Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 01:57

"Milyonları heykəllərə tökürlər, amma bu yola pul tapılmır"


Azərbaycanda kənd yolu (arxiv fotosu)
Azərbaycanda kənd yolu (arxiv fotosu)

Sakin: «Hər dəfə seçkilər yaxınlaşanda gəlib vəd edirlər ki, «məni seçin, yolunuzu abad eləyim». Milyonları parklara, heykəllərə tökürlər, ancaq bir neçə kilometrlik yolu düzəltmək üçün canlarından pul çıxmır»

«Kənddə yol, işıq, su, qaz, ictimai nəqliyyat problemi, hələ də, həllini tapmayıb. Rayon rəhbərliyi bu kəndi yerli-dibli unudub».

«İCTİMAİ NƏQLİYYAT QƏHƏTƏ ÇIXIB»

Bunu AzadlıqRadiosu-na Neftçala rayonu, Yuxarı Qaramanlı kəndinin sakinləri deyir. Onlar rayon rəhbərliyinin kəndə diqqətsizliyindən gileylənirlər.

Kənd sakini Saday Fərəcovun deməsinə görə, kəndə getmək üçün gərək Kür çayını keçəsən. Bu da sakinlərə problem yaradır:

«Çayın üzərindən vaxtı ilə körpü salınsa da, bu, sakinlərin yolunu qısaltmayıb. Vaxtı ilə ictimai nəqliyyat olan kənddə indi sakinlər 10-12 km məsafəni piyada gəlib, körpünü keçib Salyan-Neftçala magistral yoluna çıxırlar. İctimai nəqliyyat isə, demək olar ki, yerli-dibli qəhətə çıxıb».

YOLSUZLUQ
Kənd sakini Pərviz İsayevin də istəyi odur ki, rayon rəhbərliyi kəndə marşrut xətti ayırsın:

«Elə bir marşrut xətti açsınlar ki, avtobus kənd sakinlərini körpüdən magistral yola çıxara bilsın. Bu qədər acizdilər ki, kiçik bir kəndin ictimai nəqliyyat problemini də həll edə bilmirlər? Adamlar niyə kənddən rayon mərkəzinə 5 manata getməli, 5 manata da geri qayıtmalıdılar? 5 manatı olmayan da piyada getmək məcburiyyətindədir. Yayın cırhacırında gün başını deşə-deşə, qışın şaxtasında dona-dona rayon mərkəzinə azı 1 saat piyada yol gedirik».

Ancaq kəndin yolu da yoxdur. Pərviz İsayevin sözlərinə görə, uzun illərdir ki, yol probleminin həllindən ötrü qapılar döyürlər. Ancaq qurumlar bu məsələnin çözülməsini bir-birinin üzərinə atır:

«Hər dəfə seçkilər yaxınlaşanda gəlib vəd edirlər ki, «məni seçin, yolunuzu abad eləyim». Milyonları parklara, heykəllərə tökürlər, ancaq bir neçə kilometrlik yolu düzəltmək üçün canlarından pul çıxmır. Asfalt çəkməyə əlləri gəlmir, heç olmasa, çınqıl töksünlər. Uşağı məktəbə yola salanda ayağına qaloş geydiririk, təzə ayaqqabılarını isə sellofana qoyuruq, məktəbə çatanda geyinir. Məktəb də məktəb ola… Siniflər təmirsiz, buzxana... Hər sinifdə 5-10 şagird ola, ya olmaya…»

TRANSFORMATORLAR VƏ SU PROBLEMİ

Bu qədər acizdilər ki, kiçik bir kəndin ictimai nəqliyyat problemini də həll edə bilmirlər?

Kənd sakinlərini narahat edən məsələlərdən biri də transformatorların köhnəliyidir. Onların sözlərinə görə, istismar müddətini çoxdan başa vurmuş bu avadanlıqları təzələmirlər. Hər dəfə sıradan çıxanda təmir edirlər. Çürümüş və qırıq naqillər yüksək gərginliyə davam gətirmir. Tez-tez qısaqapanmalara, bu qısaqapanmalar isə yanğına çevrilir və kənddə növbəti faciəyə səbəb olur. Bir azca külək əsincə kəndin işıqları sönür.

Kənd sakini İlqar Həsənovsa kəndin su problemindən danışır. Deyir, regionların içməli suya tələbatının ödənilməsi üzrə dövlət proqramına aid olan sutəmizləyici qurğular işləmir. Həyətyanı sahələrdə yığılan qrunt suları bu torpaqları əkib-becərməyə problem yaradır:

«Bir də görürsən, sahələri su basdı. Kür çayından fontanla vurulan su çayın məcrası ilə nizamlanır. Çayın daşıb-yatması nəticəsində əkin sahələrimizi su basır. Buna səbəb odur ki, vaxt-vaxtında kollektorlar qazılmır. Sular əkin sahələrinə yığılır. Bu səbəbdən də məhsuldarlıq aşağı düşüb. Halbuki, bu kənddə hamı gözünü heyvandarlığa və əkinçiliyə dikib».

SOSİAL LAYİHƏLƏR HAZIRLANIB

Deyir, bu problem son illərdə üzə çıxıb. Əvvəllər, qrunt suları sahəni basmadığı vaxtlarda paytaxt bazarlarına xeyli göy-göyərti, tərəvəz yollayır, dolanırlarmış.

Ancaq Neftçala rayon icra hakimiyyətində düşünürlər ki, xüsusilə də son vaxtlarda Yuxarı Qaramanlı ilə bağlı xeyli sosial layihələr hazırlanıb. Bu layihələr, əsasən, qaz, su, işıq, yol problemlərini əhatə edir: «Qaz xətlərinin çəkilişi başa çatdırılacaq. Ona görə qaz verilmir ki, hələ qazlaşdırma işləri tamamlanmayıb. İşlər yarımçıq qalıb. Növbəti qışa qədər başa çatdırılacaq, bütün kənd evləri qazla təmin olunacaq. Digər problemlərin həllindən ötrü də sosial layihələr hazırlanıb. Həyata keçirmək üçün maliyyə vəsaitinə ehtiyac var. Bu məsələləri düşünürük», – icra hakimiyyətinin nümayəndəsi bildirib.

Elə Yuxarı Qaramanlı sakinləri da gözlərini aidiyyəti qurumlara, bələdiyyəyə, kənd icra nümayəndəliyinə və icra hakimiyyətinə dikiblər.

XS
SM
MD
LG