Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:53

Şaxta babanın da unutduğu ailə …


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bu il də bayramları qazanımız qaynamadı. Gələn ilə yenə kasıbçılıqla gedirik. Uşaqlara yenə bayram süfrəsi aça bilməyəcəyəm».

Siyəzənin Böyük Həmyə kəndində yaşayan Sevinc Allahverdiyeva AzadlıqRadiosunun «Qaynar xətt»inə təkbaşına idarə etməyə çalışdığı ailənin çətinliklərindən danışır.

33 yaşlı qadının həyat yoldaşı 3 il əvvəl vəfat edib. 3 azyaşlı uşağın qayğıları onun çiyinlərinə düşüb. O, yerli bələdiyyədən, icra hakimiyyətindən kömək istəyir:

«Evimin döşəməsi yoxdur, tavanı isə başımıza çökür. Uşaqların hərəsi bir cür xəstəlik tapıb. Onları atasız, təkbaşına böyüdürəm. Nə dövlət yardımı var, nə də aliment. Qonşuların hesabına həyatdayıq. Döşəməsiz, istiliksiz, susuz, işıqsız yerdə qalırıq. Uşaqlarımın ayaqları tutulub, ciyərləri, böyrəkləri sıradan çıxıb».

«DEYİRLƏR İXTİSASIM YOXDUR»

Sevinc Allahverdiyevanın sözlərincə, evin dam örtüyü sınıq-sınıqdır. İcra nümayəndəsi bələdiyyənin, bələdiyyə də icra nümayəndəsinin üstünə göndərir. Son söz də bu olur ki, kömək etməyə vəsait yoxdur. Ailə ünvanlı sosial yardım da ala bilmir. Qadının işsizliyini səbəb gətirib sənədlərini qəbul etmirlər:

«Vallah, müraciət edirəm. İcra hakimiyyətinə də gedirəm, deyirəm, «süpürgə götürüm, həyətinizi süpürüm, təki uşaqlarıma bir qarın çörək verin, onların günahı nədir ki, günlərlə ac qalırlar. Məktəbə ac-susuz gedib gəlirlər». Bəhanə gətirirlər ki, ixtisasım yoxdur».

Deyir, kənddə 2-3 varlı ailə var, süfrələrinin artığını onlara göndərirlər. O da ki, yadlarına düşəndə…

SƏNƏDLƏRİNƏ BAXIB QƏRAR VERƏCƏKLƏR

Siyəzən rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu vaxtadək Sevinc Allahverdiyeva tərəfindən hər hansı müraciət olunmayıb. İkinci tərəfdən, o, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etməlidir.

Rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildiriblər ki, Sevinc Allahverdiyeva yeni ilin ilk iş günlərində Mərkəzə müraciət etsin, sənədlərini baxışdan keçirib qərar verəcəklər.

İndiliksə Böyük Həmyədə 4 yaşlı Hikmətin, 5 yaşlı Zahirin, 9 yaşlı Əsədin, 11 yaşlı Elnurənin gözü qapıda qalıb. Bu bayramı da qurmağa yolkaları, süfrəyə qoymağa yavan çörəkləri yoxdur…

XS
SM
MD
LG