Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29

Xalaqızı (televiziya pyesi)


Rəhman Əlizadə
Rəhman Əlizadə

- Rəhman Əlizadə

X A L A Q I Z I

Televiziya pyesi

İŞTİRAK EDƏNLƏR:

M Ə R H U M -70 yaşında coğrafiya müəlliməsi.

Q O N Ş U -35 yaşında gözəgəlimli qadın.

H Ə K İ M -75 yaşında ölüvay kişi.

O Ğ U L -45 yaşında.

G Ə L İ N -60 yaşında, rus.

Q I Z -40 yaşında.

K Ü R Ə K Ə N -30 yaşında, guya ingilis.

X A L A Q I Z I -molla, keşiş, reper, dəllal və sair...

R O M A -tutuquşu

Ş O F E R

Sağa-sola get-gəl edən qəribə gözlər...

Ə C A Y İ B S Ə S. Nankorlar... Naxələflər... Ölürəm... Az sonra! Az sonra!

Qəribə gözlər uzaqlaşır, qəfəsdə var-gəl edən Romadan(tutuquşudan) otaqdakı əşyalara panorama,-kitab şkafı, divardan asılmış müxtəlif ölçüdə xəritələr, qlobus...

Ə C A Y İ B S Ə S. Qulağınız məndə olsun...

Qlobusdan ağbirçək qadını tibbi cihazlarla müayinə edən həkimə keçid. Həkim cihaza diqqətlə baxır. Qonşu qadının sual dolu gözlərini eynəkli həkimin ümidsiz gözləri əvəz edir.

H Ə K İ M. Hər ehtimala qarşı bir ayna verin.

Q O N Ş U. Bu saat! (Otağı axtarır.) Şoğərib görəsən hardadır.

H Ə K İ M. Cəld olun, tez bir ayna tapıb gətirin!

R O M A. Cəld ol, Zərbəli, gətir!

Q O N Ş U. Roma, sakit ol! Hə, tapdım, buyurun! (Köhnə aynanı həkimə verir.)

H Ə K İ M(rişxəndlə). Bundan abırlısı tapılmadı?

Q O N Ş U. Olanı budur...

R O M A. Olanı budur! Statın sonu!

H Ə K İ M. Siz allah, bunun səsini kəsin!

Q O N Ş U(işvə ilə). Roma!

R O M A. Can, can...

H Ə K İ M(aynanı ağbirçəyin nəfəsinə tutur). Fsyo!

Q O N Ş U. A, necə yəni fsyo?

H Ə K İ M. Fsyonun necəsi, yənisi yoxdur, yəni tamam!

Q O N Ş U. Yəni tamamilə tamam?

H Ə K İ M. Bəli, sovsem fsyo. Gözlərini qapayıb çənəsini bağlaya bilərsiniz. Allah rəhmət eləsin.

R O M A. Reklamlar!

Q O N Ş U(təlaşla). Deməli... deməli... Xalaqızı artıq yoxdur...

H Ə K İ M. Xalaqızı? Xalaqızı kimdir?

Q O N Ş U. Mərhumu deyirəm də...

H Ə K İ M. Bəli, Xalaqızı xalis meyiddir. Xalaqızı? Niyə xalaqızı? Bəyəm xalaqızısız?

Q O N Ş U. Xeyr, mən sadəcə qonşuyam! Hamı onu xalaqızı çağırırdı! Xüsusilə öz xalasıqızı Səkinə xalaya həmişə xalaqızı deyərdi. Heç vaxt öz adıyla çağırmazdı. Yaxşı, həkim, indi mən neyləməliyəm?

H Ə K İ M. Heç nə! Adətimiz üzrə əvvəlcə aparın yuyun mərhumu!

R O M A. Mərhum istəyir ki, Ramislə yuyulsun!

Q O N Ş U. Roma, bəsdir! Axı onun doğmaları burda yoxdur... Bir ildən artıqdı ki, mən qulluq eləyirdim xalaqızıya.

H Ə K İ M. Bəs hardadır qohum-qardaşı?

Q O N Ş U. Oğlu Moskvadadır, qızı isə Londonda!

H Ə K İ M. Moskva Londondan yaxındır siftə Moskvaya zəng edin!

Q O N Ş U(getmək istəyən həkimin qarşısını kəsir, ağlayaraq). Dünən xalaqızının xalasıqızı xalaqızının əhvalı pis olanda Moskvaya da, Londona da telefon açıb. Söz veriblər ki, tezdən burda olsunlar, amma özünüz görürsüz günortadan keçib gəlib çıxmayıblar.

H Ə K İ M. Bəs xalaqızı hardadır?

Q O N Ş U. Siz gəlməmişdən onunla da zəngləşdim, dedim xalaqızının halı çox pisdir, tez özünü yetir, keçinə bilər. Dedi: bir az dözsün, əlimdə vacib işim var, fili doğuzdurum, gəlirəm. (Hönkürür.)

H Ə K İ M. Nə fil? Hansı fil?!

Q O N Ş U(hıçqırıqla). Zooparkdakı fil...

H Ə K İ M. Bəyəm xalaqızı zooparkda mamaça işləyir?

Q O N Ş U(ağlayır). Bilmirəm...

H Ə K İ M. Ağlama, doğmaları da gəlib çıxar, xalaqızı da fili... Bəs sən nəyisən (mərhuma baxır) xalaqızının?

Q O N Ş U. Mən heç nəyi... Qonşusuyam. Bayaq dedim ki, bir ildən artıqdır ki, mən qulluq edirəm xalaqızıya. Yazığı bir il əvvəl iflic vurmuşdu, o vaxtdan güc-bəla gəzirdi...

H Ə K İ M. Mümkünsə üstünə mələfədən-zaddan çəkin...

Q O N Ş U. Kimin?

H Ə K İ M. Xalaqızının! Adam baxanda xoflanır.

Q O N Ş U. Mələfə... Yazıq arvad bir həsirdi, bir də məmmədnəsir... Mələfə nədir heç artıq əlüz dəsmalı da yoxdur.

H Ə K İ M(rəfdəki qat-qat bükülmüş ağları göstərir). Bəs bu bükülü ağlar nədir belə, mələfəyə oxşayır.

Q O N Ş U. Xəritələrdir. Xalaqızı coğrafiya müəlliməsi idi. Heç öləsi arvad deyildi xalaqızı. (Ağlayır.)

H Ə K İ M. Hə, bu da dünyanın axırı. Xəritələrdən birini açıb salın üstünə. Nə etməli...

Q O N Ş U(bir xəritəni açır). Dünyanın siyasi xəritəsi...

H Ə K İ M. Yox... zəhləm siyasətdən gedir...

Q O N Ş U(xəritələri bir-bir açır). Avropanın fiziki xəritəsi, Afrikanın iqtisadi xəritəsi, Amerikanın coğrafi qurşaqlar və zonaları, Azərbaycanın faydalı qazıntıları...

H Ə K İ M. Ört üstünə... Halalxoşu...

Q O N Ş U(xəritəni mərhumun üstünə salır). Vətənini canından çox istəyirdi xalaqızı. Nə oğluyla Moskvaya getdi, nə də qızıyla Londona. Bu bayatı dilindən düşməzdi...

R O M A.

Mən aşiqəm dilən gəz,

Əldə dunbul dilən gəz,

Yad yerdə düdd... olunca

Vətənində dilən gəz...

Q O N Ş U. Roma!!! (Hönkürür.) Yazıq Roma... Yetim Roma...

H Ə K İ M(gözlərini Qonşunun qalxıb-enən açıq sinəsinə dikir). Ağlama qızım, ağlama, məni də ağlamaq tutur... (Qonşuya yaxınlaşıb göz yaşını silir.) Neçə yaşın var?

Q O N Ş U. Iyirmisəkkiz...

H Ə K İ M(onu başdan ayağa süzür). Subaysan da...

Q O N Ş U. Xeyr, ərdəyəm...

H Ə K İ M. Hə? Bəs ərin hardadır?

Q O N Ş U. Cəhənnəmdə.

H Ə K İ M. Xeyir ola, orda neyləyir?

Q O N Ş U. Boşanmışıq... (Ağlayır.)

H Ə K İ M. Nə yaxşı... Ağlama... (Çiyinlərindən tutur.) Çoxdandır ərsizsən?

Q O N Ş U. Iki il altı aydır... (Ağlayır.)

H Ə K İ M(onun başını tumarlayır). Nə yaxşı... (Qucaqlamaq istəyir.)

Q O N Ş U. Nə edirsiz?

H Ə K İ M. Heç, elə-belə, yüngülvari ürək-dirək, təsəlli vermək istəyirəm sən...(Qucaqlayıb öpmək istəyir.)

Q O N Ş U. Buraxın, utanmırsız, meyidin yanında?

H Ə K İ M. Düz deyirsən, keçək mətbəxə!

Q O N Ş U. Xərifləmisiz?! (Onun qoynundan çıxır.) Belə bir vaxtda!

R O M A. Ay haray! Milli mentalitet...

H Ə K İ M. Hə, mən getməli oldum! Şadlıqlarda görüşək.

Q O N Ş U. Necə, getmək istəyirsiz, məni meyidlə tək qoymaq istəyirsiz?

H Ə K İ M(qapıya tərəf gedir). Ölülərdən, gözəl qız, bu vaxtacan kimsəyə sədəmə toxunmayıb, dirilər isə bəzən ölülər üçün də təhlükəli olurlar. (Qapını açmaq istəyir.)

Q O N Ş U(cumub qapıyla həkimin arasında durur, qollarını açır). Buraxmaram! Nə istəyirsiz edin! Amma getməyin!

H Ə K İ M. Necə?..

R O M A. Həftəbecər!... O işığı söndürün...

(Qapı zərb ilə açılır, Qonşu ilə Həkim qucaqlaşıb yıxılırlar. Xlaqızı bir əlində cığara camədan o birində isə diplomat çantası içəri soxulur.)

X A L Q I Z I. Hanı?! Hanı?! (Otaqda dolanıb var-gəl edir.) Hanı?!

Q O N Ş U. Xalaqızı, mərhum burdadır, uzanıb...

X A L A Q I Z I. Mənimlə mərhumunki qalsın sonraya! Hanı xalaqızımın sovxaya qalmış şoğəribləri?!

R O M A. Sizi şou-qəribdə xoş gördük!

X A L A Q I Z I. Vaxsey, bu qırışmal burdadır?! Xalaqızıya min kərəm tapşırdım ki, bu bədniyabədi satıb xərclə özünçün...

R O M A. Satqın! Satqın! Satqın!

X A L A Q I Z I. Səsin qara yerin altından gəlsin! Yox, bu oğraş olan yerdə mən iş görə bilmərəm! Bu saat, gəl, gəl görüm, köpəyoğlu! (Romanı götürüb otaqdan çıxmaq istəyir.)

Q O N Ş U. Hara aparırsız Romanı?

X A L A Q I Z I. Hara lazımdır ora! Oturar ayaqyoluda ağlı gələr başına! Gəl, görüm, qırışmal!

R O M A. Intelekt, intelekt, intelekt işığınızı söndürməyin!

(Xalaqızı Romayla otaqdan çıxır, Həkimlə Qonşu bir-neçə an matməhtəl baxışırlar. Xalaqızı qayıdır.)

X A L A Q I Z I(əllərini bir-birinə sürtür). Vəssalam, şüdtamam. Hə, indi xatircam işə başlaya bilərəm. Hə, əvvəla fil doğdu, oğlu oldu! (Gözləri nə isə axtarır.) Ağəz bu kimdir belə?

Q O N Ş U. Həkimdir...

X A L A Q I Z I. Həkim? Bunun harası həkimdir? Bunun əmələ gəlməsi üçün üç-dörd dviziya həkim lazımdır. Hə tapdım! (Dolabın qapısını açır.) Burda olmalıdır. Aha, bu saat yerbəyer elərəm hamısını. (Dolabdakı pal-paltarı töküb-töküşdürür.) Bu pis palto deyil, əcərlidir. Bu kostyum qəttəzədir ki! Əla! (Cığara cəmadanı yığır.) Bunlar bura... Bunlar nimdaşdır, bunlar isə bura...

H Ə K İ M. Siz nə edirsiz?!

X A L A Q I Z I. Korsan, görmürsən nə edirəm?!

H Ə K İ M. Belə görürəm ki, siz ölünü qarət edirsiz!

X A L A Q I Z I. Adə, şəngülüm, geyinəcəksən bu arvad paltosunu, kostyumunu? Hə? Geyinəcəksənsə götür bağışladım sənə! Götür!

H Ə K İ M. Mənə lazım deyil!

X A L A Q I Z I. Lazımın deyilsə, mumla otur yerində!

H Ə K İ M. Üzr istəyirəm, mən getməli oldum!

X A L A Q I Z I. Belə qələt elədin, başını daşdan-daşa vurub getməli oldun! Adə şəngülüm, sağın-surun dağ boyda arvadı öldürmüsən, indi istəyirsən atasan iki arvadın üstünə çıxasan aradan, ay biqeyrət!

H Ə K İ M. Necə, mən öldürmüşəm?!

X A L A Q I Z I. Yox, mən öldürmüşəm! Həkim sənsən yoxsa mən? Belə ki, hazırlaş, indi ağı deyib oxşayacağam, siz isə sinə vurub züy tutun!

(Diplomat çantanı açır.)

Q O N Ş U. Xalaqızı, bu çanta nədir belə?

X A L A Q I Z I. Karastılarımdır!

Q O N Ş U. Karastı?

X A L A Q I Z I. Instrumentlər! Başa düşdün! Vaxtı çatdıqca bir-bir göstərəcəyəm, darıxma. (Çantadan kəlağayı çıxarıb başına salır, bir kitabça götürüb açır.) Mərsiyələrim, ağılarımdır, özüm yazmışam! Hə, əyləşin, bardaş qurun, mən dedikcə dizinizə sinənizə vurub təkrarlayın.

H Ə K İ M. Mən ömrümdə bardaş qurmamışam!

X A L A Q I Z I. Qurmamısan? Qurarsan!

H Ə K İ M. Xalaqızı, dedim ki, qura bilmərəm!

X A L A Q I Z I(çantadan iri tapança çıxarır). Əllər yuxarı! Bardaş qur!

H Ə K İ M(əllərini qaldırıb cəld bardaş qurur). Xa-la-qıızı, bu tapança hardandır?

X A L A Q I Z I(bir qumbara çıxarıb yanına qoyur). Şəngülüm, bayaqdan tanımamısan məni? Mən məşhur Suriya terroristi Hacıbaba ibn Baqirəm də!

H Ə K İ M. Axı o kişidir...

X A L A Q I Z I. Şəngülüm, hansımızı yoxlamısan, məni, yoxsa onu? Hə, başladıq!

Q O N Ş U. Xalaqızı, deyirəm, bəlkə əvvəlcə yuyaydıq, pak eləyəydik mərhumu?..

X A L A Q I Z I(ağlamsınır). Ağəz, ay cüvənəzən, mənim xalaqızımı nə yumaq lazımdır, nə də kəfənə tutmaq. Mənim xalaqızım elə təmizkar arvaddı ki, aftafa əlindən düşməzdi! Bulvara gəzməyə gedəndə də əlində olardı aftafası! Can xalaqızı! Sənin aydan arı, sudan təmiz canına xalaqızı qurban olsun, ay xalaqızı! Hazırlaşın, başladıq! Immm! (Ağı deyir.)

Dağlar dağımdı mənim,

Qəm oylağımdı mənim.

Ay xalaqızı, sənsiz

Axır çağımdı mənim.

(Həkimlə Qonşuya) Ucadan züy tutun!

H Ə K İ M və Q O N Ş U. Immm! (Züy tuturlar.)

X A L A Q I Z I(ağı deyir).

Əzizim laçın ağlar,

Soraqlar laçın ağlar.

Xalaqızın səninçün

Çəngələr saçın, ağlar!

Vaxsey!!!

H Ə K İ M və Q O N Ş U. Vaxsey!!!

X A L A Q I Z I(mərsiyə deyir).

Gəldi bu zəval canına hardan, xalaqızı?

(Sinəsinə vurur.) Can, xalaqızı!

H Ə K İ M və Q O N Ş U(sinələrinə vururlar). Can, xalaqızı!

X A L A Q I Z I.

Başdanmı, ayaqdanmı, ya daldan xalaqızı!

(Sinəsinə vurur.) Can, xalaqızı!

H Ə K İ M və Q O N Ş U(sinələrinə vururlar). Can, xalaqızı!

(Qapı zəngi.)

X A L A Q I Z I. Təzə-təzə qızışıb cuşə gəlirdim, lomka elədilər. (Həkimə) Dur, aç qapını görək kimdir.

H Ə K İ M. Mən?!

X A L A Q I Z I. Yox, bəs mən?! (Əlini qumbaraya uzadır.)

H Ə K İ M(cəld qalxır). Əziyyət çəkmə xalaqızı, bu saat! (Mızıldanır.) Əcəb əsir-yesir eləyib məni...

X A L A Q I Z I. Şəngülüm, nə mırıldayırsan dodaqaltı?

H Ə K İ M. Canuva dua oxuyuram, xalaqızı.

(Həkim qapını açır, ağır rus xalq musiqisi səslənir, qabaqda rus milli geyimində 55-60 yaşlarında GƏLİN, əlində əklil tutmuş 35 yaşında OĞUL hüznlə gəlirlər.)

X A L A Q I Z I. Yenə də Moskva, yaman günümüzdə həmişə birinci olur.

H Ə K İ M. Atalar yaxşı deyib, uzaq Londondansa yaxın Moskva.

Q O N Ş U. Ankara hər cəhətdən bizə yaxındır. (Siqaret yandırıb çəkir.)

X A L A Q I Z I. Əvvəla meyid olan yerdə siqaret çəkməzlər, ikincisi, yaxınlığa qalsa Lökbatan burdan-buradır.

O Ğ U L(Xalaqızıya yaxınlaşır, əklili ona verir, qucaqlayır). Ana, anacan, bəs mənə zəng eləyiblər ki, sən dünyanı dəyişmisən...

X A L A Q I Z I. Adə, qırışmal, neçə ildir burdan çıxmağın.

O Ğ U L. On beş il...

X A L A Q I Z I. Mən rəhmətlik ananın xalasıqızıyam... Anon, budey, tirlənib qarşında.

O Ğ U L(əklili xalaqızıdan alıb çarpayıya söykəyir, diz çökür). Ana, əziz ana, gözləri yollarda qalan ana, on beş illik ayrılığımızın vüsalı nə qüssəli oldu!

X A L A Q I Z I. Bunu hansı əsərdən əzbərləmisən. Adə, bu rəhmətlik Mayiseyevin veteranı arvadındır.

O Ğ U L. Bəli, Marusadır...

X A L A Q I Z I. Adə, bunu almaqdansa gələydin bu yupyumru qonşu qızı alaydın, gülkələm kimidir, bu sənə gəlməsəydi cəhənnəmə, məni alaydın, mən gəlməsəydim lap bu şəngülüm həkimi alaydın, o boyda Moskvada bundan qocasını tapmadın?!

G Ə L İ N. Yaşın nə farkı far... Seviram onu...

X A L A Q I Z I. Malades, bunu da bilir...

O Ğ U L. Poy, Marusa, poy!

G Ə L İ N(oxuyur).

Razluka, tı razluka

Çujaya strana.

Ne kto nas ne razluçit

Kak sra mat-zemlya...

X A L A Q I Z I(mahnının ritmini tutub oxuyur).

Ayrılıq, ayrılıq, aman ayrılıq.

Hər bir dərddən olur yaman ayrılıq...

H Ə K İ M və Q O N Ş U(oxuyurlar).

Dərdindən gecələr yata bilmirəm

Bu fikri başımdan ata bilmirəm...

G Ə L İ N. Dostatıçna. Nado poxoronnıy obryad soverşit po naşemu obıçi.

X A L A Q I Z I. Po vaşemu kak?

G Ə L İ N. Po provaslavnomu. Nujen sveşennik.

X A L A Q I Z I. Sveşennik?

O Ğ U L. Keşiş demək istəyir!

G Ə L İ N. Da, nujen pop çto çital molitvı.

X A L A Q I Z I. Doraqaya maya, zalataya moya, krasavissa maya, zdeşnie popı oçen skupie i obdiralıe. Vot, otes Matvey kaqdato v mesto somnoy pel xrovoy kapelle. Za odin traur ot svoix bryot sto baxs, a iz ruskiyazıçnıx muselman biryot dvesto baxs.

G Ə L İ N(pul çıxarıb verir). Berite u menya vseqo sto baxs, naydite deşevoqo popa.

X A L A Q I Z I(pulu alıb yoxlayır, qoynuna qoyur). Seyças! Poslednuyu dişovku sovsem mire ne naydote, kak ya!

(Xalaqızı diplomatından keşişə məxsus bütün əlbəsələri çıxarıb geyinib-kecinir. Geyinib-kecinmə becid çəkilişlə, bu müddətdə otaqdakılar hamı onu maraq və təəccüblə izləyir. Becid çəkiliş bitir, otaqdakıların təəccüblü, heyrətli üzlərinin ponaramı. Iri planda keşiş qiyafəsində Xalaqızını görürük.)

X A L A Q I Z I. Ya qotov! Qospodi pomiluvay vsex nas qreşnikov. Evanqelie ot Luki qlava sedmoy...

G Ə L İ N. Ludşe ot Matfeya...

X A L A Q I Z I. Baş üstə, Matvey xoçeş, budet Matvey. Evanqelie ot Matveya qlava sedmoy.

Ne osujdayte druqix.

Ne sudite, da ne sudimı budete.

Ibo kakim sudom sudite, takim

budete sudimı; i kakuyu meryu merite;

takuyu i vam budut merit...

(Qapı zəngi.)

Ne dayut da narmalna rabotat. (Həkimə) İdi otkroy!

H Ə K İ M. Yenə mən?!

X A L A Q I Z I. Qospodi, pomiliovay...

H Ə K İ M. Əcəb zibilə düşmüşəm. (Gedib qapını açır.)

(Cılız ŞOFER içəri girib Həkimin üstünə kəkələnir)

Ş O F E R. Ə, yekə kişisən, iki saatdır gözləyirəm maşında. Suzundan boğazım quruyub. On yerdən vızıv var. Pensiyaya çıxmısan, işləyə bilmirsən, get otur evdə qoy başqaları gəlib işləsinlər də! Yekə kişisən, başa düş ki, bu skorı pomoşdur, sənin şəxsi mersedesin döyül, mən də skorı pomoşun şoferiyəm, sənin personalnı şoferin döyüləm. Başa düşürsən?!

X A L A Q I Z I. Qospodi pomiliovay.

Ş O F E R. Izvinite svetoy otes, ne videl vas, izvinite, oçen izvinite...

X A L A Q I Z I. Idi syuda...

Ş O F E R. Est! (Xalaqızının qarşısında durur) Sluşayu!

X A L A Q I Z I. Sluşay moy sovet. Ne koqda ne kriçi starşeqo, polno vozmojno tı sam ne znaeş on tvoy rodnoy ates. Ponil?

Ş O F E R. Da, svetoy otes.

X A L A Q I Z I. Ikincisi, get sakitcə qaxıl otur bir tərəfdə, cınqırın da çıxmasın, yoxsa maşının qluşitelini çıxarram, yüz dənə skorı pomoş da dadına çatmaz! Ponil sın moy?

Ş O F E R. Oldu, svetoy otes... (Keçib sakitcə bir yanda durur.)

X A L A Q I Z I(kitabı açıb oxuyur). Ne dumayte o zemnix boqatstvax... (Qapı zəngi.) Qospodi pomilovay... (Şoferə) Sın moy, idi otkroy.

Ş O F E R. Baş üstə...

(Şofer qapını açır, QIZ ilə KÜRƏKƏN gəlirlər. QIZ-qara geyimdə, üzündə qara tor, əlində sarı güllər, KÜRƏKƏN-qadıntək geyinib, ənliklənib-kirşanlanıb, əlində yol çantası var.)

Q I Z. Üzr istəyirəm, deyəsən ünvanı səhf salmışam...

K Ü R Ə K Ə N(gülümsünüb dişlərini göstərir). Yest...

Q I Z. Mən on il əvvəl bu şəhərdən çıxmışam... Deyəsən əvvəllər biz bu evdə yaşamışıq...

K Ü R Ə K Ə N(gülümsəyib). Yest, yest...

X A L A Q I Z I. Qospodi pomiliovay...

Q I Z. Amma bu otaq mənə çox tanış gəlir. Paltar dolabı, eyzən bizimkidir, köhnə kitab rəfi, anamın da belə kitab rəfi vardır, a... qlobus!

O Ğ U L(diqqətlə Qıza baxır). Bacı!!!

Q I Z(diqqətlə Oğula baxır). Qardaşım!!!

(Cumub bir-birini qucaqlayırlar.)

O Ğ U L. Bacı anamız bizi görmədən dünyasını dəyişib...

Q I Z. Yazıq ana! (Hər ikisi ağlaşır.)

Ş O F E R. Allah vurub indiyski kinonu! (Ağlayır, yanında durmuş Qonşunu qucaqlayır.)

Q I Z. Dəfn eləmisiz...

O Ğ U L. Xeyr, bax uzanıb çarpayıda! (Ağlayır.)

Q I Z(Oğulu buraxıb çarpayıya tərəf gedir, gülləri çarpayıya qoyur, diz çökür). Ana! Əziz ana... Beş il üzümü görməyən ana. Aç gözlərini, bax sevimli qızına. Gör necə göz yaşları axıdır səninçün.

Ş O F E R. Ay allah bu nə müsibətdir! (Qonşunu bərk-bərk qucaqlayıb hönkürür.) Adın nədir?

X A L A Q I Z I. Qospodi pomiliovay...

Q I Z(acıqla Xalaqızıya sarı dönür). Necə?! Qospodi? Bu nə masqaraddır? Bu keşiş nə qələt eləyir burda? Mənim anam sizinçün nədir? Harda qalıb sizin müsəlmançılığınız? Axı niyə, nə səbəbə mənim anamı keşişlə dəfn edirsiz?!

O Ğ U L. Bacı...

K Ü R Ə K Ə N(irişir). Yest!

G Ə L İ N. Spakoytes, radi boqa, doraqaya zolovka.

Q I Z. Çto? Kto vı takaya!

G Ə L İ N. Ya vaşa nevestka.

Q I Z. Necə? Qardaş, bu sənin...

O Ğ U L. Bəli, bacı, bəli...

X A L A Q I Z I. Qospodi pomiliovay...

Q I Z. Von atsyuda!

X A L A Q I Z I. Necə?

Q I Z. Rədd ol burdan!!!

G Ə L İ N. Kstati, za eta popa ya platil sto baxsa.

Q I Z. Çto, sto baxs! (Xalaqızıya) Seyçasje vernite! Ne slışaete, (Çığırır.) vernite denqi!!!

X A L A Q I Z I(baş barmağını göstərir). Gala!

Q I Z. Necə? Mənə, gala! Bu saat sənin başına bir oyun açaram keşişliyin tökülər dəymişin qalar! Maykl!

K Ü R Ə K Ə N. Yest! (Hırıldayır.) Okey!

Q I Z(əl hərəkətləri ilə hücum etməyi göstərir). I-A!

K Ü R Ə K Ə N. Yest! Okey!

Q I Z. Maykl, Fovad! Əsoolt! Ətək!

K Ü R Ə K Ə N. Yest! Okey!!

(Kürəkən və Qız Xalaqızıya hücum çəkirlər. Otaqda qaçaqov, əlbəyaxa. Bütün bunlar becid çəkilişlə. Qız Xalaqızının saqqalına əl atır, becid çəkilişi asta çəkiliş əvəz edir. Saqqal qopub Qızın əlində qalır. Qızın heyrətli sifəti.)

Q I Z. Ana... Sən sağsan?.. Bəs... (Huşunu itirib yıxılır.)

K Ü R Ə K Ə N(Qızın yıxıldığını görüb Xalaqızıya hücum çəkir). Fovad! Ətək! (Qəribə tərzdə Xalaqızını döyür.)

X A L A Q I Z I. Ağəz, ay ingilis çəngisi əl çək məndən!

K Ü R Ə K Ə N. Əsoolt! (Xalaqızının saçını yolur.) Yest! Okey!

X A L A Q I Z I(Kürəkəni qamarlayıb yerə yıxır). Əşi sən məni boğaza yığdın, şortunun biri şortu!

O Ğ U L. Nə edirsiz Xalaqızı, axı o qonaqdır!

X A L A Q I Z I. Qonaqdır özünü qonaqtək aparsın, gəmidə oturub gəmiçiylə dalaşmasın. Yaxşısı budur bacının qeydinə qal, su ver özünə gəlsin, mən də bunun aşının suyunu verim.

O Ğ U L(Gəlinə). Marusa, prinisi vodu.

G Ə L İ N. Sças! (Gedir.)

X A L A Q I Z I. It qızı burax, sıxma döşümü, qıdığım gəlir! Bu saat, köpəyin qızı, göstərərəm sənə! (Əl atıb Kürəkənin parikini çıxarır.) Adamı belə biabır, edərlər a! Sən demə öz saçları yoxdur.

G Ə L İ N(canharayı gəlir). O boje! Tam odin sidit matikaet, obruqaet!

X A L A Q I Z I. Dura, popuqay ne videl? (Oğula) Adə bu on beş ildə popuqay da göstərməmisən buna!

K Ü R Ə K Ə N(qalxır). Ətək! (Xalaqızıya hücum çəkir.). Ətək!

X A L A Q I Z I. Bu saat paçalayıb cırram səni ağlın gələr başınha!

(Kürəkənə əl atır, Kürəkəndən dəhşətli səs çıxır. Özündən gedir.)

Q I Z(özünə gəlir). Incitməyin mənim ərimi... (Özündən gedir.)

X A L A Q I Z I. Ərimi? Həkim, kömək elə...

H Ə K İ M. Kimə kömək eləyim?

X A L A Q I Z I. Hamımıza... (Özündən gedir.)

Ş O F E R(Qonşuya). Allah vurub italyanski kinoları! (Qonşunu qucaqlayıb öpür.)

H Ə K İ M(Oğula). Tez su gətirin!

O Ğ U L(Gəlinə). Marusa vodu prinesi!

G Ə L İ N. Radi boqa tı sam idi!

O Ğ U L. Bu saat...

(Oğul qaçıb çıxır, bir andan sonra aftafa ilə qayıdır.)

O Ğ U L. Həkim, buyur...

H Ə K İ M. Mənə niyə verirsən, səpələ özündən gedənlərin üstünə.

O Ğ U L çaşbaş halda Qonşuya Şoferə yaxınlaşır onların üstünə su səpələmək istəyir.

Ş O F E R. Biz hələ özümüzdəyik...

O Ğ U L. Belə getsə bir azdan özünüzdən gedəcəksiz! (Üstünə səpələyir.) Özünüzə gəlin! (Çığırır.) Hamınız özünüzə gəlin! (Çılğın və əsəbi.) Başqa əlacımız yoxdur özümüzə gəlməliyik! (Suyu hara gəldi səpələyir.)

(Özündən getmişlər bir-bir özlərinə gəlirlər.)

(Oğul suyu öz başına tökür) Mən də özümə gəlməliyəm... (Xəritəni Mərhumun üstündən salır.) Sən də ana, özünə gəlməlisən.(Suyu Mərhuma çiləyir... Sanki otaqda yağış yağır... Uzun ağ saçları olan ağ gecə köynəkli Mərhum asta-asta qalxır... O qalxdıqca ucalır, otaqda sanki günəş çıxıb yağış yağır.)

M Ə R H U M. Bu nədir, yağış yağır?.. Evimiz damır nədir?.. Dammaq nədir, evimizin sən demə tavanı yoxmuş... Hər şey, yağış da, günəş də evimizin içindədir... Hamı da burdadır... Oğlum, qızım... Gəlinim... Kürəkənim...

Deyəsən bu Həkimdir... Məni ölmüş bilən həkim... Bu isə mənə iki il sərasər təmənnasız qulluq edən Qonşum... Bu da Şofer olmalıdır... Hamısının üzlərini də görürdüm, səslərini də... Hə, bu da xalaqızıdır... Hamı burdadır... Bəs Roma hanı? Hanı Roma? Gətirin onu bura...

(Gur işıqda kim isə Romanı gətirir.)

R O M A. Stervı! Pediki! Nadoyeli!

M Ə R H U M. Roma, sakit ol! Roma yaxşı oğlan... Bilmirəm, yatmışdım, ötəri ölmüşdüm... Bilmirəm... Amma bilirəm ki, yuxuda da, ölümdə də gördüklərim gerçəkdi... Kaş bir gün bu yuxulardan, qarabasmalardan, ötəri ölümlərdən oyanıb qalxaydıq. Hə, ondan sonra insantək yaşayıb müsəlmantək öləydik!

R O M A. Amin! Amin! Amin!

Işıq daha da gurlaşıb hamını yox edir. Ekran aydınlaşır... Tamaşada iştirak edənlər öz geyimlərində görünürlər. Musiqi.

R E P.

Biz göydəyik ya yerdəyik?

Bilməyirik, bilməyirik.

Yuxuyuq yoxsa gerçəyik,

Bilməyirik, bilməyirik.

Zildəyik, yoxsa pəsdəyik,

Sapsağlamıq, ya xəstəyik,

Bəlkə də son nəfəsdəyik,

Bilməyirik, bilməyirik.

Yaşayırıq yavaş-yavaş,

Oluruq kim gəldi yoldaş,

Əcərliyik yoxsa nimdaş

Bilməyirik, bilməyirik.

Asiyayıq, Avropayıq,

Millətik, yoxsa talpayıq,

Öz-özmüzü tapmayırıq...

Bilməyirik, bilməyirik.

-

XS
SM
MD
LG