Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:56

Yağışa görə küçədə gecələyirlər


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«İki gündür küçədə qalırıq. Binaya girməyə qorxuruq. Biri maraqlanmır ki, bu qədər ailə niyə küçədə gecələyir?».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Mingəçevir şəhəri, «Sağ sahil» adlanan ərazidəki yarımçıq mehmanxanada məskunlaşmış köçkün ailələri deyir.

Kəlbəcər köçkünü Mahirə Bəylərovanın sözlərinə görə, iki gündür yağan şıdırğı yağış onsuz da qəzalı olan binanı daha da təhlükəli hala gətirib:

«Onsuz da biabırçı durumdaydıq. Bu tərəfdən də yağış bizi yaman yaxaladı. Səhərə qədər sel, su... Elə yıxılmışam ki, ayağa qalxa bilmirəm. Gecəylə yığışıb getmişik icra hakimiyyətinin qabağına. Heç kəs qabağa çıxmır».

«HEÇ KƏS GƏLİB SUYU ÇƏKMİR»

6 nəfərdən ibarət ailəsi ilə 19 ildir ki, mehmanxanada məskunlaşan Vahid Xələfov deyir, onlar buraya yerləşəndən mehmanxananın tikintisi yarımçıq qalıb. Binanın damını hələ uzun illər əvvəl özləri örtüblər. İndi dam örtüyündən əsər-əlamət qalmayıb:

«Desəm ki, yağış iki gündür binanın içərisinə yağır, inanmazsınız. Binanın içərisi suyla doludur. Bura yaşanası yer deyil. Heç kəs gəlib suyu çəkmir. Biz nə edəcəyimizi bilmirik».

Bina sakinləri hələ iki gecə əvvəl yorğan-döşəklərini və pal-paltarlarını binadakı mənzillərindən çıxarıblar. Mahirə Bəylərova deyir, küçədə yatırlar:

«Vallah, küçədə yatırıq. İnanmırsınız, gəlin, görün... Yorğan-döşəyimizi küçədə salmışıq. Binaya girməyə qorxuruq. Bir neçə dəfə səsimizi çıxardıq, polisi tökdülər bura. Biz deyirik «bizi buradan köçürün», bunlar üstümüzə polis gətirirlər. Guya binaya baxış keçirməyə gəlirlər. Gələndə də özlərindən çox polis işçisi olur. Adamların gözünün odunu almaq üçün polislə gəlib-gedirlər. Keçən dəfə binanın damının qəzalı olduğunu dedik. Gəldilər, 1-2 nəfər polisi çıxartdılar dama... A balam, polis mühəndisdir, fəhlədir, yoxsa dam qırlayandır?..».

VƏZİYYƏTLƏ MARAQLANIRLAR

Sakinlər deyirlər ki, oktyabrın 4 və 5-də yağmış güclü yağışdan sonra Mingəçevir rayon İcra Hakimiyyətinə gediblər. Ancaq səslərinə səs verən olmayıb.

Mingəçevir şəhər İcra Hakimiyyətindən isə «Qaynar xətt»ə bildiriblər ki, son iki gündə yağan güclü yağış «Sağ sahil» adlanan ərazidəki yarımçıq mehmanxanada məskunlaşmış köçkünlərə də narahatlıq yaradıb. Hazırda icra hakimiyyətinin nümayəndələri vəziyyətlə maraqlanırlar.

Qarabağın müxtəlif yerlərindən məcburi köçkün düşərək azı 23 ildir ki, yarımçıq mehmanxanada məskunlaşmış ailələr qəzalı binadan köçürülmələri üçün xüsusilə son 1 ildə dəfələrlə hökumətə müraciət ediblər. Onlar sonuncu dəfə bu il sentyabrın 16-da Mingəçevir şəhər İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Bundan əvvəlsə Avropa Oyunları ərəfəsində toplaşmışdılar. İcra hakimiyyətindən köçkünlərin vəziyyətini nəzarətdə saxladıqlarını bildirsələr də, köçkünlər bunu inkar edirlər. Onlar Mingəçevirdə son illərdə inşa edilmiş köçkün şəhərciklərinə köçürülmələrini istəyirlər.

XS
SM
MD
LG