Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:44

Köçkün: Deyirlər, yaşadığım vaqonu dənizə atacaqlar…


Illüstrasiya
Illüstrasiya

►O hətta gələnlərlə əlbəyaxa da olub. Ancaq vaqonu tərk etməyib.

"Kirayə pulunu verə bilmədik, qaldığımız evdən çölə atıldıq. Bu vaqonu tapdıq. İki körpə uşaqla vaqona sığındıq. İndi də polis, icra hakimiyyətinin işçiləri gəlir ki, vaqondan çıxmasanız vaqonu sürükləyib dənizə atacağıq”.

Bunu deyən Rüsxarə Həsənova Ağdam köçkünüdür. Bakıda Naximov küçəsində bir vaqonda məskunlaşıb. Deyir, kirayə evdən çıxarıldıqdan sonra iki azyaşlı körpəsiylə axtarıb tapdığı və 600 manata aldığı sınıq-salxaq, çürük vaqonu da ona çox görürlər:

“Bu vaqonda da şərait yoxdur. Ancaq qalmağa məcburuq. Görün biz nə vəziyyətdəyik ki, bankdan pul götürürük, ona da ev ala bilmirik, vaqon- daldanacaq alırıq. Uşaqların tez-tez əl-ayaqları tutulur, küçənin o başındakı aptekə, bu başındakı ərzaq mağazasına o qədər borcumuz var ki, vaqondan çıxanda xəcalətdən bilmirəm yolumu hansı tərəfdən salım ki, sahibləri məni görməsin. Bu azmış kimi, polisi, məmuru da bir tərəfdən günümüzü qara edib”.

Buna da bax: İran Azərbaycana rəqib olur

“ÇÜRÜK VAQONUMUN QAPISINA YAXIN GƏLMƏSİNLƏR”

Rüsxarə xanım danışır ki, bir neçə dəfə onları vaqondan çölə çıxarmaq istəyiblər. Hətta gələnlərlə əlbəyaxa da olub. Ancaq vaqonu tərk etməyib. Çünki getməyə, sığınmağa başqa yeri yoxdur. Əslində Rüsxarə xanım beşcə dəqiqəyə əşyalarını toplayıb hisli-paslı vaqonu tərk etməyə hazırdır. Ancaq əvvəl gərək dövlət onu mənzillə təmin eləsin:

"Bizə toxunmasınlar. Vallah, canımızdan bezdirməsinlər. İmkan versinlər, balalarımı yaxşı-pis böyüdüb bir yerə çıxardım. Dəbdəbəli qapılarına getmirəm, mənim çürük vaqonumun qapısına yaxın gəlməsinlər”.

Rüsxarə xanımın övladlarından biri pnevmoniya xəstəliyinə tutulub. İmkansızlıqdan müalicə gecikdiyi üçün uşağın xəstəliyi dərinləşib. Heç indi də xəstə uşağın dava-dərmanını almağa pul tapmır. Yaxınlıqdakı aptekin qapısından keçməyə isə utanır. Deyir, heç əvvəllər aldığı dərmanların pulunu ödəyə bilməyib, indi nə üzlə nisyə dərman üçün qapısını döysün…

5 İL GÖZLƏMƏK

Fidan 3-cü sinifdə oxuyur, Müstəcəbin 2 yaşı olacaq. Müstəcəb vaxtında müalicə almadığı üçün tez-tez halı pisləşir, təcili yardım çağrılır. Ailənin işıqpulusunu qonşular yığışıb ödəyir.

Rüsxarə xanım Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Heydər Əliyev Fonduna və başqa qurumlara müraciət edib ki, heç olmasa, bir otaqlı mənzillə təmin olunsun. Aldığı cavablar onu məyus edib:

“Qaçqınkom” deyir, kirayədə qalanlara ev verilmir. Ya da 5 il gözlə. Yataqxanadakılar köçürülsün, sənə də növbə çatar. Ay başınıza dönüm, nəmişlikdən, soyuqdan uşağımın ciyərinə su yığılır, 5 ilə uşaqlarım əlimdən gedər… Mən bu darısqal, çürük vaqonda ölkənin gələcəyi üçün bir oğlan, bir qız böyüdürəm. Vaxtı çatanda qapını kəsdirəcəklər ki, oğlunu ver aparaq, posta qoyaq, bizi qorusun, evimizdə rahat yataq”.

Buna da bax: Quşçuluq fermalarının rəhbərlərinə cinayət işi açıldı

5 MİN MANAT RÜŞVƏT?

Rüsxarə xanım deyir, vaqonun ərazidən götürülməməsi üçün ondan 5 min manat rüşvət istənilir. O, vaqonu yerindən götürməyə gələn polis əməkdaşları tərəfindən döyüldüyünü, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, ərizəsinə baxılmadığını iddia edir.

Xətai rayon icra hakimiyyətindən bildiriblər ki, Rüsxarə Həsənova Ağdam rayonundan məcburi köçkün olduğu üçün elə Ağdam rayon icra hakimiyyətinə müraciət etməlidir ki, mənzil problemini həll etsinlər. Naximov küçəsindəki vaqon isə qanunsuzdur və götürülməlidir. İcra hakimiyyəti köçkünün rüşvətlə bağlı iddialarını təkzib edib. Bildirib ki, vaqonun götürülməsi üçün ərazidə yaşayan sakinlər də müraciət edib.

Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə bildirilib ki, hələlik yataqxanalarda və inzibati binalarda məskunlaşmış köçkünlərin zaman-zaman tikilib təhvil verilən evlərə köçürülməsi davam edir. Bu başa çatmayınca, kirayədə və fərdi yaşayış yerlərində yaşayan köçkünlərin mənzillə təmin olunması mümkün deyil.

XS
SM
MD
LG