Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:44

Gürcüstan Azərbaycandan necə uzaqlaşır


Gürcüstan
Gürcüstan

-

İran, Rusiya və Azərbaycan Gürcüstana qaz ixracı məsələsində üz-üzə gəlir. Təbii qazın qiyməti ucuzlaşdıqca, Xəzər dənizi təchizatçıları arasında yarışma da sürət yığır. oilprice.com saytı eurasianet.org-un məqaləsini dərc edib.

Müəllif Giorgi Lomsadze yazır ki, Xəzər hövzəsindən enerji ixracının yolayrıcında yerləşən Gürcüstan hazırda təbii qaz ixracatçılarının hədəfindədir. Tbilisi qazının 90 faizini verən Azərbaycanla razılaşmalara yenidən baxır. Qalan 10 faizini Rusiya təchiz edir. Rusiya və İranla da uyğun razılaşmalar nəzərdən keçirilir:

«Qaz təchizatı mənbələrinin diversifikasiyası Azərbaycandan, eləcə də Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropaya gedən meqa qaz ixracı kəmərindən uzaqlaşmaq deməkdir. Avropa Birliyi və Birləşmiş Ştatlar bu dəhlizə Avropanı Rusiyanın qaz asılılığından qurtaracaq vasitə kimi baxırlar».

Ancaq iş ondadır ki, Gürcüstan rəsmiləri «Gazprom»u potensial təchizatçı sayırlar. Enerji naziri Kakha Kaladze fevralın 19-da «Gazprom» təmsilçiləri ilə görüşüb. O, EurasiaNet.org saytına deyib: «Azərbaycan tərəfdaşımız və dostumuzdur, ancaq eyni zamanda Gürcüstan bazarının monopolistidir». Kaladze iddia edib ki, Bakı Gürcüstanın artan tələbini ödəmək iqtidarında deyil. Rəsmilər ölkəyə hazırda əlavə 2.5 milyon kubmetr qaz gərəkdiyini bildirirlər. Amma müəllif yazır ki, bu kiçik defisit rəsmilərin yeni razılaşmalara baş vurmasının səbəbləri barədə suallar yaradır.

Kaladze-nin sözlərinə görə, Azərbaycan ötən yaz qazın qiymətini 30 faiz qaldırandan, min kubmetrin qiyməti 318 dollara çatandan sonra Tbilisi «Gazprom»a yan alıb və «çox da rəqabətli təklif» əldə edib. Kaladze deyib ki, «Gazprom»un təklifini Bakıya bildirib və bir qiymət razılaşdırmağa çalışıb, ancaq alınmayıb. Hələlik tərəflər belə anlaşıblar ki, Azərbaycan Gürcüstana yayda az, qışda çox qaz ötürsün.

Və bu arada Tehran Gürcüstana Ermənistan ərazisindən günə 14 milyon kubmetr qaz ötürməyi təklif edib. «Gazprom» da İranın addımlarına elə bir etiraz səsləndirməyib. Hələlik etiraz yalnız gürcülərin özlərindən gəlir. Enerji məsələləri üzrə müstəqil təhlilçi Liana Jervalidze inanır ki, Gürcüstan Ermənistana qaz tranziti ölkəsi kimi qalmaqda maraqlı olmalıdır, bunun əksi baş verməməlidir.

Bu arada Azərbaycanda da İran qazı üçün tranzit rolunu oynamaq təklifləri səslənib. Hökumətyönlü «Trend» agentliyində belə bir fikir səslənib. Fevralın 17-də Tehranda səfərdə olan Kaladze bu variantın da nəzərdən keçiriləcəyini bildirib.

R.T.Erdoğan
R.T.Erdoğan

«Tbilisi daha bir variantı götür-qoy etməkdədir – Cənubi Qafqaz kəmərində payını artırmaq istəyir. Kaladze fevralın 18-də deyib ki, bu halda Gürcüstan nə İran, nə də Rusiyadan əlavə qaz alacaq», - yazıda vurğulanır.

ERDOĞAN-A GÖRƏ ARVADINI MƏHKƏMƏYƏ VERDİ

Türkiyədə ər arvadını Erdoğan-ı təhqir etdiyi üçün məhkəməyə verib. Bu barədə «Foreign Policy» yazır. Hələ ötən ay rəsmilər ölkənin 81 bölgəsindəki polis məntəqələrinə xatırlatma göndərib: Hökuməti kimsə təhqir etsə, dərhal ona qarşı hüquqi addım atın.

Ancaq bu dəfə məhkəməyə üz tutan sıravi vətəndaşdır. Hökumətyönlü «Yeni Şafak» bazar ertəsi yazıb ki, yük maşını sürücüsü arvadına qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, arvadı prezident Recep Tayyip Erdoğan-ı təhqir edib və hər dəfə o, televiziyada danışanda kanalı dəyişib.

Arvadı da ərindən boşanma qərarına gəlib və məhkəməyə müraciət edib.

40 yaşlı Ali D. qəzetə danışıb ki, arvadına dəfələrlə xəbərdarlıq edib, niyə belə davrandığını soruşub. «Ona deyirdim ki, prezidentimiz yaxşı adamdır. Türkiyə üçün yaxşı işlər görüb». Arvadı G.D. isə söyləyib ki, siyasi baxışlarına iradı varsa, məhkəməyə versin. Ali məhkəməyə arvadının söyüşlərinin səs yazısını da təqdim edib.

«Prezidenti təhqir edən atam da olsa, bağışlamaram və şikayət edərəm», - Ali deyir.

«Foreign Policy» yazır ki, Türkiyədə fəallar ölkədə söz azadlığına təzyiqlərin artıq özəl evlərdə də qorxu hissi yaratmasından narahatdırlar. Belə ki, indiyədək prezidenti təhqir ittihamıyla daha çox tələbə fəallar, jurnalistlər, müxalifət üzvləri üzləşib.

Guy Verhofstadt
Guy Verhofstadt

PUTIN-İ YERİNDƏ OTURTMAQ

«Hazırda Avropada sabitliyə altı böhran təhlükə yaradır: Suriya müharibəsinin yaratdığı regional qarışıqlıq, Britaniyanın Avropa Birliyindən mümkün çıxışı, qaçqın axını, maliyyə çətinlikləri, Rusiyanın ekspansiyası və millətçiliyin ənənəvi siyasətə dönüşü». «Project Syndicate» saytı Belçikanın keçmiş baş naziri, hazırda Avropa Parlamentinin üzvü Guy Verhofstadt-in məqaləsini dərc edib.

Müəllifin fikrincə, Rusiya prezidenti Vladimir Putin bu böhranların azı dördünü qəsdən qızışdırıb. Ukraynadakı əməlləri azmış kimi, populist və avroskeptik partiyaların dəstəyi ilə Avropa siyasətinə abstraksionizm yoluxdurub, Suriyaya hərbi müdaxilə etməklə Yaxın Şərqdə münaqişəni dərinləşdirib və sonuc olaraq, qaçqın böhranını da ağırlaşdırıb.

«AB oyanmalı və Putin-in yaratdığı təhlükə və təcavüzü önləməlidir», - yazan müəllif təklif edir ki, birincisi, Avropa hökumətləri Rusiyanın Avropada siyasi partiyalara maliyyə ayırmasını dayandırmalıdır. Gərəkərsə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən bu vəsaitin necə köçürülməsini öyrənməkdə kömək istənilə bilər. İkincisi, AB Rusiyaya daha geniş iqtisadi sanksiyalara hazırlaşmalıdır. Üçüncüsü, AB Türkiyə və regiondakı digər oyunçularla birlikdə Türkiyə-Suriya sərhədində təhlükəsiz zona yaradılmasına çalışmalıdır. Və nəhayət, sonuncusu, Avropa Putin-in dəyirmanına su tökməyi dayandırmalı, qaçqın məsələsində kollektiv yanaşma sərgiləməlidir.

XS
SM
MD
LG