Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:49

Maşın bazarında nə alan var, nə satan


1991-ci il istehsallı «Mercedes-190» 4 min manata satılır
1991-ci il istehsallı «Mercedes-190» 4 min manata satılır

-

Dekabrın 21-də manatın ikinci dəfə dəyərdən düşməsindən sonra maşın bazarında durğunluq yaranıb, qiymətlər müəyyən qədər düşüb.

Avtomobil satıcıları deyir ki, əvvəllər bu cür durğunluq, əsasən, yayda olurdu. Payız-qış aylarında isə əməlli-başlı canlanma yaranırmış. Deyirlər, indi qış fəslində burada «qu desən, qulaq tutular».

«MAŞIN UCUZDUR, AMMA...»

Ehtiram adlı satıcı bazarda ən çox «Mercedes» avtomobillərinin satıldığını, onların da ucuzlaşdığını qeyd edir:

«Bütövlükdə, avtomobillərin qiyməti enib, bu da bizə sərf etmir, alıcı qıtlığı yaşanır. Təsəvvür edin, maşın həm ucuzdur, həm də alan yoxdur. Aya 2-3 maşını çətinliklə satırıq».

Zabil adlı satıcı 1998-ci il istehsalı «Mercedes-230» markalı avtomobili 7 min 500 manata satır:

«Təxminən, 4 min 600 dollar edir. Əvvəl bu qiymətə deyildi, dolların qalxmasından sonra maşınların qiyməti endi. Çünki maşın sahibləri avtomobillərini satmağa çalışırlar, alıcı isə yoxdur. Baxın, bazarda alıcıdan çox satıcı var».

Maşın bazarı
Maşın bazarı

«BANKA KREDİTİM VAR»

Ramin adlı satıcı isə 1991-ci il istehsallı «Mercedes-190»ı 4 min manata satır:

«Müştəri olarsa, ucuz da verə bilərəm. Çünki banka kreditim var, verə bilmirəm. Ehtiyacım var. Alan olsa, 3 min 500 manata da sata bilərəm. İki gündür, gəlirəm, müştəri yoxdur deyə, sata bilmirəm».

2013-cü il istehsalı «Nissan Tiida» 8 min, 2007-ci il istehsalı «Nissan X-Trail» isə 4 min 600 dollardır. Bu maşınları satanlar bazarın daimi satıcıları deyil.

Ümumiyyətlə, bazara həm avtomobil alverçiləri, həm də şəxsi maşınlarını satmaq istəyənlər gəlir. Az sayda bahalı maşınlara da rast gəlinir. 2008-ci il istehsalı «Mercedes G55» (AMG) avtomobili 23 min dollara təklif olunur. Amma bu cür bahalı maşınların ətrafında müştərilər gözə dəymir.

BAHALI MAŞINI OLAN SATMAQ İSTƏMİR

Firuz adlı satıcı deyir ki, bir səbəb ölkədəki durumun ağırlaşması, digər səbəb isə qiymətlərdəki qeyri-müəyyənlikdir:

«Bahalı maşını olan satmaq istəmir, dolların qalxmasından sonra çaşqınlıq yaranıb. Yəni, avtomobil sahibi bilmir ki, baha qiyməti aldığı maşını bir qədər ucuz satsa, ziyan edəcək, ya xeyir... Ona görə də bazarda ən çox qiyməti 10 min dollara qədər olan maşınlar satılır».

Satıcıların sözlərincə, bazara demək olar ki, ancaq özləri çıxırlar, buraya gələnlərin çoxu almağa deyil, sanki ümumi mənzərəni müşahidə etməyə gəlir.

Maşınların qiyməti enib, təxminən, 10-15 faiz
Maşınların qiyməti enib, təxminən, 10-15 faiz

BU, UCUZLAŞMA DEYİL AXI...

Alıcılar isə qiymətin bahalığından şikayət edir. Rüfət adlı alıcı deyir, əslində qiymətlər düşməyib:

«Deyirlər, guya kəskin ucuzlaşıb. Maşınların qiyməti əvvəlki vaxtlardakı qiymətlərdən elə də fərqlənmir. Dollar qalxıb, indi bu maşınlar da həmin kursa uyğunlaşdırılıb. Dollar 1 manat 5 qəpik olanda maşının qiyməti 10 min dollar idisə, indi 6 min dollar olub. Belə də olmalıdır. Deyirlər, ucuzlaşıb, bu, ucuzlaşma deyil axı. Manatla hesablasaq, eyni qiymətdir. Ucuzlaşma 300-400 manat civarındadır».

BAZAR «ÖLÜB»

Xırda ticarətlə məşğul olan Rəhman dayı söhbətimizə nöqtə qoyur: bazar «ölüb»:

«Səbəbini, yəqin ki, məndən yaxşı bilirsiniz. Mənim pulum bura gələn alıcılardan çıxır. Çay, şirniyyat, su, tum, kontur satıram. Alıcı olmayandan sonra kimə sataq?! Bir stəkan çayın qiyməti 30 qəpikdir. Çayı ən çox elə maşın satıcıları içir. Maşınların qiyməti də enib, təxminən, 10-15 faiz. Buna baxmayaraq, müştəri yoxdur. Bazar heç belə vəziyyətdə olmamışdı».

XS
SM
MD
LG