Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 05:56

'Gəncə işi'ndə 4 nəfər buraxıldı


Azadlığa buraxılanlar
Azadlığa buraxılanlar

Gəncə hadisələrinə görə həbs olunanlardan daha 4 nəfər - Şahin Verdiyev, Vüqar Yusifov, Emil MəmmədovElmir Hüseynzadə azadlığa buraxılıb. Onlardan üçünə şərti cəza verilib. V.Yusifovun isə həbsdə saxlandığı 1 il 2 ay 6 gün yetərli hesab edilib.

Adları çəkilən şəxslərin də daxil olduğu 8 nəfərlik daha bir qrupun mühakiməsi yekunlaşıb.

Sentyabrın 30-da Sabunçu rayon Məhkəməsinin binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri onlara hökm oxuyub. Hakim Dadaş Rzayevin sədrliyi ilə çıxarılan hökmə əsasən, digər 4 nəfərə isə 5 ildən 15 ilə qədər cəza verilib. Bəkrəm Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə HüseynovAsif Cavadovun hər biri isə 5 il azadlıqdan məhrum edilib.

Bu qrupdakı 8 nəfərə CM-in 29.120 (qəsdən adam öldürməyə cəhd), 220.1 (kütləvi iğtişaşların təşkili), 228 (qanunsuz silah saxlama) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq etmə) maddələriylə ittiham verilmişdi. İddia olunurdu ki, Gəncədə ötən il 10 iyul aksiyasında Rəşad Böyükkişiyev polis polkovniklərini qətlə yetirəndən sonra daha bir polis zabiti Samir Bayramovu da öldürməyə cəhd edib. Bu təqsirləndirilən şəxslər də ona yardım ediblər. S.Bayramov yaralansa da, onun həyatını xilas etmək mümkün olub.

«Neyləmişik biz?!»

Hökmdə təqsirləndirilən şəxslərdən 5-nin üzərindən qəsdən adam öldürməyə cəhd ittihamı götürülüb. Yalnız Bəkrəm Əliyev, Həbib Qurbanov və həbs edilərkən cəmi 15 yaşı olan Emil Məmmədovun üzərində qalıb. İddia olunur ki, Bəkrəm polisə badalaq vuraraq onun yerə yıxılmasına şərait yaradıb.

Amma B.Əliyevə qanunsuz silah saxlama ittihamıyla bəraət verilib.

Təqsirləndirilən şəxslərdən Şahin Verdiyevə 29.120-ci maddə ilə yanaşı, polisə zor tətbiq etmə ittihamıyla da bəraət verilib.

Dörd nəfərin azadlığa buraxılmasına baxmayaraq, hətta azadlığa çıxanlar da hökmdən tam razı qalmayıb. Onlar apellyasiya şikayəti verəcəklərini deyirlər.

«Bizə bütün maddələrlə bəraət verilməliydi, çünki heç bir günahımız yoxdur. Neyləmişik biz?! Kənardan nəyəsə baxmağa görə adamı həbs edib, işgəncə verərlər?», – şərti cəza ilə azadlığa çıxmış Elmir Hüseynzadə AzadlıqRadiosuna belə deyib.

Həbsdə olduğu müddətdə səhhətində problemlər yaranan və bir müddət hərəkət qabiliyyətini itirən Şahin Verdiyev də AzadlıqRadiosuna deyib ki, baş verənlər məruz qaldığı işgəncələrin nəticəsi idi: «Gec olsa da, olmalı olan oldu. Azadlıq bizim haqqımızdır. Həm sevinirik, həm də kədərlənirik. Çünki bizimlə bərabər eyni əziyyəti çəkən insanların dördü hələ də həbsdə qaldı. Biz onların haqqının bərqərar olması üçün əlimizdən gələni edəcəyik».

Xatırlatma

Bundan öncə Penitensiar Xidmət (PX) ötən il Gəncə hadisələri zamanı saxlanaraq 20 il həbs cəzası alan Eşqin Quliyevin dünən, sentyabrın 29-da ölməsi faktını təsdiqləyib. PX onun ölümünə bir sıra infeksion viruslu xəstəliklərin səbəb olduğunu bildirib.

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlamayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, habelə iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Həbs olunanlar məhkəmədə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

Hüquq-mühafizə orqanları bu iş üzrə axtarışda olan bəzi şəxslərin isə silahlı müqavimət göstərərkən zərərsizləşdirildiklərini açıqlayıb. Rəsmi qurumlar onların 5, hüquq müdafiəçiləri isə daha çox olduqlarını bildirirlər. Üstəlik, onlardan bəzilərinin yaxınları öldürülən qohumlarının həmin vaxt silahsız olduğunu iddia ediblər.

XS
SM
MD
LG