Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 03:32

"Evi tikilmişlərin" tikdiyi evlər...


►Qiymətlər bahalanıb, ev alan yoxdur

“Təzə il girəndən hər gün gəlib soruşuram ki, iş var, ya yox. Deyirlər, “yoxdur”. Bu gün – sabah bir ay olacaq. Düz- əməlli bir söz deyən də yoxdur ki, adam işini bilsin. Əgər iş dayanıbsa, mən də çıxıb gedim rayona”.

Astaradan olan fəhlə Əzizbala Mehdiyev deyir ki, keçən ilin sonunda fəhlələr öz aralarında tikintinin dayanacağı haqqında danışırmışlar. Ancaq onlara bu haqda rəsmi məlumat verilməyib.

“Çoxunu ixtisar eləyiblər”

Avropa Oyunlarından əvvəl də Bakıda tikinti işləri dayanmışdı. Onda fəhlələr deyirdi ki, iş icraçıları şəhərdə toz-torpaq yaratmamaqdan ötrü işləri dondurublar. Sonradan işlər az-çox bərpa olunsa da, indi tikinti getməyən binalar daha çoxdur.

Vaxtilə gur tikinti gedən, metronun Xətai stansiyasının ətrafı da belədir. İş saatlarında buradakı binalarda nə bir texnika, nə də fəhlə gözə dəyir. Nizami metrosunun yaxınlığındakı başqa bir hündürmərtəbəli binanın tikintisi də neçə vaxtdır yarımçıq qalıb. Yaxınlıqdakı köşkün qarovulçusu deyir ki, o da burda işləyən fəhlə görmür.

Bakıda ən gur tikinti yeri sayılan Ağşəhər massivində də əvvəlki hay-küy yoxdur. Ancaq bəzi binalarda iş gedir. Fəhlələrdən birinə anası günortaya yemək də gətirmişdi. Fəhlələr isə deyir ki, işləri əvvəlki kimi olmasa da, yenə pis deyil.

Fəhlə Vidadi deyir ki, o, Cəlilabaddakı 6 nəfərlik ailəsini burdan aldığı məvaciblə dolandırır:

“Düzdür, maaşım elə də çox deyil. Ancaq indi hər yerdə işsizlikdir, başqa tikintilərdə işləyən tanış uşaqlar var, çoxunu ixtisar eləyiblər”.

Buna da bax: Prezident də 4 milyardlıq kredit söhbətini təkzib etdi

“İş yoxdur, gözləyirik”

Tikintidəki səssizlik haqda tikinti şirkətlərinin çoxu danışmaq istəmir. “Hələ iş yoxdur, gözləyirik” deyənlər də var. Tikinti mühəndisi Cavid Ramazanov indi çoxunun doğrudan da gözlədiyini təsdiqləyir. Belə ki, ikinci devalvasiyadan sonra tikinti materialları ikiqat bahalaşıb və indi tikmək də sərf eləmir:

“Ya gərək əvvəlkindən baha tikib satasan, ya da gözləyəsən. Çünki material bahalaşıb. Material almaq üçün gərək tikənin də əlində pul olsun. Bir də ki, indi heç ev alan da yoxdur”.

“ARAL-Qrup” tikinti şirkətinin müqavilə şöbəsindən Rauf Əmirli deyir ki, hazırda iki layihələri var. Biri yaşayış, digəri qeyri-yaşayış kompleksidir. Birincini yeni başlayıblar, ikincini bu günlərdə təhvil veriblər:

“İnşaat materialları xaricdən gəlir”

“Yaşayış kompleksinə hələ yeni başlamışıq. Materialların çoxu xaricdən gəldiyi üçün dəyəri də qalxıb. Bu da bizim yeni layihədə özünü, istər-istəməz, göstərəcək. Çünki istifadə olunan inşaat materiallarının əksəriyyəti xaricdən gəlir. Xaricdən də dollarla alındığı üçün, təbii ki, maya dəyəri yüksək olacaq. Ancaq ümid edir ki, gedişat müsbətə doğru gedəcək”.

“SNT inşaat” tikinti şirkətinin baş mühəndisi Azər Davudov deyir ki, onlar indiyə qədər dövlət sifarişi əsasında işləyiblər. İndi isə sifariş yoxdur:

“Biz dövlət tikintiləri ilə məşğul olmuşuq. Dövlət sifarişi ilə işləmişik, indi də ala bilmirik. Sifariş olunan, pul ayrılan işlər başa çatdırılıb. Ancaq indi işimiz yoxdur, işləyə bilmirik. Heç bir yeni layihə yoxdur. İşlər azaldığından bizə də iş vermirlər. Tələb tamamilə azalıb”.

Buna da bax: Qəzetlər üçün "qara kağız"

“Bu binanı baha tikib baha sata biləcəklərmi?”

Nüsrət İbrahimov
Nüsrət İbrahimov

Əmlak, tikinti bazarını araşdıran “NBA Consulting Group”un rəhbəri Nüsrət İbrahimov söyləyir ki, hazırda tikinti şirkətlərinin işi zəifləyib, yeni layihələr isə dondurulub:

“Təzə layihələr hələ ki, müvəqqəti dondurulub. Şəxsən tanıdığım tikinti şirkətlərinin sahiblərindən məlumat alıram, fəhlələrdən soruşuram. Deyək ki, əvvəl bir binada 25 nəfər işləyirdisə, indi 8 nəfər işləyir. İşin tempi zəifləyib. Bunu da maliyyə problemləri ilə əlaqələndirirlər. Tikinti şirkətləri, hələ ki, gözləmə mövqeyinə üstünlük verirlər. Hadisələrin hansı səmtə gedəcəyini gözləyirlər. Tikinti materialları bahalaşıb. Fikirləşirlər ki, bu binanı baha tikib baha sata biləcəklərmi? Gəlirləri azalıb deyə gözləməyə üstünlük verirlər”.

Şəhərdə zorən fəhləyə çevrilmiş astaralı kəndli Əzizbala Mehdiyev isə deyir ki, tikintidə işi ləğv olunsa, kəndə qayıdacaq:

“Neyləyəcəyəm, hələ ki, bilmirəm. Ən azı, yenə də limon ağaclarıma qulluq eləyərəm”.

Tikinti sektorunda durğunluq
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00

XS
SM
MD
LG