Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:43

Axundovun əlifba islahatının səbəbləri


Mirzə Fətəli Axundov (1812 –1878)
Mirzə Fətəli Axundov (1812 –1878)

-

Bu qәdәr mәktәblәr küncündә ömürlәr sәrf edib axırda yenә bisavad vә elmdәn bibәhrә qalmağımızı Mirzә әlifbamızın qüsurundan görür.

Firudin bəy Köçərli

"Mirzə Fətəli Axundov" məqaləsindən bir parça

AXUNDOV NİYƏ YENİ ƏLİFBA YARATMIŞDI?

Firudin bəy Köçərli
Firudin bəy Köçərli

Mirzә Fәtәli Axundov, demәk olur ki, müsәlmanların әvvәlinci reformatoru olubdur.

Müsәlman mәişәtinin köhnә vә çürümüş әsaslarını pozan vә İslam tәrәqqisinә mane olan qayda-qanunun dəyişdirilməsi, yenilənməsi yolunda әn әvvәl sәrfi-himmәt edәn bu zati-ali olubdur.

İyirmi sәnәdәn ziyadә Mirzә müsәlman kitablarının mütaliәsi ilә mәşğul olub, yenә onları rәvan oxumaqda özünü aciz görür. Amma rus әlifbasının vasitәsilә bir az vaxtda çox şeylәr öyrәnir vә rus hәrflәri ilә yazılmış kitabların kaffәsini asanlıqla oxuyur. Bu hal Mirzәni narahat edir vә onun diqqәtini cәlb edir.

Bu qәdәr mәktәblәr küncündә ömürlәr sәrf edib axırda yenә bisavad vә elmdәn bibәhrә qalmağımızı Mirzә әlifbamızın qüsurundan görür. Bu qüsuru dәf etmәk üçün, oxumaq vә yazmaq mәsәlәsini asanlandırmaq üçün özü tәzә bir әlifba tәrtib edir.

Bu әlifbada Mirzә nöqtәlәri götürüb, yazıda nişanı vә asarı olmayan hürufi-müsәvvәtә üçün vә hәrәkәlәr әvәzinә müәyyәn nişanlar icad edir. Bununla oxumaq vә yazmaq mәsәlәsini bir növ yüngüllәşdirir.

Çәtini dәrk edib, asanı götürmәyә cürәtimiz yoxdur.

Avam xalqın qorxusundan vә fanatik ruhanilәri ürkütmәmәkdәn ötrü Mirzә Fәtәli müsәlman hәrflәrini bilmәrrә dәyişmәyib, onların əvvəlinə vә ya axırına bәzi nişanlar qoşur, bu vәch ilә yazılmış kәlmәlәrin düzgün olunmağını qaydaya salır.

Filhәqiqә, әrәbdәn götürdüyümüz sillabi xәttdә o qәdәr qüsur vә nöqsanlar vardır ki, tәhrirә sığası vә tәqrirә gәlәsi deyil.

Ümum müsәlman tayfalarının tәrәqqidən və Avropa әhalisindәn bu qәdәr dalda qalmaqlarının böyük sәbәblәrindәn birisi dә hәmin sәadәt mayamız vә tәrәqqi yolumuz olan oxumaq vә yazmaq qaydalarımızın qüsur ilә dolu olmağıdır.

Bir әlifbanın ki, irabü hәrәkәsi, qәdri-kifafınca hürufi-müsәvvәtәsi, müәyyәn bir şәkildә hürufatı olmasın vә qәdim misirlilәrin heroqlifinә bәnzәyib, bir kәlmәnin neçә tәrzdә oxunmağına yol versin, onun bu tәrәqqi әsrindә qəbul edilməsi mümkün deyil. Tәbdil vә tәshihinә nə qədər tez çarәlәr bulunsa, bir o qәdәr dә irәli düşәrik vә sürәtlә qabağa gedәrik; dünya vә axirәt işlәrimiz qaydaya düşüb öz yolu ilә rastü rahat gedәr.

Ülumü fünundan ki, bu qәdәr bәhs edib, mәclislәrdә vә mәhfillәrdә danışırıq, qәzetә vә jurnallarda yazırıq, heç biri bizim üçün müyәssәr olmur. Hürufumuz tәbdil olduqda qilü qalsız asan vәch ilә cümlәsindәn bәhrәmәnd vә mәnfәәtbәrdar olarıq.

Avropa millәtlәri arasında tətbiq olunan əlifba dillәrdә eşidilәn bütün səsləri ən azı otuz, ən çoxu qırx әdәd hәrfin vasitәsilә әda edilir.

Firәng dilindә xәtti-alfabiti o xәttә deyilir ki, kәlmәlәr hürufi-mәqtәә vasitәsilә tәrtib olunur. Amma xәtti-sillabidә kәlmәlәr hürufi-müttәsilә vasitәsilә düzülür.

Xәtti-alfabitidә hәr bir hәrf özünә mәxsus şәkildә hәmişәlik qalır; xәtti-sillabidә bir hәrf öz mәqamına görә, neçә cürә şәklә düşür. Bizim hәrflәr kimi kәlmәnin başında bir şәkildә yazıldıqda ortasında başqa vә axırında özgә şәkildә yazılır.

Az-çox tәrbiyәli vә ağlı salamat adam әcnәbi millәtin xәtti-alfabitisi ilә tәrtib olunmuş әlifbasını üç-dörd saatın әrzindә öyrәnib oxumağa başlar. Bisavad uşaq iki ayın müddәtindә oxuyub-yazmağa qadir olur. Bir adam xәtti-alfabiti ilә yazılmış bir sәhifәni oxuya bilsә, haman xәtt ilә tәb olunmuş kitabların hamısını düz vә asan oxuya bilәr.

Amma bizim çox dәrin oxumuş mollalarımız aşina olmadığı kitabı oxumaqda aciz qalırlar. İki sәtir güc ilә oxuyub duruxurlar; eşitmәdiklәri bir sözü düz oxuya bilmirlәr.

Əlyazma
Əlyazma

Bunda tәqsir, әlbәttә, mollalarımızda deyil, tәqsir bu sillabi xәtt ilә tәrtib olunmuş әlifbamızdadır. Burada hәqiqәt gün kimi aydın vә rövşәndir.

Әqli-sәlim sahibi hәrgiz bu doğrunu inkar edә bilmәz. Amma avamlığın zoru, adәtü ayininin gücü bizim canımıza bir dәrәcәdә sirişt edibdir ki, hәqiqәti görüb, tәsdiq vә qәbul etmәkdә aciz olmuşuq; çәtini dәrk edib, asanı götürmәyә cürәtimiz yoxdur.

Hәr halda piyada atlıya vә atlı dәmir yol (vapor) ilә gedәnә vә havada uçana yoldaş olmayan kimi, biz müsәlman qövmü millәtlәri dәxi qәdimi heroqlif şәklindә düzülmüş әlifbamız ilә mәdәniyyәt alәmindә bu qәdәr sibqәt edәn vә hünәrlәr göstәrәn Avropa millәtlәrinә yoldaş deyilik vә ola da bilmәrik.

Qaynaq: F.Köçərli. Azərbaycan ədəbiyyatı. 2 cilddə. Bakı, Elm nəşriyyatı. 2-ci cild, 1981

XS
SM
MD
LG