Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 06:43

"Ölmüş adamı xəstə adı ilə səhərəcən saxlayıb bizi aldatdılar"


"Ora gələnlərin niyyəti döymək olub"
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

"Ora gələnlərin niyyəti döymək olub"

►"Bu adamlara qanunda nəzərdə tutulan ən ağır cəza nədirsə, onun verilməsini istəyirəm".

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu tələblə çıxış etdi.

Məhkəmədə zərərçəkmişdən əvvəl təqsirləndirilən şəxslərin sonuncusu - Samir Mustafayev dindirildi. O bildirdi ki, onunla birlikdə mühakimə olunan digər dörd nəfərin heç birini tanımır. Onları aparıb Rasimlə görüş təyin olunan yeri göstərəndə də məqsədlərindən xəbəri olmayıb:

"Mənə Pərviz zəng eləyib dedi ki, dayısı oğlu Elşən "Bayıl market"in qarşısında bir nəfərlə görüşüb, bir məsələni aydınlaşdırmaq üçün çay içməlidir, ona həmin yeri göstərmək lazımdır. Mən də Bayılda oluram, maşınla gəldilər, təxminən 200-250 metrlik məsafə idi, piyada aparıb göstərdim. Təxminən bir dəqiqə sonra da rəhmətlik gəldi. Mən məsələni bilmədiyim üçün kənarda dayanmışdım, dava düşdü, gedib əl verib yerdən rəhmətliyi qaldırdım. Bilsəydim ki, belə söhbət olacaq, heç aparmazdım. Kim özünü oda atar?! Mən insanlığımı elədim, amma belə baxıram ki, insanlıq eləmək lazım deyilmiş..."

Buna da bax: İlham Əliyev məqalə yazıb

“MÜSTƏNTİQ YAZIB”

Samir Mustafayev deyir ki, Rasim Əliyev durub qaçandan sonra onlar da ətrafda qadınların səs-küy saldığını görüb qaçıblar. O da digər dörd nəfərlə birlikdə maşına minib, Bibiheybət məscidinə namaz qılmağa gedib.

Onun iş materiallarındakı ifadələri ilə məhkəmədə dedikləri arasında ziddiyyət olduğundan hakim onun ifadəsini elan etdi. İfadədə göstərilib ki, o, Rasim Əliyevlə Elşən İsmayılov arasında mübahisə yarandığını, onların bir-birini söydüyünü və indi də məsələni aydınlaşdırmaq üçün görüşdüklərini bilib.

Samir Mustafayev bildirdi ki, belə ifadə verməyib: "Müstəntiq ağzına gələni yazıb..."

Vəkillər, hətta məhkəmə prosesinə sədrlik edən hakim Eldar İsmayılov da təsdiqlədi ki, Samir Mustafayevin istintaqda ifadələri, hətta qrammatik səhvlərə qədər eynidir.

"Bu da o deməkdir ki, müstəntiq özü ifadələri köçürüb", - deyə vəkil bildirdi.

Buna da bax: ABŞ Azərbaycandan niyə qırıla bilməyəcək

“RASİM MƏSLƏHƏT VERMİŞDİ Kİ..”

Cavid Hüseynov
Cavid Hüseynov

Daha sonra Teyfurə Əliyeva zərərçəkmişin hüquqi varisi qismində çıxış etdi. Hadisə baş verən gün Rasimin evdə olduğunu, futbolçu Cavid Hüseynov və onun bibisi oğlu Elşən İsmayılovdan ona 6-7 dəfə zəng gəldiyini deyən zərərçəkmişin sözlərinə görə, oğlu da görüşüb çay içmək adı ilə evdən çıxıb:

"Birinci zəngdə gərgin danışırdı, amma mən onun ağzından söyüş eşitmədim. Danışandan sonra mənə izah elədi ki, “futbolçudur, bir dəfə stadionda, ikinci dəfə də jurnalistlərin qarşısında nalayiq hərəkət eləyib, mən də bu barədə yazmışam, deyəsən, xoşlarına gəlməyib”. Cavid ona demişdi ki, məqsədi təhqir etmək olmayıb, Rasim də məsləhət vermişdi ki, “mənim kimi çoxları səhv başa düşməsin deyə, bir açıqlama ver”. Sonra yenə ardıcıl zənglər gəldi. Rasim dedi ki, “indi də bibisi oğludur, məni çay içməyə çağırır”. Bunların arasında mübahisə olmuşdu, Cavid axırıncı danışığında Rasimə demişdi ki, "Elşənlə danışmışam, səndən üzr istəyəcək". Rasim evdən çıxanda soruşdum ki, “hara gedirsən, birdən aldadarlar səni?” Dedi ki, "Cavidlə kişi kimi söhbət eləmişik". Cavid şirin dilinə salıb, yerli adıyla aldadıb Rasimi evdən çıxarıb..."

Buna da bax: Əyalətlərdə 20 Yanvar siyasi çəkişmələrsiz keçmədi...

“NİYƏ DƏRHAL NEÇ NƏ ELƏMƏDİLƏR?”

Teyfurə Əliyeva oğlunun ölümündə həm də həkimləri ittiham etdi:

"Rasim xəstəxanada iki saata yaxın ortada qalıb. Təxminən bir saat sonra biz onun xəstəxanada olduğunu bilib ora çatanda heç nə eləməmişdilər, xəstəlik tarixçəsini bizim yanımızda açdılar, rentgen elədilər. Babək həkim rentgetdən sonra mənə dedi ki, "narahat olmayın, ciyəri təmizdir, qabırğalarında yerini dəyişməyən sınıqlar var". Deyəsən, biz çatana qədər xəstəxanada baxımsızlığa görə Rasim etiraz eləmişdi, buna görə gərginlik olmuşdu. Həkim Rasimə dedi ki, "gəzmə, ciyərinə maye dolar". O da cavab verdi ki, "çarpayı verin ki, uzanım da". Axşam 11-ə qədər yanında oldum, sonra evə getdim ki, yemək, geyim gətirim. O vaxta qədər jurnalistlərə müsahibə vermişdi, polisə özü zəng elədi. Evə çatanda zəng elədi ki, “Cavid meneceri ilə gəlmişdi, üzrxahlıq elədi”. Cavid orada olanda polislər gəlib, o, durub gedib. Günahı yoxdursa, niyə qaçıb? Gecə 1-ə qalmış Babək həkim zəng elədi ki, “Rasimin vəziyyəti pisləşib, əməliyyata aparmalıyıq, təcili gəlin”. Tez getdim. Reanimasiyanın qarşısında Saday həkim dedi ki, qabırğaları hər iki tərəfdən sınıb, ciyəri dağılıb, dalaq yoxdur... Babək həkim də yanında idi, ona dedim ki, “bəs niyə bunları mənə bayaq demədiniz?” Dedilər ki, “əməliyyat qurtarıb”. Dedim, “mənə zəng eləyəndə bildirdiniz ki, əməliyyata aparırıq, bu cür ağır əməliyyat yarım saata, bir saata necə qurtara bilər? Siz adam dolayırsız?” Reanimasiyaya girdim, gördüm ki, ağzı aralı, gözü açıqdı, özüm də tibb işçisiyəm, başa düşdüm ki, Rasim artıq yoxdur. Ona süni nəfəs aparatı qoşmuşdular. Rasim cərrahiyyə əməliyyatı olunmadan ölmüşdü, yalan deyirdilər. Ölmüş adamı xəstə adı ilə səhərə qədər saxlayıb bizi aldatdılar. Rasimin vəziyyəti o dərəcədə ağır idisə, niyə dərhal heç nə eləmədilər, yox, yüngül idisə, niyə öldü?"

Teyfurə Əliyeva onu da əlavə etdi ki, oğlunun ölümünə görə məsuliyyət daşıyan həkimlərin cəzalandırılması üçün prezidentə, prokurorluğa müraciət edib.

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

Məhkəmə prosesi yanvarın 26-da şahid ifadələrilə davam edəcək.

Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib. Bu cinayət işilə əlaqədar altı nəfər həbs olunub. Onlardan beşi - Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi isə ibtidai istintaqın sonunda ayrılıb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir. Yanvarın 27-də onun işi üzrə də məhkəmə başlayacaq.

XS
SM
MD
LG