Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:39

Burada satıcılar müştəri görəndə gülür


Sədərək bazarı
Sədərək bazarı

Son günlər Çin yuanının, Türkiyə lirəsinin ucuzlaşması bazarda ucuzluq yaratmayıb.

- Qab- qaşıq, paltar, bir də uşaqlara oyuncaq alacağam. Orada nə qədər olmasa da, şəhərdəkindən ucuzdur...

- Düz deyirsən, o fırlanan, işıqlı top var a, şəhərdən 5 manat almışdım. Sonra gedib görürəm orda 2 manata satırlar...

Səhər-səhər Sədərək ticarət mərkəzinə gedən avtobusun sərnişinlərindən iki qadın qiymətləri müqayisə edir. Bir xeyli müzakirədən sonra bu qənaətə gəlirlər: “Ora da olmasa, biz kasıblar batarıq”.

Qadınların arxasında oturan 35-40 yaşlı kişi isə mızıldanır: “Ən çox batan bizik...” Həmin kişi mənzil başına çatanda tez-tələsik piştaxtasının arxasına keçir. Qonşu piştaxtadakı satıcı kinayə qarşışıq zarafatla deyir: “A kişi, gəl çıx də, bayaqdan müştəri əlindən tərpənmək olmur”. Yol yoldaşım başını eyni kinayə bulayır: - “Görürəm, sənin “polka”nda mal qalmayıb”...

Bakı, Sədərək bazarı
Bakı, Sədərək bazarı

BAŞQA İŞ OLSA...

Neçə illərdir buranın satıcıları qazanclarının azlığından, xərclərinin çoxluğundan şikayətlənsə də, özlərinin də dediyi kimi, şübhəli yanğınlar olsa da, bu ticarət mərkəzi hələ işləyir.

“Bir parça çörək üçün işləyirik. Başqa heç nə. Evdə də arvad deyir ki, “bu zülmü ki, sən çəkirsən, çıx”. Deyirəm, “ay rəhmətliyin qızı, başqa iş olsa, çıxaram, niyə çıxmram”. Ancaq başqa iş yoxdur, bu quyudan da çıxa bilmirəm”...

58 yaşlı Tamerlan Əliyev deyir ki, 10 il əvvəl burda özünə mağaza açanda onda da xərclər çox olub. Ancaq vəziyyət indiki kimi ağır olmayıb:

“Çünki onda müştəri var idi. Əgər bu gün səhərdən axşamacan burda oturub iki cüt ayaqqabı satsam, Allaha şükr edirəm. Onda isə belə deyildi. Alıcı çox idi. Günə azı 10 cüt ayaqqabı satırdım. Bundan başqa, Dağıstandan gələn yaxşı müştərilərim vardı, kisə-kisə mal alırdılar. Üç ildir onların da ayaqları kəsilib buralardan”...

Ticarət Mərkəzində az da olsa, müştəri gözə deyir. Validə Hümbətova İsmayıllıdan gəlib. Deyir 5-6 aydan gəlib rayondakı dükanına mal alır:

“Mal deyəndə böyük çıxır. Sabun, paltar sancağı, ucuz pal-paltar alıram. Orada rayon yeridir, alan elə də çox deyil...”

BURDA 200 MANATDIR, ŞƏHƏRDƏ 500

Çilçıraq satılan mağazaya yaxınlaşan ortayaşlı qadın cibinə uyğun mal istəyir: “Ay oğul, mənə elə “lüstr” göstər ki, gəlinin xoşuna gəlsin, oğlum təzə evə köçüb, alıb aparmalıyam”. Satıcı 100 manatdan 500 manata qədər olan çılçıraqları göstərir, məsləhətini də əsirgəmir: “Bunu al xala, türk malıdır, 200 manatdır. Sonra gedib 28-ə baxarsan, eynisindən düz 500 manata satırlar”.

Qadın 200 manatlıq yox, 100 manatlıq çılcıraq alır.

Bakı, Sədərək bazarı
Bakı, Sədərək bazarı

Ticarət mərkəzində daha çox Çin malları satılır. Türkiyə istehsalı malları müştəriyə daha yaxşı tərifləyir, keyfiyyətindən ağızdolusu danışırlar.

BƏS YUAN, LİRƏ DÜŞDÜ...

Son günlər Çinin milli valyutası yuanın 3%, Türkiyə lirəsinin isə 10%-dən çox dəyərdən düşməsi burda elə də ucuzluq yaratmayıb. Füzulu Bağırov deyir ki, 3 faizlik devalvasiya ölkələrarası ticarət münasibətlərinə təsir edə bilər:

“Dövlətin ticarəti ayrı, biz ayrı. Bir də ki, əsas alıcıdır. Alıcı olmayandan sonra 2 manatlıq malı lap 1 manat 50 qəpiyə sat. Gərək alan olsun axı”.

Kiçik sahibkarlar deyir ki, fevral devalvasiyasından sonra Binə və Sədərək bazarlarının fəaliyyəti bir neçə ay iflic oldu. Xeyli dükan bağlanıb. İyun-iyul aylarında bir az canlanma olub. İndi də ikinci devalvasiya olacağı xəbərləri satıcıları əməlli-başlı təşvişə salıb:

“Deyirlər, gözlənilir. Olsa, daha heç nə, gərək əlimizdəki malları götürüb burdan gedək”.

MƏKTƏB MALLARI DA GETMİR....

Bazar işçiləri onu da deyir ki, həmişə bu vaxtlar, yəni məktəbqabağı bazarda şıdırğı alver gedirdi. İndi isə məktəb ləvazimatlarını alan azdır:

“Bu gün-sabah məktəblər açılır. Ancaq alıcı yoxdur. Keçən il bu vaxtı belə deyildi. Hamı az qala çörək pulunu da dollara çevirib, gözləyir ki, devalvasiya olacaq, pulunu xərcləməyib saxlayır ki, sabah bahalaşacaq,” deyə məktəb çantası, kitab dəftər satılan piştaxtanın sahibi deyinir.

Günortaya yaxın da müştərilərin sayı bir az artır. Alıcıların üzü də bir az gülür.

XS
SM
MD
LG