Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:39

«Synergy Group» zərərlə işləyə-işləyə böyüyür


Synergy Group Azərbaycan
Synergy Group Azərbaycan

İyulun 2-də «Synergy Group» MMC ona daxil olan 25 şirkətin 2015-ci il üçün birləşdirilmiş maliyyə hesabatını təqdim edib. Əvvəlki illərdə olduğu kimi maliyyə-sənaye qrupu yenə də böyük zərərə uğrayıb.

Hesabata görə, il ərzində 27,7 milyon gəliri olan holdinqin zərəri 75,7 milyon manat olub. Zərərin bir hissəsi (30,4 milyon manat) birbaşa qrupun səhmdarlarına, əsas hissəsi (45,2 milyon manat) isə qrupun nəzarət etmədiyi müəssisələrə aiddir.

Ümumiyyətlə, yarandığı dövrdən (yanvar 2010-cu il) «Synergy Group»un zərərləri 100 milyon manatı haqlayıb.

Bəs belə iri məbləğli zərərlərin qarşısında qrup necə ayaqda qala bilir və hətta böyüyür? Hesabatda göstərilir ki, səhmdarlar Əşrəf Kamilov (99 faiz) və Səid Əliyev (1 faiz) indiyədək qrupa üst-üstə 298 milyon 750,8 min manat borc verib. Təkcə 2015-ci ildə səhmdarlar «Synergy Group»a 74,5 milyon yardım ediblər. Yardım bu il də davam edib və səhmdarlardan əlavə olaraq 71,7 milyon manat borc götürülüb. Şirkətlər qrupunun müəssisələrinə təkcə son bir ildə 125 milyon manatdan yuxarı sərmayə qoyulub.

Bundan başqa, əsasən «AtaBank» ASC-dən 105,6 milyon manat kredit götürülüb.

2015-ci ilin yekunlarına gəlincə, qrupa daxil olan «Caspian Development Bank» (CDP) ASC-nin verdiyi kreditlər üzrə 27,9 milyon manat ehtiyat yaradılıb. Təqribən bir o qədər də pul qrupu şirkətləri inzibati işlərə xərcləyib. Manatın dəyərdən düşməsi «Synergy Group»u 26,3 milyon manat zərərə salıb. Hesabatda belə deyilir.

İl ərzində şirkətlər qrupu 2,5 milyon manat divident qazanıb. Elə bir o qədər də vəsait dövlət büdcəsinə mənfəət vergisi şəklində ödənilib. Holdinq büdcə qarşısında digər vergilər üzrə öhdəlik və ödəmələri haqda ətraflı məlumat vermir.

Hesabatda «Synergy Group» MMC-nin 32 faiz paya sahib olduğu «Azərbaycan Global Investments» MMC-də (AGI) gedən proseslər haqda ilginc faktlar açıqlanır.

Göstərilir ki, 2014-cü ilin iyulun 9-da AGI «PSG Resort» MMC ilə Monteneqroda «Portnovi» kurort kompleksinin tikintisinə dair 400 milyon avro dəyərində müqavilə imzalayır. 2015-ci ilin oktyabrı ayının 8-də AGI «PSG Resort» MMC-ni satın alır. Ötən ilin dekabrınadək «Azmont Investments» şirkətində (bu şirkət Monteneqroda sözügedən kurort tikintisini həyata keçirən əsas operatordur) «PSG Resort» MMC-nin payı 80 faiz idi. Həmin ay şirkət SOCAR-ın «Azmont Investments» MMC-dəki 20 fazi payını da alaraq, şirkətə tam nəzarəti əlinə alır. Bunadn sonra yenidən araya AGI girir: 2015-ci il başa çatan gün o, «Azmont Investments» MMC -də təşkilati dəyişikliklər aparır və buradakı payların 99,99 faizinə son nəzarət hüququ ona keçir. Qalan 0,01 faiz səhm SOCAR-a bağlı «Saiph Holding BV» şirkətində qalır.

Qrupun SOCAR-la əlaqələri bununla bitmir. 2015-ci ildə CDP SOCAR-a 5 il müddətinə illik 6 faiz ödəmə şərtilə böyük məbləğdə kredit verib. Bankın kredit portfelinin ümumi məbləğinin 105 milyon manat olduğu, bunun 72 faizinin SOCAR-a verildiyi bildirilir.

XS
SM
MD
LG