Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:29

Azərbaycan vətəndaşına "xarici müxbir" demək olar?


►"Bu iş Avropa Məhkəməsinə gedərsə, bu məhdudiyyətin qanunsuz məhdudiyyət sayılacağı və ifadə azadlığına basqı kimi qiymətləndiriləcəyi şəksizdir."

“MeydanTV adı altında özünü təqdim edən qurum və “Azadlıq.org” saytı Azərbaycanda rəsmi formada fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyib."

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

AzVision.az yazır ki, XİN rəsmisi “Meydan TV” və “Azadlıq.org”un qeydiyyatdan keçmək üçün nazirliyə müraciət etmədiyini deyib.

H.Hacıyev qeyd edib ki, “BBC Azərbaycan xidməti" və onun əməkdaşları mütəmadi olaraq akkreditasiyadan keçirlər.

Bu baxımdan “Meydan TV” və “Azadlıq.org” saytlarının Azərbaycan dilində fəaliyyəti qanunsuzdur, - deyə XİN rəsmisi bildirib.

Hansısa "org" domain-li saytın Azərbaycan dilində yayımı üçün qeydiyyat tələb olunması BMT-nin “Mülki və siyasi hüquqlar” aktının 19-cu maddəsini kifayət qədər açıq pozmaqdır.

Bu günlərdə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu barədə açıqlamasında bildirmişdi ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər.

Hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli məsələ ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırır:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

– Ələsgər bəy, xarici KİV Azərbaycan dilində yayımlanması üçün Azərbaycan hökumətindən icazə almalıdırmı?

– İstənilən ölkədə, istənilən dildə yayım mümkündür. Hansısa "org" domain-li saytın Azərbaycan dilində yayımı üçün qeydiyyat tələb olunması BMT-nin “Mülki və siyasi hüquqlar” aktının 19-cu maddəsini kifayət qədər açıq pozmaqdır, çünki ifadə azadlığı hər bir ölkədə və ya hər hansı ölkəyə mənsub olmadan tanınan hüquqdur. O cümlədən də, informasiya almaq və yaymaq hüququ ifadə azadlığının tərkib hissəsidir. İkinci bir məqam odur ki, Azərbaycanda hər bir kəs informasiya almaq və yaymaq hüququna sahibdir. Bunun üçün Konstitusiyanın çox açıq hökmü var: 50-ci maddəyə görə hər kəsin informasiya əldə etmək və yaymaq hüququ var.

Buna da bax: Şura ANS-i yenə cərimələdi

– XİN akkreditasiya deyəndə konkret nəyi nəzərdə tutur?

– Akkreditasiya məsələsinə gəlincə, orda konkret nəzərdə tutulur ki, xarici KİV öz nümayəndəsini ölkəyə göndərirsə, akkreditasiyadan keçirir və üstün hüquqlar qazanır: akkreditasiyanın ənənəvi üstünlüyü bundadır ki, elə sən tədbirdə iştirak etməsən belə, press-reliz, informasiya əldə edə biləsən. Amma bu o demək deyil ki, akkreditasiyası olmayan şəxs informasiya əldə edə bilməz. Müstəqil fəaliyyət göstərən jurnalistlər dünyanın istənilən ölkəsinə öz informasiyasını ötürə bilər. Düşünmürəm ki, XİN rəsmisi öz bəyanatında Konstitusiyaya istinad vermiş olsun, çünki versəydi, belə danışmamalı idi.

– Ələsgər bəy, bəs KİV haqqında qanun necə, xarici media ilə əlaqəni dəstəkləyirmi?

– “KİV haqqında” qanunda da xarici media ilə əlaqə üçün xüsusi qaydalar var. Xarici KİV-in Azərbaycanda akkreditasiya olması o deməkdir ki, həmin media orqanı ölkədə daimi fəaliyyət göstərir. Bunu ayırmaq lazımdır, xarici KİV ölkədə daimi fəaliyyət göstərmək istəməsə, daimi işlədiyi adamlar olmasa, sadəcə, müstəqil jurnalistlərlə müqavilə bağlayıb onlardan informasiya alsa, bu zaman onun akkreditasiyadan keçməsinə ehtiyac yoxdur.

Buna da bax: Deputatını özün seç [Virtual səsvermə]

– Bu məsələdə akkreditasiya yalnız xarici jurnalistlərəmi aiddir?

– Qanunda çox aydın göstərilib: “xarici jurnalist”, yəni akkreditasiya xarici jurnalistə aiddir. Biz Azərbaycan vətəndaşına necə xarici jurnalist adı verə bilərik? Hesab edirəm ki, kimsə qanunun “xarici jurnalist” ifadəsini genişləndirib Azərbaycan jurnalistinə tətbiq edə bilməz. “Amerikanın səsi”nin ingiltərəli əməkdaşı“xarici”dir, azərbaycanlı əməkdaşı yox.

Əgər kiminsə fəaliyyətinə problem yaratmaq istəyəcəklərsə, bu açıqlamaya söykənməyə ehtiyac yoxdur.

– Ələsgər bəy, XİN-in bu açıqlamasından sonra adıçəkilən KİV-lərlə əməkdaşlıq edənlərə qarşı təzyiqlər arta bilərmi?

– Onsuz da XİN-in açıqlaması oldu-olmadı, jurnalistlərə qarşı təzyiqlər var. Əgər kiminsə fəaliyyətinə problem yaratmaq istəyəcəklərsə, bu açıqlamaya söykənməyə ehtiyac yoxdur. Yox, əgər belə bir niyyət yoxdursa, onda XİN yüz belə açıqlama versin.

– Bəs xarici KİV-lərlə əməkdaşlıq edənə “akkreditasiyan yoxdur, fəaliyyətin qanunsuzdur” deyə ittiham irəli sürə bilərlərmi? Bu zaman məhkəmə perspektivi nə ola bilər?

– Dediyim kimi, qanunda “xarici jurnalist” ifadəsi keçir, bu zaman hər hansı azərbaycanlı jurnalist təqiblə üzləşərsə, demək ki, bu, qanunsuz əməl olacaq. Azərbaycanda məhkəmələrin müstəqil qərar ehtimalının zəif olduğuna baxmayaraq, bu iş Avropa Məhkəməsinə gedərsə, bu məhdudiyyətin qanunsuz məhdudiyyət sayılacağı və ifadə azadlığına basqı kimi qiymətləndiriləcəyi şəksizdir.

XS
SM
MD
LG