Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:27

BMT Azərbaycanı işgəncələrə görə tənqid edir


BMT
BMT

-

Azərbaycan hökuməti son bir neçə ildə təcridxanalarda yüzlərlə işgəncə iddiasına baxmayaraq, bircə işgəncə halını belə araşdırmayıb. «Human Rights Watch» insan haqları təşkilatının dekabrın 11-də yaydığı bəyanatda BMT-nin bu barədə yeni hesabatından bəhs olunur.

Hesabatda Azərbaycanın İşgəncəyə qarşı Konvensiyaya necə əməl etməsi araşdırılıb və üzə çıxıb ki, hökumət işgəncələrə dair etibarlı və davamlı iddiaları yoxlamayıb. Hesabat Azərbaycan hökumətini ədalətsizcəsinə həbs olunmuş insan haqları müdafiəçilərini azadlığa buraxmağa çağırır.

BİRCƏ ŞƏXS DƏ CƏZALANDIRILMAYIB

BMT-nin İşgəncələrə qarşı Komitəsi bu il noyabrın 11-13-də Azərbaycanda işgəncə və pis rəftar hallarını müzakirə edib, dekabrın 9-da isə nəticələri dərc edib. Elə həmin gün Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunus azadlığa buraxılıb.

«Hökumət insan haqları müdafiəçilərini bir-birinin ardınca həbsə atdırır, daha sonra isə onlarla pis rəftar barədə deyilənləri təkzib edir», -«Human Rights Watch»un Avropa və Orta Asiya üzrə direktoru müavini Rachel Denber deyir. «BMT-nin İşgəncələrə qarşı Komitəsi hökumətə aydın şəkildə bildirib ki, insan haqları müdafiəçilərini buraxmaq, həbsxanada pis rəftara göz yumulmasını dayandırmaq lazımdır».

Komitə son illər hüquq-mühafizə orqanlarından yüzlərlə işgəncə şikayəti ilə bağlı bircə şəxsin belə cəzalandırılmamasından narahatlığını bildirib. Komitə hesab edir ki, bu, işgəncələrin «sürətli, səmərəli və qərəzsiz» araşdırılmadığını göstərir.

PROBLEMƏ DÖZMƏYİN

Komitə həmçinin Azərbaycanın dialoq zamanı qaldırılan işgəncə və pis-rəftar iddialarını əsassız saymasından narahatlığını ifadə edib. Komitə Azərbaycanı «davamlı işgəncə və cəzasızlıq probleminə dözümlü yanaşma»ya son qoymağa çağırıb.

Hesabatda Leyla və Arif Yunuslar, İlqar Məmmədov, İntiqam Əliyev, NİDA-çılarla həbsdə pis rəftar, eləcə də onların qanunsuz həbsindən dərin narahatlıq bildirilir.

BMT komitəsi məhbusun öz seçimi ilə vəkillə təmin olunmaması, məhkəmələrin və vəkillərin müstəqil olmaması, insan haqları işlərinə çıxan bəzi vəkillərin Vəkillər Kollegiyasından qovulması məsələlərinə də toxunub.

Müsbət addımlar kimi məhbusların hüquqları, məişət zorakılığı, məhbuslara tibbi və psixoloji yardım göstərilməsi barədə qanunların qəbulu qeyd olunub.

XS
SM
MD
LG