Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:00

İlqar Məmmədova telefon qadağası


İlqar Məmmədov.
İlqar Məmmədov.

-

REAL Hərəkatının lideri İlqar Məmmədov iki həftədir yaxınları ilə telefon əlaqəsi saxlaya bilmir. Bununla bağlı vəkil Cavad Cavadov Penitensiar Xidmətin rəisi Mədət Quliyevə, Ombudsmana və Ədliyyə Nazirliyinə müraciət edib.

Cavad Cavadov ötən həftəsonu 2 saylı Cəzaçəkmə Müəssisəsində İlqar Məmmədovla, sentyabrın 23-də isə 6 saylı Cəzaçəkmə Müəssisəsində hüquq müdafiəçisi İntiqam Əliyevlə görüşüb.

Vəkil bu görüşlər haqqında AzadlıqRadiosuna danışıb:

- Hər dəfə 2 saylı Cəzaçəkmə Müəssisəsində İlqar Məmmədovla görüşə gələndə, lüzumsuz olaraq ən azından bir saat gözləməli olurdum. Sentyabrın 18-də növbəti dəfə görüşə gələndə də iki saatdan artıq gözlədim. Nəhayət, görüşdük. Görüş zamanı İlqar Məmmədov mənə dedi ki, artıq 11 gündür ona həftədə iki dəfə telefonla zəng vurmaq qadağan edilib. Hansı ki, Cəzaların İcrası Məcəlləsinin 84.1. maddəsinə əsasən,müəyyən müddətə azadlıqdan məhrum edilən şəxslər həftədə iki dəfə, ömürlük həbs cəzası alan şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər.

– Cəzaçəkmə yerinin rəhbərliyi qadağanın səbəbi haqda nə deyir? Yəqin onlara da müraciət etmisiniz.

- Müdiriyyət İlqar Məmmədovun telefon hüququnun hansı səbəbdən alınması barədə tutarlı izah vermir. Sentyabrın 22-dək problemin aradan qaldırılmasına söz vermişdilər. Ancaq qadağa bu gün də qalır. Hamı bilir, bir müddət əvvəl cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla bağlı insident baş vermişdi. Ona görə yaxınlarına zəng vura bilməməsi narahatçılıq yaradır. Çünki müdafiə tərəfinin onunla daim ünsiyyət saxlamaq imkanı olmur. Səhhəti normaldır, ancaq bu narahatlıqlar onda kifayət qədər gərginlik yaradır.

– İnsident demişkən, İlqar Məmmədovla bağlı yenə də həmin gərginlik qalır?

- Bu məsələni hələ ki, ictimailəşdirmək istəmirik. Ancaq bildiririk ki, müəyyən narahatlıqlar qalmaqdadır.

– Siz İntiqam Əliyevin də vəkilsiniz. İntiqam bəyin saxlanma şəraiti, səhhəti necədir?

- Elə indi 6 saylı Cəzaçəkmə Müəssisəsindən - İntiqam Əliyevlə görüşdən gəlirəm. İntiqam bəyin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Ümumi durumu da, əhval-ruhiyyəsi də yaxşıdır. Hamıya salam çatdırır.

– Ölkədə baş verənləri izləyirmi, nə düşünür?

- İctimai-siyasi hadisələri izləməyə çalışır. Təbii ki, narahatdır. Ancaq nikbindir, ümid edir ki, bütün siyasi məhbuslar azad olunacaq. Ən azından həbsdə olan gənclərin azad olunmasını çox istəyir.

– Bakı İstintaq Təcridxanasında səhhətində problemlər olduğu deyilirdi.

- Bakı İstintaq Təcridxanasından fərqli olaraq, səhhəti nisbətən yaxşıdır. Çünki burda daha çox hərəkət etmək imkanı var. Hərəkət nəticəsində bədənində olan ağrıları aradan qaldırmaq mümkün olur. Oradakından daha yaxşıdır.

XS
SM
MD
LG