Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:04

Seçki qurtardı, şikayətlər başlayır


Namizədlərdən biri rəqibinin xeyrinə işarələnmiş topa bülletenin görüntülərini AzadlıqRadiosuna göndərib. 1 noyabr 2015
Namizədlərdən biri rəqibinin xeyrinə işarələnmiş topa bülletenin görüntülərini AzadlıqRadiosuna göndərib. 1 noyabr 2015

Seçki şikayətlərinin verilməsinə 3 gün möhlət verilir. Namizədlərin bir çoxu indi sənədləri ilə MSK-nın qapısını döyür.

- Müşahidəçilərə işləməyə imkan vermirlər,
- Seçki qutusuna topa-topa bülleten atırlar,
- Müşahidəçimi məntəqədən qovdular,
- Karusel məntəqələri başına götürüb...

Noyabrın 1-də keçirilmiş parlament seçkisində narazı namizədlərin şikayətləri əsasən bu haqdaydı.

Keçmiş namizədlər yazdıqları, dedikləri, paylaşdıqları şikayətlərini rəsmiləşdirəcəkmi? Səslərini qorumaq üçün hüquqi müstəvidə hansı addımlar atacaqlar?

Buna da bax: AŞPA müşahidəçiləri: “Demokratik seçkiyə doğru addım hesab edə bilmirik”

Tural Abbaslı
Tural Abbaslı

NAMİZƏDLƏR ŞİKAYƏTƏ HAZIRLAŞIR

21 saylı Nəsimi seçki dairəsindən namizədliyini irəli sürmüş Tural Abbaslı deyir ki, seçki günü məntəqələrdə müşahidəçilərinin başına gəlməyən qalmayıb. Gah oturmağa stul verməyiblər, gah işləməyə qoymayıblar, axırda onlardan birini – Orxan İsmayılovu məntəqədən qovublar.

Onun namizəd olduğu dairə seçki komissiyasının sədri Məhsəti Ağayeva isə AzadlıqRadiosuna deyilənlərin yalan olduğunu bildirib. Amma Tural Abbaslı şikayətləri, videogürüntüləri toplayıb MSK-ya göndərməyə hazırlaşır:

“Dünən (noyabrın 1-də-red.) gün ərzində baş verən pozuntuları, videogörüntüləri bir yerə toplamışıq. 3 gün müddətində təqdim etməliyik. Yəqin ki, sabaha (noyabrın 3-də-red.) təqdim edəcəyik. Düzü, müsbət nəticə gözləmirəm. Ola bilsin ki, Məzahir Pənahovun əlində statistika olsun deyə nəticələrə təsir göstərməyən bir-iki məntəqədə nəticələri ləğv edə bilərlər. Ancaq inanmıram ki, bu, seçkinin nəticəsinə təsir göstərə bilsin”.

Mehriban Zeynalova
Mehriban Zeynalova

32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyini irəli sürmüş Mehriban Zeynalova da deyir ki, pozuntularla bağlı əlində çoxlu sənədlər, videogürüntülər var. Ancaq o, araşdırmanın nəticəsiz qalmayacağına inanır:

“Əlimizdə olan materialları dünən (noyabrın 1-də- red.) MSK-nın elektron poçtuna göndərdik. Bu gün isə vəkil yazılı şəkildə aparıb təqdim edəcək. Nəticənin olacağına inanıram. Çalışırıq ki, bu, hay-küy, boş sözlərdən ibarət olmasın. Real baş verən pozuntuları təqdim edək. Bəzi hallarda insanlar “mən seçilmişəm” deyirlər. Biz bunu demirik. Sadəcə hüquq pozuntularını təqdim edirik. Qalanına yəqin MSK özü qərar verəcək”.

Buna da bax: Pənah Hüseyn: «Bu şikayəti təşkil edənlərə ayıb olsun ki...»

Abil Bayramov
Abil Bayramov

SEÇKİNİN NƏTİCƏSİNƏ TƏSİR GÖSTƏRMİR

Bəs, şikayətlərin araşdırılması nəticə verirmi?

Hüquqşünas, seçki məsələləri üzrə ekspert Abil Bayramov deyir ki, bu cür şikayətlər adətən seçkilərin nəticələrinə ciddi təsir eləmək imkanında olmur:

“Bəzi hallarda şikayətlər müsbət cavablandırılsa belə, həmin şikayətlər seçkini nəticələrinə təsir eləmək gücündə olmur. Bəzən isə nəticələr şikayətçi üçün mənfi olduğuna görə təsir eləmir. Yəni, hər bir halda, indiyə qədər bu şikayətlərin bütövlükdə seçkinin nəticələrinə təsir eləməsi təcrübəsinə çox nadir hallarda rast gəlinir. Bir çox hallarda konkret hansısa məntəqələrdə nəticələrin ləğvi ilə nəticələnir. Amma bütövlükdə dairədəki nəticələrə təsir eləmək gücündə deyil”.

MSK üzvü Akif Qurbanov deyir ki, namizədlərin şikayət vermək üçün 3 gün vaxtı var. Ancaq o da şikayətlərin nəticəsi olacağına ümid etmir:

“Şikayətlərin necə araşdırılması ilə bağlı ötən təcrübəyə istinad etsək, obyektiv araşdırılması əvəzinə daha çox onların təkzibi istiqamətində məlumatlar toplayıb cavab verirlər. Şikayətçi hansısa pozuntu haqqında sənəd, foto, video təqdim edirsə, dərhal həmin məntəqədə olmuş digər müşahidəçilərdən rəylər toplanır ki, “bəs o müşahidəçinin dediyi yalandır, seçki çox obyektiv və demokratik keçib”. Şikayətçi azlıqda qalır, çoxluğun rəyi əsasında guya komissiya obyektiv qərar çıxarır. Mən hələ ki, bu yanaşma tərzinin dəyişdiyinin şahidi olmamışam”.

Məzahir Pənahov
Məzahir Pənahov

MƏZAHİR PƏNAHOV DA EYNİ ŞEYİ DEYİR

MSK sədri Məzahir Pənahov noyabrın 2-də keçirdiyi mətbuat konfransında deyib ki, bu gün rəhbərlik etdiyi quruma cəmi bir şikayət daxil olub. MSK sədri bildirib ki, əgər şikayətlər əsaslı olarsa, məntəqələrdə seçkinin nəticələri ləğv edilə bilər:

“Ləğv edilən seçki məntəqələrinin sayı kifayət qədər olduqda, seçki dairəsinin nəticələri ləğv olunacaq. Ancaq bununla demək istəmirəm ki, belə hal gözlənilir. Biz aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyıq, əməyimizin nəticəsini görürük”.

XS
SM
MD
LG