Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:41

"Kulturnı" olmağı, növbəyə durmağı bacarmadıq ki, bacarmadıq


Yusif Hansen
Yusif Hansen

-

"Heç düşünmüsüz ki, bizdə niyə inkişaf yoxdur? İnanın, mən çox tez-tez düşünürəm."

Yusif Hansen

Hardadır o inkişaf?

Hər kəs nədənsə narazıdır. Gündəlik həyatımızda çoxumuz yaşayışımızı söyürük. “İnkişaf yoxdur bizdə” - deyə şikayətlənirik.

İnkişaf. Maraqlı sözdür. Bizdə o, niyə yoxdur, görəsən? Bəlkə də var. Biz görmürük.

İnkişafı görmək, onu hiss etmək üçün insan ilk növbədə özündən başlamalıdır. Səndə olmayan şeyi kənarda necə tapacaqsan ki?!

Artıq uzun onilliklər ərzində bir yerdə ilişib qalmışıq. Gedə bilmirik uzağa. Dayandığımız nöqtədən bir addım da tərpənməmişik.

Heç düşünmüsüz ki, bizdə niyə inkişaf yoxdur? İnanın, mən çox tez-tez düşünürəm.

Ölkənin gəncləri universiteti bitirməyi səbirsizliklə gözləyirlər ki, “yağlı” işə düzəlsin, ciblərini kirli pullarla doldursunlar.

Ölkənin təqaüdçülərinin böyük qismi özünü xəstəliyə vurub vaxtından çox əvvəl təqaüdə çıxıbsa. Hələ kredit götürüb özünə pensiya düzəldənlər var.

21-ci əsrdə yaşamağımıza baxmayaraq, hələ adi canlı növbədə durmağı bacarmadıqsa. Növbədə xırda şeyin üstündə saçyolduya çıxırıqsa.

Küçədə tüpürüksə, zibili qəhrəmanlıq edirmiş kimi fəxrlə yerə atırıqsa.

Tanıdığımız, tanımadığımız qadınların arxasınca dönüb baxırıqsa. Qadının bədənini müzakirə obyekti ediriksə.

İctimai nəqliyyatda gənclərdən tutmuş yaşlısına qədər özümüzü idarə edə bilmiriksə. 5 dəqiqə sıxlıqda sakit durmağı bacarmırıqsa.

Sosial şəbəkədə haqqdan, ədalətdən danışan biriləri ictimai yerlərdə özlərini idarə edə bilmir, yol hərəkəti qaydalarına riayət etmək istəmirlərsə.

Hələ ölkənin gəncləri inanclara, siyasi və ya adi fikrlərə hörmət etmək istəmirlərsə. Şərhlərdə bir-birini söhbəti tində çürütməyə çağırırlarsa.

İndi mənə deyin, zəhmət olmazsa. Bütün bunlardan sonra hansı inkişafdan söhbət gedə bilər?

Hər kəs öz cibini, mənafeyini düşündüyü cəmiyyətdə o gözlədiyimiz, ağzımızın suyunu axıdaraq haqqında danışdığımı inkişaf qapını “mən gəldim” – deyə döyərək dillənməyəcək.

Qərb filmlərindəki həyata baxaraq, sadəcə arzulamaqla inkişaf olmayacaq. Əsas məsələ Qərbin o düşüncəli insanı olmaqdır; hər şeyi stabil, dəyişməz və sığortalı etdiklərindən yalnız sevmək, sevilmək və xeyirxah işlər görməklə məşğuldurlar.

Bizim isə başımız bütün çətinliklərlə bərabər bir-birimizin qəlbini qırmaq, alçaltmaq, soymaq kimi şeylərlə doludur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG