Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:48

Nardaranda kompensasiya ala bilməyənlər var


Nardaran
Nardaran

-

«Nardaran qəsəbəsində yol çəkilməsi üçün qazıntı işləri gedir. Amma yeni yolların hamısının açılması haqda deyilənlər şişirdilib». Bunu AzadlıqRadiosuna Nardaran ağsaqqallarından Hacıağa Nuri deyib.

Hacıağa Nuri deyir ki, Bilgəh tərəfdən, «Ovdan» deyilən ərazidən Nardarandakı «İmam Hüseyn» meydanına qədər yol çəkilib. Qalan yollarda ancaq qazıntı işləri gedir. Kommunikasiya, qaz, işıq, su xətləri işlənilir.

H.Nuri yol çəkilən ərazilərdə əhalinin problem yaşadığını nəzərə çatdırıb: «Həmin yolda həyəti, əmlakı, evi yol çəkilişi ilə bağlı uçurulan şəxslər var. Cəmi 3-4 ailəyə kompensasiya verilib, amma qalanları pullarını ala bilmir. Kimi deyir yol idarəsi gecikdirir, kimi deyir hansısa bank yubadır. Belə sözlərlə camaatın pulu hələ ki, verilmir».

H.Nuri kəndin ətrafından postların götürüldüyünü deyir. Ancaq o qeyd edir ki, «Ovdan» tərəfdə, bir də kənddəki «Əbəlfzəl meydanı» yaxınlığında post qalır:

«Yol çəkilişi ilə bağlı avtobus kəndin içinə girə bilmir. Amma insanlar artıq avtomobillər ilə bağlara rahat gedə bilirlər, «Nardaran Piri»nə getmək məsələsində də problem yoxdur. Amma ölkənin yüksəkvəzifəli şəxslərinin kəndə gəlişini gözləyirik ki, problemlərimizi deyək»-deyə H.Nuri qeyd edib.

O, kənddə son vaxtlar həbslər aparılmadığını da nəzərə çatdırıb.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirildi. Bu əməliyyatda 2-si polis, 5-i mülki vətəndaş olmaqla 7 nəfər həlak oldu.

Terror və başqa ağır ittihamlarla günahlandırılan 68 nəfər hələ də həbsdədir. Onların arasında «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə də var.

Həmin günlər kəndin təqribən 70-ə yaxın sakini saxlanaraq inzibati qaydada həbs cəzası almışdılar. Onlar artıq sərbəst buraxılıblar. Hadisələr zamanı kəndin ətraf və girişində post-bloklar qurulmuşdu. Daha sonra dövlət başçısı Nardaranda abadlıq işləri aparılması üçün 12 milyon manat vəsait ayırdı.

XS
SM
MD
LG