Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:36

Parlament seçkilərinə dair «Aralıq Hesabat» yayılıb


Bakıda seçkilər-2008
Bakıda seçkilər-2008

-

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) bu il keçiriləcək parlament seçkiləri barədə Aralıq Hesabatını yayıb.

İnstitutun rəhbəri Akif Qurbanov AzadlıqRadiosuna bildirib ki, seçkiöncəsi vəziyyətə dair hesabatda ölkədə siyasi hüquqlar və fəaliyyət azadlıqlarının ciddi şəkildə məhdudlaşdırılmasına diqqət çəkilir. Hesabatda siyasi rəqiblərə təqib və təzyiqlər, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif təşkilatların təzyiq siyasətinin hədəfinə çevrilməsi də öz əksini tapıb.

QEYDIYYAT PROBLEMLƏRİ DAHA DA DƏRİNLƏŞİB

Hesabatda qeyd edilir ki, texniki təşkilatçılıq təkmilləşdirilsə də, demokratik seçki mühitinin yaradılmasında ciddi çətinliklər var. Özəlliklə seçki komissiyalarının tərkibinə diqqət çəkilir: «Təcrübədə bu format hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki administrasiyasının tərəfsiziliyinə və qərəzsizliyinə olan etimadı sıfıra endirir».

Hesabatda mövcud siyasi mühitin ciddi problemi kimi, hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun olmaması vurğulanır: «Siyasi mühit, çağırışlara baxmayaraq, siyasi və vicdan məhbusu kimi tanınan şəxslərin həbsdən azad edilməsi, habelə söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, ictimai-siyasi fəaliyyət imkanları ilə bağlı problemlər... seçkilərin birinci mərhələsi üçün normal şəraiti təmin etməyib. Seçki Məcəlləsinə son illərdə edilmiş məhdudlaşdırıcı əlavə və dəyişikliklər ölkədə seçki təcrübəsinin təkmilləşdirilməsinə imkan yaratmayıb. Əksinə, namizədlərin qeydiyyat problemlərini daha da dərinləşdirib və 1 noyabr seçkilərində seçki komissiyalarının namizədlərin qeydiyyatından imtinası ilə bağlı qanunsuz qərarlar verməsi imkanlarını artırıb». Təxminən 46 seçki dairəsində siyasi alternativsizlik mühitinin mövcudluğu da hesabatda ayrıca qeyd edilib.

İDİ namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə baş vermiş qanun pozuntularının seçkilərin azad, ədalətli və demokratik keçiriləcəyini şübhə altına aldığını vurğulayır.

DÖVLƏT ORQANLARI UYĞUNSUZLUQLARA AYDINLIQ GƏTİRMƏYİBLƏR

Hesabatın siyasi kontekst bölümündə bildirilir ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri hazırkı dövlət başçısıdır və bu partiya 125 yerlik ölkə parlamentində 69 deputatla çoxluq təşkil edir. Parlamentdə təmsil olunan sayca ikinci böyük qrup 42 müstəqil deputatdan ibarətdir ki, onlar da, adətən, səsvermədə hakim partiyanın tərəfini tuturlar. Qalan 12 yeri on siyasi partiya tutub. Mövcud parlamentdə 5 yer hazırda boşdur. Müxalif siyasi partiyalar olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2010-cu il seçkilərində parlamentdə təmsil olunmaq imkanını itirib. 2009-cu ildə yaradılmış müxalif Respublikaçı Alternativ (ReAl) Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədovun dərhal azad edilməsi haqqında 2013-cü ilin fevralından bəri Avropa Məhkəməsinin qərarı olsa da, o, hələ də həbsdə saxlanır.

Hesabatda MSK-nın açıqladığı seçici sayı ilə Dövlət Statistika Komitəsinin rəqəmləri arasında 17 faizlik kəskin fərqə diqqət çəkilir: «Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin (9 milyon 593 min) 6 milyon 715 min 400-nün yaşı 18-i aşıb. Yəni əhalinin 70 faizi seçicidir. Ancaq MSK-nın açıqladığı rəqəmdən məlum olur ki, seçicilər əhalinin 53 faizini təşkil edir. Bununla da seçicilərin sayı ilə bağlı yuxarıda adı çəkilən orqanların açıqladığı rəqəmlərdə 17 faiz fərq ortaya çıxır. Seçkilərdə iştirak edən tərəflərin, yerli QHT-lər və media təmsilçilərinin, ATƏT/DTİHB-nin SMM-nın narahatlıqlarına baxmayaraq, həmin dövlət orqanları bu uyğunsuzluqlara aydınlıq gətirməyiblər».

MİTİNQƏ QATILMAQ İSTƏYƏNLƏRƏ SÜNİ MANEƏLƏR YARADILIR

Hesabatda bildirilir ki, 14 dairənin seçki məntəqələrində sentyabrın 26-dək seçici siyahıları vurulmadığından müşahidəçilər seçici siyahıları barədə məlumat ala bilmirlər. İDİ ölkə miqyasında sərbəst toplaşmaq azadlığının tam şəkildə məhdudlaşdırılmasına və yalnız Bakıdakı yarımqapalı «Məhsul» stadionunda müxalif partiyaların bəzən mitinq keçirməsinə imkan verildiyinə də diqqət çəkir: «Orada mitinq keçiriləndə isə həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələrinin hərəkəti əvvəlcədən məhdudlaşdırılır, mitinqə qatılmaq istəyənlərin qarşısında süni maneələr yaradılır, mitinqə gələnləri polis nümayişkaranə şəkildə videolentə alır və sonra həmin görüntülər əsasında vətəndaşlara təzyiq göstərilir».

MSK HESABATDAN XƏBƏRSİZDİR

MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli İDİ-nin yaydığı hesabatdan xəbərsiz olduğunu bildirərək, AzadlıqRadiosuna belə deyib: «Ümumiyyətlə, belə bir təşkilatın fəaliyyət göstərməsi haqda məlumatım yoxdur».

XS
SM
MD
LG