Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:43

Ekspert: Ət, süd 20 faiz bahalaşacaq


Mal-qara
Mal-qara

«Azəri-Çıraq-Günəşli» yataqlar bloku ilə bağlı yeni saziş, mavi yanacağa ümidlər, ətin, südün və süd məhsullarının bahalaşacağı ilə bağlı gözləntilər bu gün (9 oktyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

ƏT «QIZIL QİYMƏTİ»NƏ QALXACAQ

«Exo» qəzetində «Ekspertlərdən xəbərdarlıq: Azərbaycanı ətin sıçrayışlı bahalaşması gözləyir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycan daha çox ət istehlak edən ölkələrdən biridir. Amma son illər bu qida məhsulu ölkədə bahalaşmaqdadır.

«Əhalinin gəlirlərinin azalması ilə bundan hamı istifadə edə bilmir. Üstəlik, ölkədə ət daha da bahalaşa bilər və buna səbəb pambıqdır. Belə ki, hökumət «ağ qızıl»ın inkişafı istiqamətini götürüb. Bu, bir tərəfdən yaxşıdır. Digər tərəfdən ətin qiymətinin bahalaşmasına səbəb ola bilər», - deyə ekspertlər qəzetə bildiriblər.

Ekspertlər vurğulayır ki, mal-qaranın yemləndiyi örüş yerləri texniki bitkilərin əkin yerinə çevrilib. Bəzi regionlarda heyvanların yemlənməsinə örüş qalmayıb, yem bahalaşıb:

«Təbii ki, bu hallar yaxın zamanlarda ölkədə ətin bahalanmasına səbəb olacaq. Nəzərə alsaq ki, Azərbaycanda Yeni ilə yaxın qiymətlər həmişə bahalaşır. Odur ki, bu proses sürətlənə bilər».

Ekspertlərə görə, bahalaşma təkcə ət və ət məhsulları ilə bitmir. Süd və süd məhsullarının da qiyməti artmaqdadır:

«İribuynuzlu heyvan üçün «dərz»in (ot bağlaması) biri üç dəfədən çox bahalaşıb. 1 manat 20 qəpikdən 4 manata qalxıb. Odur ki, bu amil həm ət, həm də süd və süd məhsullarını ən azı 20 faiz bahalaşdıracaq».

Yazıda bildirilməsinə görə, bəzi fermerlər yem bitkiləri əkmək istəyiblər. Amma ekspertlərin deməsinə görə, onlar bir növ pambıq əkmək zorunda qalırlar:

«Mahiyyəti etibarilə, dövlət fermerlərə pambıq əkilməsini sadəcə «sırıyıb». Bu ərazilərdə suvarma sistemi yoxdur. Odur ki, ən yaxın vaxtda ətin bahalanması gözlənilir. Pambıq əkini artdıqca, ət azalacaq və «qızıl qiyməti»nə qalxacaq».

Təbii qaz
Təbii qaz

MAVİ YANACAQDAN GÖZLƏNTİLƏR...

«Novoye Vremya» qəzetində «İndi ümid təbii qaza qalıb» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, indi ölkənin əsas ümidi qazadır. Söhbət Azərbaycan qazının Avropaya nəqlindən gedir.

Yazıda oxuyuruq:

«Dövlət Statistika Komitəsinin açıqlamalarına əsasən, bu il iyulun 1-nə məcmu istehlak və təbii qaz ehtiyatı təqribən 12 milyard kubmetr olub. Bunun 78.9 faizi hasilat, 14.5 faizi keçən illərin qalıqları və 6.6 faizi də idxal hesabına formalaşıb. Bu 12 milyard kubmetrin 43.8 faizi ölkə daxilində istehlak edilib, 37.4 faizi ixrac edilib. 14.3 faiz gələn aylara ehtiyat kimi qalıb, 4.5 faizi isə itkiyə gedib».

Yazıda bildirilir ki, ölkədə qaz itkilərinin həcmi çox böyükdür.

Müəllif vurğulayır ki, daha bir problem istehlakçıların qazpulu borclarıdır. Yazıda bildirilir ki, sadə vətəndaşlarla yanaşı, 14 nazirliyin və 12 müxtəlif büdcə təşkilatının böyük həcmdə qaz borcu var.

Müəllif qeyd edir ki, ən çox borcu olan «Azəristiliktəchizat» ASC-dir. Bu qurumun 89.5 milyon manat borcu olduğu bildirilir.

Yazıda qeyd edilir ki, ölkədə tam qazlaşdırmadan və sabit sistemə keçməkdən ötrü böyük vəsait tələb edilir. Müəllif həm bunu, həm də daxili borcları nəzərə alaraq hesab edir ki, gələcəkdə qaza böyük ümid bəsləmək yanlışlıqdır:

«Belə bir şəraitdə necə demək olar ki, qaz ölkənin gələcəyidir, bu, aydın deyil. Hələ bura müxtəlif kəmərlərə aid investisiyalar da əlavə edilməlidir. Buna görə, iqtisadiyyatın digər sahələrini gələcəkdən məhrum etməyə dəyərmi?».

Neft Daşları
Neft Daşları

«YENİ ƏSRİN MÜQAVİLƏSİ»

«Azərbaycan» qəzetində isə ««Yeni əsrin müqaviləsi» Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxmasını sürətləndirəcək» sərlövhəli yazı yer alıb

Müəllif yazır ki, müstəqillik dövrünün ilk illərində ölkə əhalisi iqtisadi və sosial sıxıntıların məngənəsində çabalayıb. Yalnız 1993-cü ildə Heydər Əliyev hakimiyyətə yenidən qayıtdıqdan və 1994-cü ildə «Əsrin müqaviləsi» imzalandıqdan sonra ölkə iqtisadi böhrandan çıxa bilib:

«Belə ki, bu müqavilədən sonra neft sənayesinə külli miqdarda xarici sərmayə qoyuldu. 1997-ci ildə həmin müqavilədən ilk dəfə ölkəyə valyuta daxil olmağa başladı».

Müəllif vurğulayır ki, neft gəlirlərindən ölkənin iqtisadi inkişafında istifadə olunub. Bunun sayəsində yeni infrastruktur yaranıb, Azərbaycan dünyanın tranzit mərkəzlərindən birinə çevrilib.

Yazıda iddia olunur ki, neft gəlirləri ölkənin neftdən asılılığına da son qoyub. Qeyri-neft sektoru inkişaf edib.

Müəllifin fikrincə, bu illər ərzində əhalinin gəlirləri də artıb.

Yazıda xatırladılır ki, bu il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri-Çıraq-Günəşli» yataqlar bloku ilə bağlı yeni saziş imzalanıb:

««Əsrin müqaviləsi» XX əsrdə böyük töhfə verdi və bəhrələri bu günə kimi davam edir. Yeni bağlanan müqavilənin isə XXI əsrdə ölkəmizin dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasında rolu böyük olacaq».

XS
SM
MD
LG