Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 04:49

Əli Həsənovdan Avropa Parlamentinə sərt cavab


Əli Həsənov
Əli Həsənov

-

«Avropa Parlamenti artıq reallıq hissini itirib və Qərbin müxtəlif dairələrinin əlində oyuncağa çevrilib».

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu fikirdədir. O, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə barədə AZƏRTAC-a açıqlama verib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi mühüm nailiyyətlər Qərbdəki bəzi islamofob, ermənipərəst dairələri qıcıqlandırır və getdikcə daha çox narahat edir:

«Əminliklə demək olar ki, Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl həmlələri, qəbul etdiyi qeyri-obyektiv və qərəzli qətnamələr də həmin dairələrin təhriki və bu struktura davamlı təzyiqinin nəticəsidir. Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin kənardan idarə olunan ayrı-ayrı fraksiyalarının fəallaşması və bu qurumun islamofob rəhbərliyinin də yaxından iştirakı ilə ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması artıq adət halı alıb. Azərbaycanda parlament seçkiləri ərəfəsində qəbul olunmuş növbəti qətnamə də bu qurumun rəhbərliyinin və oradakı məlum qrupun ölkəmizin beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq cəhdindən başqa bir şey deyil. Onlara xatırlatmaq istərdim ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil».

AZƏRBAYCANI YOX, MİQRANTLARI DÜŞÜNÜN

Əli Həsənov onu da deyib ki, şübhəli mənbələrdən daxil olan informasiyalar əsasında hazırlanmış subyektiv mülahizələr heç bir halda ciddi qəbul oluna bilməz. Bildirib ki, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən Avropa Parlamenti hərbi təcavüz nəticəsində vətəndaş qarşıdurması arenasına çevrilmiş ölkələrin milyonlarla vətəndaşının aqibətini düşünsə, daha yaxşı olar: «Bu gün onlarla ölkənin iqtisadiyyatının çökməsi və milli sərvətlərinin talan olunmasında iştirak edən, yüz minlərlə insanın öz ölkəsini tərk etmək məcburiyyətində qalmasına səbəbkar olan bəzi Qərb liderlərinə qarşı sanksiyaların tətbiqi daha məntiqli və ədalətli olardı».

Əli Həsənov bildirib ki, Azərbaycan dövləti tərəfdaşlıq əlaqələrini, bərabərhüquqlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu dəfələrlə bəyan edib və bu gün də öz mövqeyində qalır. «Lakin Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını qəbul etməyəcək, «böyük-kiçik» münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcək. Artıq bu həqiqəti anlamağın və münasibətlərin pozulmasına yönəlmiş cəhdlərdən əl çəkməyin zamanıdır»-Əli Həsənov bildirib.

Mövzu ilə əlaqədar oxu: Avropa Parlamentindən Azərbaycana görünməmiş sərt qətnamə

XS
SM
MD
LG