Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:37

Büdcədən dotasiyaların azaldılması əyalətlərə nə vəd edir?


Manat
Manat

-

Azərbaycanın yalnız 8 şəhər və rayonu büdcədən dotasiya almır. Bunlar Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron və İmişli rayonlarıdır. Birdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəridir. Azərbaycanın qalan şəhər və rayonlarının hər biri isə büdcədən öz dotasiya payını alır. Təkcə Naxçıvan Muxtar Respublikası bu il büdcədən 282 milyon 350 min manat dotasiya alıb. Ümumilikdə Azərbaycan büdcəsindən 2016-cı ildə 1 milyarddan çox dotasiya ayrılması nəzərdə tutulur.

PREZİDENT DOTASİYALARIN AZALDILACAĞINA İŞARƏ VURDU...

Ancaq indi bir tərəfdən də dotasiyaların azaldılmasından söhbət gedir.

Bunu son müşavirədə prezident İlham Əliyev də açıqca dilə gətirmişdi: «Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr, bütün xərclərini bağlaya bilərlər».

Artıq oxşar fikirlər bir sıra millət vəkillərinin də dilindən səslənib.

Bəs dotasiyaların azaldılması rayonların iqtisadi vəziyyətini bir qədər də ağırlaşdırmazmı?

DOTASİYALAR AZALDILARSA…

İqtisadçı Nemət Əliyev deyir ki, indi ölkə büdcəsində böyük kəsirlər yaranıb. Onun fikrincə, hökumət elə qeyri-adekvat addımlar atır ki, onların peşəkarlığına ciddi şəkildə şübhə etməyə bilmirsən. Nemət Əliyev deyir ki, hökumət ciddi islahatlar aparmadan dotasiyaları azaldacaqsa, bu, antixalq addım olacaq:

«Dotasiyalar azaldılarsa, bu rayonların iqtisadi vəziyyətini bir qədər də ağırlaşdıracaq . İndi rayonlarda insanların az-çox natural təsərrüfatları var. Bu təsərrüfatlar zəifləyəcək. Xidmət, ticarət sahəsində istehsal düşəcək. Daxili bazarda mal təklifi azalacaq. Siz təsəvvür edin. Şəmkir kimi böyük bir rayona 30 milyon manata yaxın dotasiya ayrılıb. İndi bunun yarısı azalarsa, bu həmin rayona necə təsir edəcək? Təbii ki, pis».

Bəs iqtisadçının fikrincə, onda nə etməli?

«Ayrılan pulların mənimsənilməsinin qarşısı alınmalıdır. Monopoliya götürülməlidir. Ayrılan pullardan daha səmərəli istifadə edilməlidir».

«DAHA ÇOX İCRA HAKİMİYYƏTLƏRİ ZİYAN ÇƏKƏCƏK»

Başqa bir iqtisadçı Dünya Sakit də deyir ki, rayonlara ayrılan dotasiyalardan heç də bu vaxta qədər şəffaf istifadə edilməyib:

«Açıq demək lazımdır ki, bu pulların bir hissəsi bu vaxta qədər yeyilib. Həmin vəsaitdən səmərəli istifadə edilməyib. İndi əgər dotasiyalar azaldılarsa, bundan ən çox ziyanı da elə yerli icra hakimiyyətləri görəcək».

XS
SM
MD
LG