Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:39

Beynəlxalq konvensiyanın «qolunu bükən» tütün inhisarı


Siqaret
Siqaret

-

Yüz milyonlarla ABŞ dolları dəyərində biznes siqaret dumanına bürünüb. Bu biznesi eyni ünvanı paylaşan, amma sahibi qaranlıq qalan 3 şirkət idarə edir.

Sanki hansısa gözəgörünməz qüvvə bazarı tam nəzarətdə saxlamaq və tütün ticarətini daha da genişləndirmək üçün hakimiyyətin icra və qanunverici qollarına təsir göstərir. Azərbaycan 2005-ci ilin sentyabrında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) «Tütünə qarşı mübarizə haqqında» Çərçivə Konvensiyasına qoşulub. Qoşulmağına qoşulub, ancaq ölkədə tütün məmulatının dövriyyəsini tənzimləyən qanunvericilik aktları indiyədək həmin Konvensiyaya tam uyğunlaşdırmayıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2015-ci ildə yerli qanunvericiliyin Konvensiyaya uyğunluğunun müqayisəli təhlilini aparıb. Məlum olub ki, Azərbaycanda siqaret alveri üçün bir növ «vahə» qurulub. Siqaret qutusunun beynəlxalq tələblərə uyğun markalanmasından tutmuş, ta onun istehlakının məhdudlaşdırılmasınadək dövlətin atmalı olduğu addımlar, əslində, sabotaj edilir, təxribata məruz qalır.

«DİŞİ SINDIRILMIŞ» STRATEGİYA

Ötən ilin dekabrında prezident İlham Əliyevin təsdiqlədiyi «Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya»da da Konvensiyanın tələblərinə dair müddəalar səthi xarakter daşıyır.

Həmin strategiya İSİM-in tövsiyələri əsasında hazırlanıb. Di gəl, bu sənəddə «tütün mafiyası»nın dəst-xətti asanlıqla sezilir. Çərçivə konvensiyasının tələbləri strategiyada «qolu-qıçı sınmış» şəkildə əks olunub.

Strategiya sənədinin «nədən dişsiz olması» barədə AzadlıqRadiosunun sualını İSİM-də şərh etməyiblər.

Sənəddə göstərilir ki, Azərbaycanda kişilərin təxminən 50 faizi tütündən asılı durumdadır. Strategiya icra edilərsə, 2020-ci ilədək Azərbaycanda tütündən istifadə 2014-cü illə müqayisədə 10% azala bilər.

Əsas addımlarsa bunlardır: 2016-2017-ci illərdə tütün məmulatında onun sağlamlığa zərəri barədə «iri və təsiredici şəkilli» xəbərdarlıq əks etdiriləcək; ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda tütündən istifadə, tütün satışının stimullaşdırılması və sponsorluq fəaliyyəti yasaqlanacaq.

Hökumət tütün məmulatına qoyulan aksiz vergisini yaxın vaxtlarda deyil, 2020-ci ilədək artıracaq. Nəzərdə tutulan işlər, demək olar, elə bununla məhdudlaşır.

KONVENSİYANIN TƏLƏBLƏRİ VƏ AZƏRBAYCAN GERÇƏKLİYİ

Konvensiya nəzərdə tutur ki, beynəlxalq səfərlərə çıxan şəxslərə vergidən və rüsumdan azad tütün məmulatı satışı və həmin məmulatın gətirilməsi qadağan edilsin və ya heç olmasa, məhdudlaşdırılsın. Azərbaycan hava limanlarının «Duty Free»lərində isə hər cür siqaret təklif olunur. Vətəndaşlar 600 ədəd (30 qutu) siqareti Azərbaycana sərbəst (aksiz ödəmədən) keçirə bilirlər.

İSİM bütün qapalı məkanlarda tütün istehlakının qadağan edilməli olduğu qənaətindədir və bu məqsədlə beynəlxalq ekspertlərin də qatılacağı «Tütün istehlakının məhdudlaşdırılması haqqında» qanun layihəsinin hazırlanmasını təklif edib. Amma Strategiya müəllifləri yekunda bu təklifi görməzdən gəliblər. Əvəzində «Tütün və tütün məmulatı haqqında» qanunda ictimai nəqliyyatda siqaretin çəkilməsi qadağası nəzərdə tutulsa da, Strategiyada bu, qarşıda duran hədəf kimi yazılıb.

Səhiyyə Nazirliyi hələ 5 il öncə «2011-2015-i illərdə Tütünlə mübarizə üzrə Milli Strategiya layihəsi» hazırlamışdı. Amma sənəd hansısa hökumət kabinetində ilişib qalıb vəqəbul edilməyib.

Azərbaycanın «Tütün və tütün məmulatı haqqında» qanununda siqaret çəkməyin ziyanı haqqında xəbərdarlığın qutunun «yan tərəflərinin birində» yerləşdirilməsi tələb olunur. Bu, konvensiyaya uyğun gəlmir. Əslində, həmin xəbərdarlıq qutunun əsas görünən hissəsində olmalıdır.

Tütün məmulatına dair Dövlət Standartına əsasən, istehlak tarasının üzərindəki siqaret çəkməyin ziyanı haqqında xəbərdarlıq onun hər bir böyük tərəfinin sahəsinin 30 faizini tutmalıdır. İSİM bu ziddiyyətin aradan qaldırılması ilə yanaşı, xəbərdarlıq yazısının 50% və ya daha çox müəyyənləşdirilməsini istəyir.

Bir çox ölkələrdə qutunun üzərində çəkindirici vasitə olaraq «Siqaret çəkmək öldürür» yazılır. Azərbaycanda isə sovetdənqalma «Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur» sözləri yazılıb və Konvensiyanın tələblərinə zidd olaraq dəyişdirilmir.

Siqaret
Siqaret

SİQARET HƏR YERDƏ RAHAT SATILIR

Bu yaxınlarda lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısına yenidən baxıldı. İstehsal və idxal da daxil, siqaretin pərakəndə satışı da sərbəstləşdirildi. Ancaq elə bundan öncə də siqareti dükan və köşklərdən çox rahatlıqla almaq olurdu. Siqareti rəflərdə çox axtarmaq lazım gəlmir, adətən, satıcının əlinin altında yerləşdiyi üçün gözə tez çarpır. Bu isə, dolayısıyla, satışın stimullaşdırılması deməkdir. Konvensiyanın tələbinə görə, üzv dövlətlər satış məntəqələrində tütün məmulatının görünüşünə və istənilən təsvirinə tam qadağa qoymalıdır. Azərbaycanda bu tələbə, hələ ki, məhəl qoyulmur.

Adi misal: Bakı küçələrinə çıxaq. Məsələn, Aqşin və Turqay Azərbaycan Neft və Sənaye Universitetinin tələbələridir. «28 May» metro stansiyasından çıxıb yaxınlıqdakı «Press» köşkündən çətinlik çəkmədən istədikləri siqaret markasını tapıb alırlar.

«20 yaşım var. Həmişə belə görmüşəm. Tələbəyəm, siqareti dostlarla kampaniyaya qoşulmaq üçün çəkməyə başladım. İndi mən də, Turqay da vərdiş etmişik», – Aqşin belə deyir.

Satıcı da təsdiqləyir ki, indiyədək heç kimsiqaret qutularını, reklam edirmiş kimi, açıq yerləşdirməsinə irad bildirməyib.

Bəs siqaretin satışı necə aparılmalıdır? Konvensiya prinsiplərinə görə, tütün məmulatının satışını stimullaşdıran hər hansı element gözə dəyməməlidir. Siqaretin adından və qiymətindən başqa. Amma siqaret biznesindən milyonlar qazananlar buna razı olarlar?

Bir durum da diqqət çəkir. Siqaret istehsalçısı olan bəzi beynəlxalq şirkətlər Azərbaycan cəmiyyətində nüfuz qazanmağın və dolayısıyla bazara çıxış imkanlarını dərinləşdirməyin yolunu tapıblar. Onlar korporativ sosial məsuliyyət tədbiri adıyla sponsorluq fəaliyyətinə baş vururlar. Halbuki beynəlxalq normalar bunu qadağan edir.

YÜNGÜL CƏRİMƏLƏR – 5 MANAT

Azərbaycan qanunvericiliyində tütün və tütün məmulatı ilə bağlı qaydaların pozulmasına görə cəzalar 5 manatdan 100 manatadək dəyişir. Bir sıra ölkələr qanunvericiliyi sərtləşdirsə də, bu norma İnzibati Xətalar Məcəlləsində illərdir dəyişməz qalıb. Məsələn, Rusiyada azyaşlıya siqaret satılmasına görə hüquqi şəxs 100 mindən 150 min rubladək cərimələnə bilər. Azərbaycanda isəyetkinlik yaşına çatmayanlara siqaret satanlara 100 manat miqdarda cərimə nəzərdə tutulur.

Ölkə mediası yazır ki, bu il Milli Məclis yasaq yerlərdə siqaret çəkənlərə verilən cəzaları sərtləşdirən normalar qəbul edəcək. İnsanların toplaşdığı əksər yerlərdə - tədris-tərbiyə, səhiyyə-sağlamlıq, mədəniyyət obyektlərində, stadionlarda, idman zallarında, kütləvi tədbirlərin keçirildi məkanlarda, iş yerlərində, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında, bir sözlə, qapalı məkanların hamısında siqaret çəkmək yasaqlanacaq. Qadağanı pozanları 30 manat cərimə gözləyəcək.

Düzdür, cərimə təhlükəsi hər zaman olub. Amma qanunun bu normasını hansı dövlət qurumunun tətbiq edəcəyi dəqiqləşdirilmədiyindən, indiyədək kiminsə cərimələnib-cərimələnmədiyi bilinmir.

İSİM hökumətə tövsiyə edib ki, hər hansı tütün şirkətini sağlamlığa vurduğu zərərə görə məhkəməyə verib kompensasiya almaq imkanına yol açan müddəa milli qanunvericilikdə əksini tapsın. Amma bu tövsiyənin nəzərə alınıb-alınmayacağı suallı qalır.

«NO SMOKING» MÜBARİZLƏRİ

Azərbaycanda tütünlə mübarizəni hədəfləyən sayt da var - tobaccocontrol.az. Bu sayt «Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması» layihəsi çərçivəsində fəaliyyət göstərir. Onu «Blumberq Təşəbbüsü» fondu dəstəkləyir. Layihəni «Ağ Ciyər Xəstəliklərinə və Vərəmə Qarşı Beynəlxalq İttifaq» əlaqələndirir.

Saytda deyilir ki, layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Cons Hopkins Universiteti Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları Mərkəzi tərəfindən əməkdaşlıq formasında həyata keçirilir.

İcrası bu il tamamlanacaq layihə çərçivəsində Azərbaycanda Tütünlə Mübarizə üzrə İctimai Koalisiyanın qurulacağı bildirilir.

DÜŞÜK AKSİZ VƏ GÖMRÜK RÜSUMU

Azərbaycana siqaretin 99%-i Ukrayna və Rusiyadan gətirilir. Buna səbəb 1997-ci ildən qüvvədə olan və MDB ölkələrinə güzəştlər müəyyənləşdirən aksizhesablanma qaydasıdır. Həmin qaydaya görə, digər ölkələrdən gətirilən tütün məmulatı 50%-lik aksizə cəlb olunur. Halbuki ötən ilin əvvəlində - Vergi Məcəlləsinə dəyişiklik qüvvəyə minənədək MDB ölkələri üçün siqaretə qoyulan aksiz dərəcəsi onun idxal dəyərinin 12.5%-i qədər idi. 2015-ci ildən bəri siqarlara - 1000 ədədinə 10 manat; tütündən hazırlanan siqaret və onun əvəzləyicilərinə - 1000 ədədinə 4 manat, başqa sözlə hər qutuya 8 qəpik aksiz dərəcəsi tətbiq edilməyə başlandı. Yəni, aksiz siqaretin dəyərinə deyil, idxal sayına bağlandı.

Siqaret
Siqaret

Bundan kim nə qazandı? Hesablayaq. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə ölkəyə leqal şəkildə gömrük dəyəri 390 milyon ABŞ dolları olan 13 milyard 346 milyon ədəd tütün məmulatı gətirilib. Həmin il bir qutu siqaret gömrükdə orta hesabla 0.584 ABŞ dollarına rəsmiləşdirilib. Bu hesabla dövlət büdcəsinə təkcə aksiz vergisindən 48 milyon 762 min 500 ABŞ dolları ödənilməliydi. Ötən ilin yekun məlumatları hələ açıqlanmasa da, 9 aylıq məlumatlardan görünür ki, ölkənin gömrük sərhədlərini keçən 8 milyard 332.3 milyon ədəd siqaret gömrükçülər tərəfindən $223.9 milyon dəyərləndirilib. Yəni, bir qutusu orta hesabla 50.7 sentə (yarım dollardan çox). Yeni qaydaların tətbiqindən sonra həm leqal siqaret idxalı azalıb, həm də 9 ayda aksiz vergisi olaraq büdcəyə cəmi $33.3 milyon vəsait daxil olub.

ÜST-nin «Tütündən Vergitutma haqqında Texniki Bələdçisi»ndə tövsiyə edilir ki, tütün məmulatı üzərində aksiz vergisi onun pərakəndə qiymətinin, ən azı, 70%-i qədər olsun. 2015-ci ilin noyabrında, yəni hələ dekabr bahalaşmasından öncə xaricdən gətirilən 1 qutu siqaretin orta pərakəndə satış qiyməti (Dövlət Statistika Komitəsinin hesablamasına əsasən) 1 manat 67 qəpik idi və onun tərkibində aksizinmiqdarı 4.8 faiz idi (8 qəpik).

Gömrük rüsumlarında da bənzər durumla rastlaşırıq: 1000 ədəd (50 qutu) siqaretə görə dövlət büdcəsinə vur-tut 1.8 ABŞ dolları, yəni hər qutu üçün 3.6 sent ödənilir.

«QAÇAQ MAL ARTA BİLƏR»

Dövlət Gömrük Komitəsi mövcud gömrük rüsum və vergilərinin səviyyəsini normal sayır. Komitə sədri Aydın Əliyev AzadlıqRadiosuna deyib ki, artım ölkəyə qanunsuz yollarla siqaret gətirilməsinə yol aça bilər: «Bu məsələ tənzimlənərkən, qonşu ölkələrdə siqaretin qiyməti nəzərə alınmalıdır». Həmin komitənin sədr müavini Əsgər Abdullayev qurumun bir araşdırmasına əsaslanaraq deyir:

«Biz araşdırmışıq və məlum olub ki, hər gün «Sınıq körpü» Gömrük Keçid Məntəqəsindən qanunsuz yollarla Gürcüstandan Azərbaycana 200-250 blok (1 blokda 10 qutu olur –red.) siqaret keçirilir. Möhtəkirlər bu işdə qadınlardan yararlanır və hər kəsə qeyri-kommersiya məqsələri üçün 3 blok siqaretin gətirilməsi icazəsindən sui-istifadə edərək, qazanc götürməyə çalışırlar».

AZƏRBAYCANDA SİQARET RUSİYADAN BAHADIR

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə Azərbaycanda siqaretin orta satış qiyməti 13.6%, 2015-ci ildə isə təxminən 2 dəfə artıb. DSK əməkdaşlarının müayinələrinə əsasən, dekabrda 1 qutu siqaretin orta qiyməti 1 manat 87 qəpik olub. İdxal siqaretlərinin ən bahası üçünsə tütün həvəskarları 4 manat 30 qəpiklərindən keçməli olurlar.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov AzadlıqRadiosuna deyir ki, siqaret bahalanarkən, «qiymət artıbsa, siqaret çəkmə» məsləhəti daha çox səsləndi. Amma məsələ heç də siqaret çəkib-çəkməməkdə deyil. Səbəb - son zamanlar gündəmi zəbt edən monopoliyadır. Ölkəmizdə siqaret istehsalı ilə məşğul olan şirkət olsa da, xarici ticarətdəki inhisar qiymətlərin azalmasına imkan vermir.

Vüqar Bayramovun rəhbərlik etdiyi təşkilatın qiymətləndirməsinə görə, xarici ticarətdəki inhisar ləğv edilərsə, o zaman qiymətlər, orta hesabla, 60% ucuzlaşar.

27.5 QƏPİYƏ SİQARET VAR?

Rəsmi hesabatlara görə, 2015-ci ildə Azərbaycanda siqaret istehsalı 1.7 faiz azalaraq 100 milyon 760 min qutuya enib. Bir qutu siqaretin, aksiz və ƏDV xaric, satış qiyməti 27.5 qəpik olub. DSK bir il öncə yerli tütün məmulatının zavod satış qiymətinin 24.1 qəpik olduğunu göstərir. Başqa sözlə, vergilər daxil, yerli məhsulun bazara təqdim olunan rəsmi qiyməti 50 qəpiyi aşmır.

Hazırda ən ucuz yerli siqaret 1 manat 50 qəpikdir. Aradakı fərq bazarda necə bölüşdürülür – bilinmir.

Maraqlıdır ki, 2015-ci ilin 9 ayında Azərbaycandan ixrac edilən 6 milyon 168 min 500 qutu siqaretin hər qutusu da gömrükdə 25.25 sentə bəyan edilib.

Ölkədə siqaret bükülməsi ilə iki müəssisə: «European Tobacco-Baku» ASC (ETB) və «Cahan Tobacco» MMC məşğul olur. ETB hazırda öz markalarını deyil, sifariş əsasında beynəlxalq brend siqaretlərin istehsalı ilə məşğuldur. İkincinin rəsmi istehsal həcmləri çox aşağıdır, amma onun Naxçıvana siqaret idxalına da nəzarət etdiyi bildirilir.

Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə «Cahan Tobacco» (xammal və lazımi material xarici ölkələrdən gətirilməklə) 1 milyon 655 min qutu siqaret istehsal edib. Halbuki zavodun gücü ildə 1.5 milyard ədəd siqaret bükməyə imkan verir.

Rəsmi məlumatlara inansaq, yerli istehsal tütün aludələrinincəmi 13 faizinin tələbatını ödəyir.

«TÜSTULÜ ZƏHƏRİ» GƏTİRƏNLƏR

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hazırda Azərbaycana tütün məmulatını gətirmək üçün 3 şirkətin uyğunluq sertifikatının olduğunu bildirir. Bunlar «AMD Trade», IMEKS və «Krokus Ltd.» şirkətləridir. Həmin sertifikatları komitənin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təsisçisi olduğu «AzSERT» MMC təqdim edib.

Dövlət reyestr məlumatlarına görə, hər 3 idxalçının hüquqi ünvanı eynidir: Bakı şəhəri, Ələsgər Qayıbov,12. Şirkətlərdən ikisi həm də eyni ünvanda (Dərnəgül şosesi, 2136-cı məhəllə) fəaliyyət göstərir. Bununla belə, «Krokus Ltd.» bildirir ki, sözügedən şirkətlərin nə sahibliyinin, nə də menecmentinin bir-birinə bağlılığı yoxdur.

Tütün məmulatı istehsalı ilə məşğul olan beynəlxalq şirkətlərdən üçünün (B.A.T. (U.K. and Export Limited, Rimstma Ciqarettenfabriken GmbH və CTI International) Azərbaycanda nümayəndəliyi var. «Philip Morris» şirkəti uzun illər öncə bazarı tərk edib. Onun buraxdığı siqaretlərin Azərbaycana qeyri-qanuni yollarla gətirildiyi deyilir.

Xırda ticarətlə məşğul olan Daşqınının fikrincə, 10 il öncə bazarda əsl rəqabət mühiti vardı. Şirkətlər siqaret brendlərinin mağazada satılmasına əməlli-başlı bonuslar ödəyirdilər. Satış şəbəkəsini müxtəlif şirkətlər idarə edirdi. Yəni, siqaretdən çörək qazananlar çox idi. Sonralar idxalçılar distribusiya zəncirini də öz əllərinə aldılar. Beləcə, daha bir bazarda inhisar kök saldı...

XS
SM
MD
LG