Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:34

'Panama sənədləri' haqda film çəkildi


Panama sənədləri
Panama sənədləri

Tarixdə ən böyük məlumat sızmalarından biri olan «Panama sənədləri» (Panama Papers) haqda film çəkilib. Filmin dünya premyerası Venesiya beynəlxalq kino festivalında olacaq. Film gələn ilin fevralında Oskar mükafatını almağa da iddialıdır.

Tanınmış kinorejissor Steven Soderbergh-in Netflix üçün çəkdiyi «The Laundromat» (Londramat) filmində «Panama sənədləri»ndən söz açılır. «Panama sənədləri» Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) və onun 100-dən artıq media tərəfdaşının qlobal təhqiqatının kulminasiyası sayılır. Təhqiqatın məqsədi qaçaq ofşor maliyyə bazarını ifşa etmək idi.

Qaranlıq sövdələşmələr dünyası

Soderbergh daha öncə «Erin Brokoviç» «Traffik» kimi blokbasterlərin rejissoru olub. Hər iki film Oskar mükafatına layiq görülüb. Ancaq «Traffik» filmi həm də «ən yaxşı rejissor işi» nominasiyasında qalib olub. Bu filmin ssenari müəllifi Scott Z.Burns həm də bir neçə kassa hitinin, o cümlədən «Bornun ultimatumu», «Yan təsir»«Yoluxma» filmlərinin müəllifidir.

«Londramat» filminin ssenarisi Jake Bernstein-in «Gizli dünya: Panama sənədləri, qanunsuz pullar şəbəkəsi və dünya elitası haqda araşdırma» (Secrecy World: Inside the Panama Papers Investigation of Illicit Money Networks and the Global Elite) kitabı əsasında yazılıb. İki dəfə Pulitzer mükafatına layiq görülmüş Bernstein-in özü ICIJ-in rəhbərlik etdiyi layihənin iştirakçısı olub.

Azərbaycan prezidenti Panama Papers hesabatında...
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

«Londramat» filminin premyerası sentyabrın 1-də Kann və Berlindəki festivallarla birgə «Böyük üçlük»ü təşkil edən prestijli Venesiya kinofestivalında baş tutmalıdır. Filmdə Meryl Streep, Antonio Banderas, Melissa Rauch, Gary Oldman, Sharon Stone və David Schwimmer kimi tanınmış kino ulduzları rol alıb.

Meryl Streep Ellen Martin adlı dul qadını oynayır. Arzusunda olduğu dəbdəbəli istirahət yanlış istiqamətə dönür və onu qaranlıq sövdələşmələr dünyasına çəkib aparır. Bu sövdələşmələrsə Panama Sitidə yerləşən, Jürgen Mossack (Oldman) və Ramón Fonseca-nın (Banderas) idarə etdiyi hüquq şirkəti ilə bağlıdır. Ellen Martin anlayır ki, onun kiçik çətinliyi dünya liderləri və siyasətçilərin milyonlarla ofşor maliyyə sxemləri dəryasında bir damladır.

Elen Martin-in odisseyasında «Panama sənədləri»nə sızmış hallara bənzər işlər yer alır. «Panama sənədləri» dünyanın ən zəngin və ən güclü adamları, o cümlədən cinayətkarlar, siyasi liderlər və məşhurlara bağlı gizli maliyyə şəbəkəsinin detallarını üzə çıxaran milyonlarla sənəddən ibarət idi.

«Panama sənədləri» nəylə sonuclandı

İlk sızmada bir anonim mənbədən 11.5 milyon gizli sənəd gəlmişdi. Həmin anonim mənbə Almaniyanın «Süddeutsche Zeitung» qəzetinin reportyorları Bastian Obermayer və Frederik Obermaier ilə əlaqə yaradaraq bu sənədləri ötürmüşdü.

Keçən il Panama Sənədləri ilə ölkələr silkələndi - nələr dəyişdi?
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

Obermayer və Obermaier bu sənədləri Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumuna ötürmüş, ICIJ isə öz növbəsində beynəlxalq araşdırmada əməkdaşlıq etmək üçün 400-nəfərlik reportyorlar qrupunu bir yerə toplamışdı. 2016-cı ilin aprelində bütün dünyada 100-dən artıq media qurumu eyni anda özlərinin aşkarladıqları materialları dərc etdi. O zamandan bəri sənədlərdə sözügedən şəxslərin bir çoxu ümumi məbləği 1.2 milyard dollardan artıq cərimə və vergilərə cəlb olundu, dünyanın müxtəlif yerlərində hökumət və qurumlar təhqiqatlara və uyğun addımlar atmağa başladılar.

Araşdırmaların üzə çıxardığı həqiqətlər Böyük Britaniya, Malta, İslandiya və Pakistan küçələrində nəhəng etirazlara və genişmiqyaslı qınağa yol açdı. Həm İslandiya, həm də Pakistanın liderləri istefa verməyə məcbur oldu.

Araşdırmanın və sözügedən filmin mərkəzində yer alan hüquq şirkəti – «Mossack Fonseca» o zamandan bəri bağlanıb, rəhbərləri isə çirkli pulların yuyulması ittihamı ilə həbs edilib.

Venesiya kino festivalında baş tutacaq premyeradan sonra «Londramat» gələn ayın sonunda 44-cü Toronto Beynəlxalq Film Festivalında (TIFF) göstəriləcək.

Soderbergh-in əvvəlki filmləri müxtəlif beynəlxalq kino festivallarında yetərincə isti qarşılanıb. Bu, həm də onun Oskar mükafatı laureatı olması ilə bağlıdır. Onun 1989-cu ildə çəkdiyi «Seks, yalan və video» filmi ona Kann kinofestivalının «Qızıl palma» mükafatını qazandırmışdı. Bu isə sonucda onun «ən yaxşı rejissor» kateqoriyasında Oskara namizəd göstərilməsinə yol açıb.

Netflix «Londramat» filmini bu ilin sonunda öz striminq xidmətinə buraxmağı planlaşdırır.

XS
SM
MD
LG