Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:26

Həyatı dalana dirənmiş kənd müəllimi


Arxiv fotosu
Arxiv fotosu

-


“40 ilə yaxındır kənd orta məktəbində ibtidai sinif müəllimi işləyirəm. Maaşım 320 manatdır. Bu maaşı ərzağa verim, geyimə, yoxsa dərmana?”

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Şəkinin Aşağı Göynük kənd məktəbinin müəllimi Elxan Dəmirovdur. Deməsinə görə, həyat yoldaşı xəstədir. Ancaq ailə dövlət yardımından kənarda qalıb:

“9 uşağımız var. Övladlarımızın 4-ü ailə qurub, qalanları azyaşlıdılar. Həyat yoldaşımın gözləri görmür, öd kisəsindən əməliyyat olunub. Ailəyə mənim quru məvacibimdən başqa pul gəlmir”.

"PAY TORPAQLARIMIZ BOŞ QALIB"

Müəllimin sözlərinə görə, kənddə hamı kimi onların da pay torpağı var. Amma olmasının nə faydası:

“Kənddə min hektarlarla pay torpaqları var, hamısı bomboş qalıb. Eləcə də mənim pay torpağım... uzun illərdir ayrılıb verilib, ancaq bircə dəfə istifadə edə bilməmişəm. Şumlamağa texnika, əkməyə toxum, suvarmağa su yox...
Ancaq ona “yarayır” ki, ünvanlı sosial yardım almağa gedəndə “pay torpağın var” deyib adamın gözünə soxsunlar və qapıdan geri qaytarsınlar. Onu da deyim ki, kənddə bu vəziyyətdə təkcə biz deyilik. Kənddəki 400-500 ailə təsərrüfatından cəmi 150-si qalıb. Bir az imkanı olanlar aradan çıxıb, imkansızlar qalıb”.

Kənd müəllimi gileylənir ki, həddi-büluğa çatmış övladları işləmək üçün yerli məşğulluq idarəsini bir-birinə qatsa da özlərinə münasib, heç qeyri-münasib iş də tapa bilmirlər.

XƏSTƏ HƏYAT YOLDAŞINA TƏQAÜD KƏSMİRLƏR

Elxan Dəmirov yerli sosial müdafiə mərkəzinə ünvanlı sosial yardım üçün gedib-gəlsə də yardım ayrılmır:

“Bundan başqa, həyat yoldaşımın çoxuşaqlı ana kimi təqaüdə çıxması üçün də müraciət etmişik. Təqaüd kəsmirlər”.

Şəki şəhər Dövlət Sosial Müdafiə Mərkəzindən “Qaynar xətt”ə bildirdilər ki,

Elxan Dəmirovun xəstə həyat yoldaşı Nazilə Dəmirovaya çoxuşaqlı ana kimi təqaüd kəsilməsi mümkün deyil. Buna görə onun ən azı 12 illik sığorta stajı olmalıdır.

Hüquqşünas Namizəd Səfərov deyur, 5 uşağı olmuş şəxslərlə bağlı sosial müdafiənin gücləndirilməsi məsələsinə hazırda baxılır. Ancaq belə bir qanun hələ ki qəbul olunmayıb:

“Stajı yoxdursa, ona müavinət kəsilə bilər. Ancaq müavinətin də məbləği çox aşağıdır”.

Ünvanlı yardıma gəlincə, hüquqşünas deyir, yerli sosial müdafiəsinə gedib-gəlmək yox, rəsmi müraciət etmək lazımdır:

“Ünvanlı sosial yardım üçün tələb olunan sənədlərin siyahını elə yerli sosial müdafiə mərkəzindən əldə etmək, sənədləri toplayıb poçt vasitəsi ilə həmin mərkəzə göndərmək lazımdır. Mərkəz rəsmi müraciətə 1 ay ərzində cavab verməlidir. Əgər cavab verməsə, vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə yerli mərkəzdən şikayət edə bilər”.

Hüquqşünas hazırda nazirlikdə islahatlar aparıldığına görə belə şikayətlərə ciddi yanaşıldığını bildirir.

XS
SM
MD
LG