Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:53

Beynəlxalq Bank işində «tütün iyi»: bacanağın həbsinin sirri...


Foto illüstrasiya. Tütün fabriki.
Foto illüstrasiya. Tütün fabriki.

-

«Yeni Müsavat» yazır ki, ötən həftəsonu həbs olunan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin bacanağı, «İntertabakko» Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.

«Yeni Müsavat»ınməlumatına görə, İsmayıl Hidayətzadə Beynəlxalq Bankla bağlı araşdırma başlayandan istintaqa cəlb edilib: «Zavodun əsas işini İ.Hidayətzadə görsə də, tütün zavodları C.Hacıyevə məxsus olduğundan burada vergi belə xüsusi yoxlamalar aparmayıb. Amma 2013-cü ildən sonra bu bölgədə tütünçülük rentabelliyini itirib.

…Daha bir maraqlı məlumat isə budur ki, C.Hacıyevin bankın pullarından istifadə edərək bütün gəlirli sahələrə girişməsi, külli miqdarda pul xərcləməsi digər oliqarx-məmurları qəzəbləndirirmiş. Onun tütünçülükdən də pul qazanması «siqaret mafiyası»nda ciddi narazılıq yaradıbmış və zavodların rentabelli işləməməsinin səbəbləri sırasında rəqiblərinin də rolu var».

Qəzet daha sonra yazır ki, İ.Hidayətzadə istintaqda pulların əvəzinə avadanlıqları təklif etsə də, bununla razılaşmayıblar. Onun ölkədən çıxışına qadağa qoyulub və istintaq nəzarətində olub. Ammauzun zaman keçsə də, bacanaq pulun heç üçdə-birini də toplaya bilməyib. Nəhayət, yuxarıların sanksiyasından sonra İ.Hidayətzadə həbs olunub.

«BU TERRORDUR, REPRESSİYADIR»

«AMAY» Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev və daha 5 nəfərin fevraldan davam edən məhkəməsi yekunlaşmaq üzrədir. Avqustun 25-də təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.

Abdulla Abdullayev
Abdulla Abdullayev

«Azadlıq» qəzeti yazır ki, vəkillərin hamısı təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların əsassız olduğunu, iş üzrə ibtidai istintaqın qərəzli aparıldığını bildirərək, məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Abdulla Abdullayevin vəkili Əkbər Bağırov bildirib ki, Sahibkarlığa Milli Kömək Fondunun ayırdığı kreditin AMAY-ın binasının təmirinə sərf olunacağını fond rəhbərliyi də bilib: «Bu obyekt dövlət başçısının diqqətində olub, açılışında şəxsən özü iştirak edib. Abdulla Abdullayev də çıxışında dedi ki, açılışı Heydər Əliyevin ad gününə qədər çatdırmaq üçün vəsaitə ehtiyac olub. Ona bildirilib ki, Sahibkarlığa Milli Kömək Fondunun vasitəsilə bunun üçün maliyyə vəsaiti ayrılacaq».

Vəkilin sözlərinə görə, bir şirkətin adına böyük məbləğdə kredit verilməsi mümkün olmadığı üçün Abdulla Abdullayevə bir neçə firma yaradıb, krediti onların adına götürmək təklif olunub və belə də edilib.

Vəkil bildirib ki, Fonddan götürülmüş 3 milyon 918 minlik kreditin ödənişi çoxdan başa çatıb: «İki il əvvəl ödənilmiş borcla bağlı ittiham verib adamı həbs etmək ağlasığmazdır. Bu, həm qanun, həm də təcrübə baxımından hüquqda nonsensdir. İttihamı irəli sürmək asandır, onu sübut eləmək lazımdır. Onu da deyə bilərsiniz ki, Abdulla Abdullayev Mozambikdə inqilab eləyib gəlib. Axı bunları sübut etmək lazımdır». Abdulla Abdullayevsə yerindən əlavə edib: «Bu terrordur, repressiyadır».

Xəzərdə neft platforması.
Xəzərdə neft platforması.

«AZƏRBAYCANI NƏLƏR GÖZLƏYİR?»

«Bizim yol» bu suala cavab axtarır. Qəzet yazır ki, dünya bazarında «qara qızıl»ın qiymətinin 42 dollara qədər düşməsi neft ölkəsi olan Azərbaycanda böyük problemlərə yol açıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov «Bizim Yol»a bildirdi ki, Dövlət Neft Fondunun və dövlət büdcələri müzakirə olunarkən neftin baza qiymətinin 90 dollardan hesablanması ilkin səhv yanaşmalardan biri idi: «İlin ilk altı ayının hesabatlarına nəzər yetirdikdə, dövlət büdcəsinə transfer etdiyi vəsaitin üçdə birini köçürə bilib. 10.3 milyard manata qarşı cəmi 3.5 milyard manat transfert edib. Deməli, ilin ikinci yarısında Dövlət Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəlikləri daha böyükdür. Təqribən 7 milyard manat transfert həyata keçirilməlidir ki, buna fondun vəsaitləri kifayət etməyəcək».

İqtisadçı əlavə edib ki, əgər dövlət büdcəsi nəzərdə tutulduğu səviyyədə yerinə yetirilərsə, o zaman ilin ikinci yarısında Neft Fondunun aktivlərinin «əriməsi» müşahidə ediləcək: «Digər tərəfdən, ilin ilk 6 ayı ərzində dövlət büdcəsinin özü 15 faiz kəsirlə yerinə yetirilib».

R.Həsənovun sözlərinə görə, neftin qiymətinin indiki səviyyədə qalması qarşıdakı 4-5 ay ərzində ölkə iqtisadiyyatına 3-3.5 milyarda qədər zərər vurması mümkündür: «Bu isə icmal büdcənin icrasında problemlərə yol aça bilər».

TV studiya.
TV studiya.

«DÜNYA İNFORMASİYA HEGEMONLUĞUNDAN XİLAS EDİLİR»

«Azərbaycan» qəzeti Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasının önəminə toxunub. Qəzet yazır ki, Qərb KİV-lərində informasiya və süjetlər yönləndirilmiş, təhrif olunmuş və qeyri-obyektiv formada verilir: «Yəqin hamının yadındadır ki, Bakıda keçirilən «Evrovision» mahnı müsabiqəsi zamanı ölkəmizə qarşı necə bir qarayaxma kampaniyası başlamışdı. Biz belə bir məkrli təbliğatla Bakıda keçirilən I Avropa Oyunları dövründə yenidən rastlaşdıq. Antitürk, islamofob dairələrin təsiri altında olan media resursları Azərbaycanda «insan haqlarının pozulduğundan», «mətbuat və söz azadlığının məhdudlaşdırıldığından», «hüquq müdafiəçilərinin günahsız həbs edildiyindən» ağızdolusu yazırdılar. Bəzi ölkələrin mətbu orqanları da onlarla ağız-ağıza vermişdi. Qarşı tərəfi də dinləmək, tənqid olunan tərəfə söz vermək barədəki demokratik prinsipə əməl etmək barədə düşünən yox idi!».

Qəzet Türkiyənin də daim oxşar vəziyyətlə üzləşdiyini bildirir: «Saxta «erməni soyqırımı» iddiaları, İŞİD və PKK terroru ilə mübarizədə çox hallarda həqiqətlə səslənməyən, ölkədə sabitliyin pozulmasına yönələn informasiyalar yayırlar. Digər türkdilli dövlətlərə qarşı da eyni münasibət sərgilənir».

«Azərbaycan» sonda bildirir: «Qərb mediası ikili standartlardan əl çəkmədiyi üçün ən real və səmərəli çıxış yolu Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasıdır».

XS
SM
MD
LG