilləri və qeyri-yaşayış sahələrini sonradan başqa adamlara da satıb".

Muğan Kərimovun bildirməsinə görə, Rövşən Rüstəmov həmin mənzilləri maliyyə çətinliklərinə görə satdığını bildirib. Rövşən Rüstəmov qətlə yetiriləndən sonra Muğan Kərimov məhkəməyə müraciət edib.

Hüquqşünas Fuad Hüseynov deyir, mənzili almış şəxslər vicdanlı payçılar hesab olunur. Bir sahibkarın pul borcunun bu işlərdən xəbərsiz payçıların hesabına ödənilməsi qanunsuzdur:

“Bir sahibkar ölübsə, onunla vaxtilə borc mübahisəsi olan başqa sahibkar bu məsələni ölmüş sahibkarın ailəsi ilə həll etməlidir. Borc ölmüş sahibkarın varislərinə qalan əmlaka yönəldilməlidir”.

XS
SM
MD
LG