Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:05

«Qüdrətli neftçi əlləri» niyə unudulub?


«Qüdrətli neftçi əlləri» abidəsi
«Qüdrətli neftçi əlləri» abidəsi

►Bütün hallarda İNSANdan söhbət gedir. İnsan olan yerdə həssaslıq-duyarlılıq, təbii ki, ön plana çıxmalıdır. Bəs niyə çıxmır?

Aysel Babayeva

«Qüdrətli neftçi əlləri» niyə unudulub?

Dekabrın 4-də «Günəşli» neft yatağında baş vermiş partlayışda həyatını itirənlərin faciəsi çoxlarını sarsıtdı. Azərbaycanın neft hasilatı tarixində görünməmiş qəza dərin kədər və hüzn doğurdu. Bakı Bulvarında sıralanan və dənizə atılan qərənfillər də bunun bir ifadəsidir. Bütün bunlar təbii suala da yol açır: Belə faciələri əbədiləşdirmək lazımmı? Axı söhbət «qara qızıl»la yanaşı, «qara və qızıl» insanlardan gedir.

ABİDƏNİN AÇILIŞINA H.ƏLİYEV DƏ QATILMIŞDI

Fikrimcə, faciə qurbanlarını yad etmək üçün abidə, heykəl və ya üzərinə faciə qurbanlarının adları yazılmış lövhə və təbii ki, onların yaxınlarının və ürəyiyanan hər kəsin ziyarət edə biləcəyi uyğun bir yer olmalıdır.

Sovet dönəmində neftçilərə sayqı və sevgini ifadə etmək və Azərbaycanın neft ölkəsi olduğunu vurğulamaq üçün abidə ucaldılmışdı. İndi ona unudulmuş abidə də demək olar. Vaxtilə xalq arasında «Damcı» deyə tanınan, müəlliflərinsə «Qüdrətli neftçi əlləri» adlandırdığı abidədən söhbət gedir.

Xalq rəssamı Siruz Mirzəzadə, Arif Məhərrəmov və Rəşid Heydərzadənin müəllifi olduğu «Qüdrətli neftçi əlləri» abidəsinin açılışına (1979-cu ilin yazı) Heydər Əliyev də qatılmışdı.

Qüdrətli neftçi əlləri» abidəsinin açılışı - 1979
Qüdrətli neftçi əlləri» abidəsinin açılışı - 1979

Müəlliflərin fikrincə, neftçilərin ümumiləşdirilmiş obrazı ovcuna neft götürmüş «qüdrətli neftçi əlləri» olmalı və onun barmaqları arasından sızan bir damcı neft bu sərvətin göz bəbəyi kimi qorunduğunu, onu əhatə edən alov dilləri isə bu yerlərdə neftlə yanaşı, qazın da çıxdığını rəmzləşdirməli idi (tikinti və montaj işlərini memar Vaqif Əmikişiyev yönləndirmişdi). Abidənin çevrəsində, əsasən, sərv ağaclarından ibarət bağ da salınıbmış.

RAYON RƏHBƏRLƏRİNİN ZÖVQSÜZ GÖSTƏRİŞİ…

Paytaxt Bakının 20-ci sahə qəsəbəsində yerləşən həmin bağda bu gün (dekabrın 7-də) bir neçə uşaqlı ana gəzişir, boz rəngli evin fonunda abidə çox sönük görünür və diqqət çəkmirdi. Kimsə «Damcı»nın yanında boz rəngli ev tikib, yaxınlıqdarestoran da var. Üstəlik, rayon rəhbərlərinin göstərişi ilə smaltanın – parlaq tünd göy rəngli şüşənin səthi də boyanıb. Bu zövqsüz boya təkcə abidənin bədii amacını pozmayıb, həm də sənətkar işinə sayqısızlığı qabardıb.

Park, elə abidənin özü də baxımsız vəziyyətdədir. Yuxarıya uzanan şüşə konstruksiya sınıq-sınıqdır və bəzi kiçik hissələri qopub. Amma sənət baxımından çox maraqlı, orijinal və səmimidir. Deyim ki, elə də asan olmadı tapmaq, yanından bir neçə dəfə keçsək də tapa bilmirdik. Sonunda, şükür ki, soraqlaşıb tapdıq...» - unudulmuş abidənin axtarışına yollanan teleaparıcı, tanınmış jurnalist İlhamiyyə Rza belə deyir və danışmağa davam edir:
Məncə, ittihamlar yox, suallar verməliyik...».

Jurnalist İlhamiyyə Rza
Jurnalist İlhamiyyə Rza

- Baş verən hadisəyə mən də hami kimi üzülürəm. Hüznümüzü ifadə etmək üçün dostlardan təklif gəldi ki, sabah (dekabrın 7-də) SOCAR-in qarşısına gedib gül dəstələri qoyaq. Məncə, ora uyğun yer deyil, SOCAR insana lazımınca dəyər versəydi, demirəm qəza baş verməzdi, bundan heç kim sığortalanmayıb... amma böyük itkilərdən, zənnimcə, sığortalanmaq olardı. Belə hallara hazır olmaq gərək. Bilirsiniz, isti-isti, hamımız kimdəsə günah axtarırıq, və çox güman, günahkarlar var. Məncə, ittihamlar yox, suallar verməliyik. Əsas suallarımız da bunlar olmalıdır: hadisədən itkisiz çıxmaq mümkün idimi? Mümkün deyildisə, itkimizi minimuma endirmək üçün nələr edilməli idi? İndən belə nələr edilməli, hansı tədbirlər görülməlidir ki, bir daha belə faciə yaşamayaq?

Ümumən, hamımıza məlumdur ki, iş yerlərində təhlükəsizliyin təmin edilməsi bizdə qənaətbəxş səviyyədə deyil. Bu barədə mütəxəssislər də öz fikirlərini zaman-zaman bölüşürlər. Sadəcə, neft sahəsində çalışan xarici neft mütəxəssislərinin fikirləri ilə tanış olmaq yetər. Xarici neft şirkətlərində vəziyyət tam fərqlidir. İnsanlar həm texniki, həm də təlimatlandırma baxımından riskli situasiyalara hazırdırlar, riskin azaldılması və idarə edilməsi mexanizmlərinə bələddirlər.​

Neft Daşları
Neft Daşları

- Necə düşünürsünüz, abidə yenidən təmir edilib, son faciəni də xatırlada bilərmi?

- Sizdən yararlanıb, SOCAR rəhbərliyinə səslənirəm: neft ölkəsi deyib öyündüyümüz Azərbaycanda niyə neftçiyə bir abidə ucalmasın?! Elə bu abidəyə ikinci həyat vermək lazımdır. Səbail rayon İH-nə də aiddir müraciətim. Bu ölkə iqtisadiyyatı neft üzərində durur. Nədən neftçiyə sevgimizi ifadə edən sənət əsərləri yaradılmır? Neftçilərə aid ən gözəl mahnılar, filmlər, rəsm əsərləri məhz o bəyənmədiyimiz Sovet dönəminə məxsusdur. Elə haqqında danışdığımız abidə də 1979-cu ildə inşa edilib. İlk filmimiz olan «Neft və milyonlar səltənəti», sonra «Qara daşlar» filmi çəkilib. Sonuncu kino tariximizin ən dəyərli filmlərindəndir, gözəl aktyorlarımız çəkilib, musiqisini dahi Qara Qarayev yazıb. Tahir Salahovun neftçilərə həsr etdiyi silsilə tabloları dünya təsviri sənətinin şah əsərlərindən sayılır. Rəşid Behbudovun yaratdığı Bəxtiyar obrazı da neftçidir. Nə qədər hörmət, sevgi olub onlara. İnsanları ancaq maddiyyatla mükafatlandırmaq düzgün deyil. Onlar dəyərli olduqlarını anlamalıdırlar. Düzdür, indi neftçilərin heç maddi durumları da qənaətbəxş deyil. Bütövlükdə insana verilən dəyər artmalıdır.

Demək, bütün hallarda İNSANdan söhbət gedir. İnsan olan yerdə həssaslıq-duyarlılıq, təbii ki, ön plana çıxmalıdır. Bəs niyə çıxmır? Bəlkə son faciə də həmin suala cavabsızlıqdan qaynaqlanır?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG